Uşaqlar üçün düzgün məktəb çantası necə seçilməlidir? - Ekspertdən vacib məsləhətlər

Düzgün seçilmiş məktəb çantası həm rahat, həm də sağlamlıq üçün təhlükəsiz - möhkəm formalı və kifayət qədər sərt kürək hissəyə malik olmalıdır.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı osteopat həkim Dmitri Simkin danışıb.
Onun sözlərinə görə, valideynlərin ən çox buraxdığı səhvlərdən biri uşağa formasız, yumşaq parça çantalar almaqdır.
"Belə çantalar əsgər torbasını xatırladır və daimi istifadədə çiyin qurşağına həddindən artıq yük salır, boyun və kürək ağrılarına, uzun müddətdə isə qamət əyriliyinə səbəb ola bilər. Bu, məşhur idman markalarının yumşaq modellərinə də aiddir", - deyə o izah edib.

Ekspert bildirib ki, ən yaxşı seçim sıx, anatomiya uyğun kürək hissəsi olan modellərdir.
"Belə çantalar onurğanın döş qəfəsi və bel nahiyəsindəki təbii əyrilərini təkrarlayır, rahat oturur və yükü bərabər paylayır. Daha ağır əşyaların (dərslik, planşet və s.) arxa hissəyə yaxın yerləşdirilməsi üçün daxili cibləri olan modellərə üstünlük verilməlidir. Bu, çantanın bədənə sıx oturmasını və onurğaya düşən yükün azalmasını təmin edir.
Diqqət yetiriləcək digər məqamlar - çantanın dərinliyi çox böyük olmamalıdır. Çox dərin modellər formasını pis saxlayır, arxaya çəkərək uşağı irəli əyilməyə məcbur edir. Hündürlük və enə dair tələblər daha yumşaqdır, əsas odur ki, uşaq özünü rahat hiss etsin".
Simkin əlavə edib ki, çanta həmişə bel səviyyəsində olmalı, aşağı sallanmamalıdır.
"Çanta kəmərinin boş buraxılması vərdişi qamətin pozulmasına gətirib çıxarır, çünki bu vəziyyətdə uşaq qeyri-ixtiyari olaraq irəli əyilir, çiyinlər isə içəri doğru yığılır", - deyə ekspert sözlərini yekunlaşdırıb.

Oxşar xəbərlər
Valideynlərə XƏBƏRDARLIQ - Mütləq uşaqları...
İsti havalarda bir çox insanda, xüsusən uşaqlarda allergik xəstəliklər artır. İstilik, rütubət artışı, polenlər və həşərat dişləməsi kimi amillər rol oynayır....
