SİZİN REKLAM BURADA!
055 213 76 73


Hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, General-leytenant Vadim Şamarini həbs edib.

Bu barədə "Kommersant" nəşri məlumat verib.

Nəşrin yazdığına görə, Rusiya ordusunun baş rabitəçisi Rusiya İstintaq Komitəsinin Əsas Hərbi İstintaq İdarəsi tərəfindən ehtimal olunan fırıldaqçılıq işi ilə bağlı dindirməyə aparılıb.

21 may tarixində 235-ci qarnizon hərbi məhkəməsi Rusiya Silahlı Qüvvələrinin 58-ci qvardiya ümumqoşun ordusunun keçmiş komandanı İvan Popovu dələduzluq şübhəsi ilə həbs edib.

Son bir ay ərzində Rusiya Müdafiə nazirinin müavini Timur İvanov və hərbi idarənin kadrlar idarəsinin rəisi Yuri Kuznetsov da həbs olunublar. Hər ikisi vəzifə cinayətlərində ittiham olunur.

Vadim Şamarin 1971-ci ildə Taqanroqda anadan olub, Novoçerkassk Ali Hərbi Rabitə Komandanlığı Məktəbi və Hərbi Rabitə Akademiyasını bitirib. 1992-ci ildən etibarən uzaqdan idarəetmə radiomərkəzinin bölük komandiri, texniki hissə üzrə radiomərkəz rəisinin müavini vəzifələrində hərbi xidmətdə olub.

2021-ci ildən etibarən Rusiya Silahlı Qüvvələri Baş Rabitə İdarəsinin rəisi - Baş Qərargah rəisinin müavini vəzifəsində çalışır.

General-leytenant Vadim Şamarin II dərəcəli "Vətən qarşısında xidmətlərə görə" ordeni medalı ilə təltif olunub.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Vadim Şamarin külli miqdarda rüşvət almaqda şübhəli bilinir.

BAKU.WS