Qəbələ Beynəlxalq Hava Limanının regional aviasiya mərkəzinə çevrilməsi üçün danışıqlar aparılır
Qəbələ Beynəlxalq Hava Limanının regional aviasiya qovşağı (hub) statusunda fəaliyyət göstərməsi məqsədilə bir neçə aviaşirkətlə müzakirələr davam etdirilir.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədr müavini Rəşad Əliyev deyib.
Onun sözlərinə görə, turizm sahəsinin inkişafına dair yeni dövlət proqramında regional hava limanlarının fəallaşdırılması və beynəlxalq aviareyslərin genişləndirilməsi prioritet istiqamətlərdən birini təşkil edir: "Hazırda bir sıra aviaşirkətlərlə Qəbələ istiqamətində uçuşların təşkili ilə bağlı danışıqlar aparılır. Hətta aviaşirkətlərdən biri Qəbələ hava limanını Gürcüstandakı Kutaisi nümunəsi əsasında regional "hub" qismində istifadə etmək ehtimalını dəyərləndirir".
ATB rəsmisi vurğulayıb ki, bu təşəbbüs regionlara turist axınının gücləndirilməsinə və ölkənin turizm imkanlarından daha effektiv şəkildə yararlanılmasına yönəlib.
"Regional hava limanlarından beynəlxalq uçuşların yenidən həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycanda regional hava limanlarından beynəlxalq reyslərin bərpası turizm sahəsi üzrə yeni dövlət proqramının başlıca hədəflərindən biri olacaq. Proqram daxilində regionlardakı hava limanlarının daha intensiv istifadəsi və beynəlxalq uçuşların sayının çoxaldılması planlaşdırılır. Əsas hədəflərimizdən biri regional hava limanlarının fəallaşdırılması və beynəlxalq reyslərin yenidən işə salınmasıdır. Bu sahədə müvafiq dövlət strukturları və aviaşirkətlərlə ortaq iş həyata keçirilir", - deyə o əlavə edib.
R. Əliyev həmçinin qeyd edib ki, regionlardan beynəlxalq reyslərin artırılması turistlərə ölkənin fərqli bölgələrinə birbaşa daxil olma imkanını genişləndirəcək və regional turizmin yüksəlişinə əhəmiyyətli töhfə verəcək.
Oxşar xəbərlər
Cənubi Koreya prezidenti yeganə mənzilini satır
Cənubi Koreya Prezidenti Li Çje Myon hökumətin daşınmaz əmlak bazarının sabitləşdirilməsi yönündə kampaniyasına dəstək olaraq yeganə mənzilini satacaq. BAKU.WS...