Qusarçay kəndində Yel çərşənbəsi qeyd olunub
Xaçmaz rayonunun Qusarçay kəndində Novruz bayramının atributlarından olan Yel çərşənbəsi qədim adət-ənənələrimizə sədaqətlə yüksək səviyyədə qeyd olunub.
"Yelin nəfəsi - baharın müjdəsi" adlı tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayon prokuroru Rəşad Məmmədov, şəhid ailələri, qazilər və kənd ictimaiyyəti iştirak edib.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında məlumat verilib.
Tədbir bayram tonqalının alovlandırılması ilə başlayıb. Uşaqlar tonqal ətrafında yallı gediblər. Kosa və Keçəlin şən zarafatları, maraqlı səhnəcikləri iştirakçılarda xoş ovqat yaradıb. Ənənəvi Novruz süfrəsi - şəkərbura, paxlava, qovurğa və səməni ilə bəzədilmiş xonçalar bayrama rəng qatıb.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinləri Yel çərşənbəsi münasibətilə təbrik edərək bu mərasimin xalqımızın əsrlər boyu qoruyub saxladığı mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu vurğulayıb.
Qeyd olunub ki, Yel çərşənbəsi təbiətin oyanışını, küləyin müjdəçilik missiyasını, həmçinin birlik və həmrəylik ruhunu təcəssüm etdirir. Bayram proqramı folklor kollektivlərinin çıxışları, milli oyunlar və xalq mahnıları ilə davam edib.
Qusarçay kənd sakinləri belə tədbirlərin gənc nəslin milli-mənəvi tərbiyəsində, vətənpərvərlik hisslərinin formalaşmasında mühüm rol oynadığını bildiriblər.
Beləliklə, Qusarçayda Yel çərşənbəsi təkcə bayram sevinci deyil, həm də köklərimizə sahib çıxmaq, ənənələrimizi yaşatmaq və gələcək nəsillərə ötürmək üçün əlamətdar bir fürsət olub. Torpaq çərşənbəsinə doğru addımlayan xalqımız bu müqəddəs günlərdə birliyini, dostluğunu və bayram əhvali-ruhiyyəsini bir daha nümayiş etdirib.
Oxşar xəbərlər
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir?
Artıq yaşı 60-dan yuxarı olan şəxslərin əmək müqaviləsinə xitam verilməsi qadağan oluna bilər. Bu, İnsan hüquqları üzrə müvəkkilin 2025-ci il üzrə məruzəsində ö...