Potensiyanı yaxşılaşdıran təbii vasitə müəyyən edilib

Potensiyanı yaxşılaşdıran təbii vasitə müəyyən edilib
Digər 63

Gündə iki dəfə, dörd həftə ərzində zağfəran kapsullarının qəbulu kişilərdə erektil funksiyanı yaxşılaşdıra bilər.

BAKU.WS xəbər verir ki, araşdırmanın nəticələri Herbal Medicines Journal (HMJ) jurnalında dərc olunub.

Zağfəran - dünyanın ən bahalı ədviyyatlarından biridir və Crocus sativus bitkisinin dişiciklərindən əldə olunur.

Onun tərkibindəki krosin, krosentin, safranal və pikrokrosin adlı maddələr uzun müddətdir ki, antioksidant və iltihabəleyhinə xüsusiyyətləri sayəsində elmi tədqiqatların mövzusu olub. Ayrı-ayrı araşdırmalar zağfəranın narahatlıq, yuxu pozğunluğu və iştahasızlıq hallarında da faydalı ola biləcəyini göstərib.

Tədqiqatın müəllifləri - Məhəmməd-Rəfi Bazarafşanın rəhbərlik etdiyi qrup - zağfəranın erektil disfunksiya hallarında faydalı təsir göstərib-göstərmədiyini öyrənmək qərarına gəlib.

Bitkinin bioloji aktiv maddələrinin mərkəzi sinir sistemindəki neyromediatorlara təsir etdiyi, genital nahiyədə qan dövranını yaxşılaşdırdığı və gonadotropin-relizinq hormonunun ifrazını stimullaşdırdığı müəyyən edilib ki, bu da libidonun artmasına səbəb olur.

Araşdırmada 18 yaşdan yuxarı, yüngül və orta dərəcəli erektil disfunksiya yaşayan 24 kişi iştirak edib. Onların orta yaşı təxminən 36 olub. İştirakçılar təsadüfi qaydada iki qrupa bölünüb: birinci qrup gündə iki dəfə 15 mq zağfəran kapsulu qəbul edib, ikinci qrup isə heç bir müalicə almayıb. Təcrübədən əvvəl və sonra kişilər cinsi funksiyaya dair standart sorğu anketi doldurublar.

Dörd həftə sonra zağfəran qəbul edən qrupda bütün erektil göstəricilərdə əhəmiyyətli irəliləyiş müşahidə olunub. Cinsi istək və məmnunluq səviyyəsi də yüksəlib. Nəzarət qrupu ilə müqayisədə bütün nəticələr statistik cəhətdən əhəmiyyətli olub - yalnız orqazm funksiyası istisna təşkil edib.

Nəticələr göstərdi ki, zağfəran erektil disfunksiyanın bütün komponentlərinə təsir göstərə bilir. Bu bitki mənşəli əlavənin təhlükəsizliyini nəzərə alaraq, onu cinsi aktivliyin bərpası üçün təbii vasitə kimi qiymətləndirmək olar.

Son xəbərlər