"SOCAR Downstream" Konqodakı NEZ-in modernləşdirilməsi üzrə qiymətləndirməyə başlayır

SOCAR Downstream Konqodakı NEZ-in modernləşdirilməsi üzrə qiymətləndirməyə başlayır
Digər 0

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strukturuna daxil olan "SOCAR Downstream" şirkəti Konqo Milli Neft Şirkəti (SNPC) üçün layihənin idarə edilməsi üzrə məsləhətçi (PMC) seçilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "SOCAR Downstream"in idarəedici direktoru Emil Alxaslı bildirib.

Bununla da Konqo Respublikasındakı CORAF neft emalı zavodunun (NEZ) genişmiqyaslı modernləşdirilməsi çərçivəsində Pre-FEED mərhələsi - ilkin layihələndirmə və məqsədəuyğunluğun qiymətləndirilməsi mərhələsi - rəsmən başlayır.

Bu layihə SOCAR və SNPC ("CORAF" NEZ-in sahibi) arasında tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi kontekstində həyata keçirilir.

"Texniki tərkib hissəsindən əlavə, bu əməkdaşlıq Azərbaycanla Konqo arasında əlaqələrin qurulması üçün bir vasitəyə çevrildi. Bu, müxtəlif mədəniyyətlərin anlaşılması, ortaq məqamların tapılması, sinerji və ümumi maraqların müəyyənləşdirilməsi yolu ilə həyata keçirilib", - E.Alxaslı vurğulayıb.

2024-cü il aprelin 4-də Bakıda SOCAR və SNPC "Congolaise de Raffinage" neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi şərtləri haqqında Saziş" imzalayıb.

Bu sənədə əsasən, SOCAR-ın mütəxəssisləri istehsal güclərinin yenilənməsində SNPC-yə dəstəyin əsas istiqamətlərini müəyyən etmək üçün müəssisənin mövcud texniki vəziyyətinin təhlilinə cəlb edilirlər.

CORAF NEZ-in layihə gücü gündəlik 27 min barel neftə çatır, halbuki hazırda real emal həcmi təxminən gündəlik 20 min barel neft (bu da illik 1 milyon tondan az həcmə ekvivalentdir) təşkil edir. Müəssisədə istehsal olunan neft məhsullarının 50 %-dən çoxu Konqo Respublikasının daxili bazarının tələbatını ödəməyə yönəldilir.

Zavod ölkənin Atlantik sahilindəki Puent-Nuar sahilyanı şəhərində yerləşir. NEZ 1982-ci ilin dekabrından fəaliyyət göstərir və bu günə qədər dövlət ərazisində yeganə neft emalı müəssisəsi olaraq qalır. Konqo Respublikası 2018-ci ildən Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) üzvüdür və onun təsdiqlənmiş neft ehtiyatları 1,8 milyard barel səviyyəsində qiymətləndirilir.

2023-cü ildən başlayaraq Azərbaycan dövlət şirkətinin ticarət bölməsi – "SOCAR Trading" - beynəlxalq bazarlarda CORAF zavodunun neftinin və neft məhsullarının bir hissəsinin satışı ilə məşğul olur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər