iPhone istifadəçilərini sevindirəcək YENİLİK

iPhone istifadəçilərini sevindirəcək YENİLİK
Digər 116

"Apple" şirkəti süni intellekt sistemlərinin inkişafı üçün "Google" texnologiyalarını seçdiyini rəsmən təsdiqləyib.

BAKU.WS xəbər verir ki, şirkət bununla bağlı uzunmüddətli tərəfdaşlıq sazişi bağlandığını açıqlayıb.

Razılaşmaya əsasən, Google-un "Gemini" modelləri gələcəkdə "Siri" səsli köməkçisinin və "Apple Intelligence" platformasının əsasını təşkil edəcək.

"Apple" nümayəndələrinin bildirdiyinə görə, müxtəlif alternativlər diqqətlə qiymətləndirildikdən sonra məhz Google-un süni intellekt texnologiyaları Apple-ın öz neyroşəbəkə həllərinin inkişafı üçün ən uyğun baza kimi seçilib.

Şirkət bu qərarla Siri-nin imkanlarını daha da genişləndirməyi və istifadəçilərə daha ağıllı, çevik və kontekstual cavablar təqdim etməyi hədəfləyir.

Məlumata görə, yeni funksiyaların mərhələli şəkildə bir il ərzində tətbiqi planlaşdırılır. Yenilənmiş Siri-nin daha mürəkkəb tapşırıqları yerinə yetirməsi, təbii dilin daha dərindən anlaşılması və istifadəçi vərdişlərinə uyğun cavablar formalaşdırması gözlənilir.

Buna qədər "Bloomberg" mənbələri Apple-ın Google-a ildə təxminən 1 milyard dollar ödəməyi planlaşdırdığını yazmışdı. Razılaşma çərçivəsində "Apple" Google-un qabaqcıl süni intellekt modellərinə çıxış əldə edəcək.

Ekspertlərin fikrincə, yenilənmiş "Siri" 1,2 trilyon parametrə malik model üzərində işləyəcək. Bu isə Siri-ni bazarda mövcud olan ən güclü səsli köməkçilərdən birinə çevirə bilər. Qərar, həmçinin Apple-ın əvvəl nəzərdən keçirdiyi "ChatGPT" inteqrasiyasından imtina etdiyini göstərir.

Analitiklər hesab edirlər ki, bu addım "Apple" və "Google" arasında texnoloji əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərməklə yanaşı, süni intellekt bazarında rəqabəti daha da gücləndirəcək. Siri-nin "Gemini" əsaslı versiyasının istifadəçi təcrübəsinə hansı yenilikləri gətirəcəyi isə yaxın aylarda daha aydın olacaq.

Oxşar xəbərlər

Son xəbərlər