18 ştat Trampın doğumla vətəndaşlıq hüququnu ləğv edən qərarına qarşı iddia qaldırıb

18 ştat Trampın doğumla vətəndaşlıq hüququnu ləğv edən qərarına qarşı iddia qaldırıb
Dünya 139

ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimi günü imzaladığı və ölkədə doğulan uşaqlara avtomatik vətəndaşlıq hüququ verən qaydanı ləğv edən prezident fərmanına qarşı 18 Demokrat ştatın baş prokuroru məhkəməyə müraciət edib.

BAKU.WS trthaber-ə istinadən xəbər verir ki, Kaliforniya, Nyu-York və Nyu-Cersi də daxil olmaqla 18 ştatın prokurorları Trampın fərmanının Konstitusiyaya zidd olduğunu bildirərək San-Fransisko və Vaşinqton DC Federal məhkəmələrinə şikayət ərizəsi təqdim ediblər.

Məhkəməyə təqdim olunan iddia ərizəsində Tramp "möhkəm və uzun müddətdir mövcud olan bir konstitusiya prinsipini ləğv etməyə çalışmaqda" ittiham olunub və "Prezidentin konstitusiya dəyişikliyini və ya qanunla qəbul edilmiş qaydanı yenidən yazmaq və ya onu etibarsız elan etmək səlahiyyəti yoxdur" ifadəsinə yer verilib.

İddia ərizəsində ABŞ-də hər il təxminən 150 min uşağın vətəndaş olmayan iki valideyndən doğulduğu qeyd olunub. Bu fərmanın tətbiqi ilə həmin uşaqların vətəndaşlıqla təmin olunan əsas xidmətlərdən və federal fondlardan məhrum olacağı vurğulanıb.

Nyu-Cersi baş prokuroru Metyu Platkin mətbuat konfransında Trampın doğumla vətəndaşlıq hüququnu birtərəfli qaydada ləğv etmək cəhdinin Konstitusiyanın açıq şəkildə pozulması olduğunu qeyd edib:

"Bu ölkədə prezidentlərin geniş səlahiyyətləri var, lakin onlar kral deyillər."

Platkin əlavə edib:

"Ölkəmiz 150 ildən çoxdur ki, eyni əsas qaydaya əməl edir: bu ölkədə doğulan körpələr Amerika vətəndaşıdır. Bu fərman təkcə qanuna deyil, bu millətin özünə də hücumdur."

Son xəbərlər