Rusiyada insanları silah gücünə kölə kimi işlədən dəstə ifşa olundu

Rusiyada insanları silah gücünə kölə kimi işlədən dəstə ifşa olundu
Digər 16

Rusiyanın Ramenskoye şəhər dairəsi ərazisində polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində fərdi evdə qeyri-qanuni saxlanılaraq tikintilərdə zorla işlədilən altı kişi xilas olunub.

Faktla bağlı başlanmış cinayət işi çərçivəsində beş nəfər şübhəli bilinərək saxlanılıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu hadisə barədə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi rəhbərinin böyük köməkçisi Olqa Vradiy açıqlama verib.

O.Vradiy qeyd edib ki, şübhəlilərin qanunazidd əməlləri barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olduqdan sonra təşkil edilən yoxlama tədbirləri zamanı zərərçəkmiş şəxslər azad ediliblər.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər iyulun 10-dan 22-dək həmin kişiləri evdə zor tətbiqi ilə saxlayıblar. Zərərçəkmişlər tikinti işləri görməyə məcbur edilib, qazandıqları pul isə canilər tərəfindən mənimsənilib. Üstəlik, zərərçəkənlərə qarşı fiziki güc və silah istifadəsi barədə təhdidlər olunub.

Komitədən o da vurğulanıb ki, qruplaşma üzvləri öz qurbanlarını adətən dəmiryolu stansiyalarında və küçələrdə tapıblar. Rusiya Daxili İşlər Nazirliyinin (DİN) rəsmi sözçüsü İrina Volk isə bildirib ki, saxlanılan şəxslər üçmərtəbəli bir villa kirayəyə götürüb və buranı qeyri-rəsmi "iş evi"nə çeviriblər.

İlkin məlumata əsasən, təşkilatçılar çətin həyat şəraitinə düşmüş şəxslərə, habelə xarici vətəndaşlara yemək və qalmağa yer vəd etməklə onları işə cəlb ediblər. Qurbanlar təkliflə razılaşdıqdan dərhal sonra onların şəxsiyyət vəsiqələri və mobil telefonları əllərindən alınıb.

DİN-in məlumatına görə, onlar silah və elektroşok cihazlarının hədəsi altında heç bir rəsmi sənədləşmə aparılmadan müxtəlif kommersiya obyektlərinə göndəriliblər. Onlara verilən maaşın olduqca az olduğu və ödənilən məbləğin böyük hissəsini isə sxemin təşkilatçılarının mənimsədiyi ehtimal edilir.

Girovluqda olan şəxslərdən biri evdən qaçaraq polisə müraciət etməyi bacarıb. DİN əməkdaşları "Rosqvardiya"nın dəstəyi ilə ehtimal olunan iki təşkilatçını, evi idarə edən iki nəfəri və insanları işə cəlb edən şəxsi saxlayıblar. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah tətbiq edilməklə qanunsuz azadlıqdan məhrumetmə maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə dörd şübhəli barəsində həbs qətimkan tədbirinin seçilməsinə, bir nəfərin isə ev dustaqlığına məhkum edilməsinə qərar verib. Hazırkı mərhələdə istintaq qrupu həbs edilənlərin Moskva ətrafında buna bənzər digər gizli "iş evləri" şəbəkələrinin yaradılmasında iştirak edib-etmədiyini araşdırır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər