Ofis işçiləri və daim oturaq işlə məşğul olanlara XƏBƏRDARLIQ

Ofis işçiləri və daim oturaq işlə məşğul olanlara XƏBƏRDARLIQ
Foto
Digər 98

Gündəlik həyatımızın əksər hissəsini oturaq vəziyyətdə keçirməyimiz bədənin müxtəlif nahiyələrində ciddi problemlərə yol açır. Bel və boyun ağrıları, duruş pozğunluqları və əzələ zəifliyi bunların yalnız bir hissəsidir.

Müalicəvi fiziki tərbiyə mütəxəssisi Elsevər Məstanov BAKU.WS-ə açıqlamasında bildirib ki, daimi oturaq iş insanlarda müxtəlif xroniki xəstəliklərə yol açır.

Ofis işçiləri və daim oturaq işlə məşğul olanlara XƏBƏRDARLIQ

"Bel və boyun ağrıları: Sükan arxasında və ya masa başında uzun müddət oturan insanlarda onurğa sütunu təzyiq altında qalır. Düzgün oturmadıqda bu təzyiq əzələlərdə gərginlik və ağrıya çevrilir.

Postura pozğunluqları: Davamlı yanlış oturuş, xüsusilə gənc yaşlarda, skolioz, kifoz və lordoz kimi duruş problemlərinə səbəb ola bilər.

Əzələ zəifliyi və yorğunluq: Oturaq vəziyyətdə qarın, bel və arxa əzələlər kifayət qədər işləmədiyi üçün zəifləyir. Bu isə bədənin balansını pozur və hərəkət zamanı zədələnmə riskini artırır.

Damar problemləri və qan dövranının zəifləməsi: Xüsusilə ayaqların uzun müddət hərəkətsiz qalması, tromboz və ödem riskini yüksəldir", - deyə mütəxəssis bildirib.

Ekspert deyir ki, problemlərin yaranmaması üçün oturarkən bədən düzgün şəkildə saxlanılmalıdır. Bundan başqa, daimi oturaq işlə məşğul olanlar ara-sıra müəyyən hərəkətlər etməlidirlər:

"Arxa tam dayanıqlı olmalıdır, bel və bel əyriliklərini dəstəkləyən yastıq istifadə edilə bilər. Ayaqlar tam yerə basmalı, dizlər 90° bucaq altında olmalıdır. Boyun düz, çiyinlər rahat vəziyyətdə, baş isə irəli əyilməməlidir.

Bundan başqa, hər 45–60 dəqiqədən bir ayağa qalxmaq, yerində gəzinti və sadə dartınmalar etmək vacibdir.

Ofisdə və ya evdə işləyənlər üçün qısa, 2–3 dəqiqəlik gərilmə hərəkətləri çox faydalıdır".

Qeyd edək ki, oturaq həyat tərzi qaçılmaz olsa da, düzgün oturuş vərdişləri və mütəmadi hərəkət problemlərin qarşısını almaqda əsas faktordur. Kiçik, amma davamlı addımlar bədənin sağlamlığını qoruyur, ağrı və zədələnmə riskini azaldır. Bel və boyun sağlamlığı üçün bugündən hərəkətə başlamaq vacibdir.

Müalicəvi fiziki tərbiyə hərəkətləri:

Boyun və çiyin dairəvi hərəkətləri

Bel əzələlərini gücləndirən yüngül dartınmalar

Qarın və arxa əzələlər üçün balans hərəkətləri

Ayaq əzələlərini aktivləşdirən yerində gəzinti və ya dartınmalar

Avtomobil sürərkən diqqət:

Oturacaq bədənin forma və hündürlüyünə uyğun tənzimlənməlidir.

Arxa və bel tam dayanıqlı olmalıdır.

Uzun yol gedərkən hər 1–2 saatda dayanaraq ayaq və arxa əzələlər gərilməlidir.

Ziya SƏCCAD

Son xəbərlər