İqtisadiyyat Nazirliyində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

İqtisadiyyat Nazirliyində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
Digər 14

İqtisadiyyat Nazirliyində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

BAKU.WS xəbər verir ki, tədbirdə Nazirliyin strukturuna daxil olan və tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşları iştirak ediblər.

Anım tədbirində soyqırımı qurbanlarının və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov vurğulayıb ki, Xocalı soyqırımı XX əsrin sonunda azərbaycanlılara qarşı baş vermiş ən ağır faciələrdən biridir. Azərbaycan xalqı Ermənistan tərəfindən törədilən bu soyqırımı və torpaqlarımızın işğalı ilə heç vaxt barışmayıb.

Qeyd olunub ki, Xocalı soyqırımına hüquqi-siyasi qiyməti ilk dəfə Ümummilli Lider Heydər Əliyev verib. Xocalı soyqırımına hüquqi qiymət verilməsi, bu soyqırımı aktının dünyada tanıdılması işi dövlət səviyyəsində qarşıya məqsəd kimi qoyulub. Heydər Əliyev Fondu və Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə 2008-ci ildən etibarən dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində "Xocalıya ədalət!" beynəlxalq kampaniyası təşkil edilib, dünyanın bir sıra ölkələri dövlət və parlament səviyyəsində Xocalı soyqırımını tanıyıblar.

Bildirilib ki, Xocalı qurbanlarının, müharibədə şəhid olmuş hərbçilərimizin, mülki şəxslərin qisası döyüş meydanında alınıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz Vətən müharibəsində böyük Zəfər qazandı.

2023-cü ilin sentyabr ayının 23-də Ordumuzun antiterror əməliyyatından sonra dövlət başçısı soyqırımı qurbanlarının xatirəsini Xocalıda andı, onların xatirəsini əbədiləşdirmək üçün orada xocalılılarla birgə memorial kompleksin təməli qoyuldu. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib. Hazırda Xocalıda həyat yenidən dirçəlir, əzəli sakinlər torpaqlarına qayıdır. Lakin xalqımız tariximizi, bu faciəni heç vaxt unutmamalı və şəhidlərin xatirəsini daim uca tutmalıdır.

Tədbirdə Xocalı soyqırımına dair "Əsir uşaqlıq" sənədli filmi nümayiş etdirilib.

Son xəbərlər