İnsan beynindəki mikroplastiklərin miqdarı sürətlə artır - TƏHLÜKƏ
Yeni araşdırmaya görə, 1997-2024-cü illər arasında aparılan yarılma (otopsiya) tədqiqatları insan beynində mikroplastik səviyyəsinin kəskin artdığını göstərib.
BAKU.WS xəbər verir ki, plastik tullantıların ətraf mühitə yayılması ilə bağlı mikroplastik çirkliliyi də sürətlə artır. 1997-2024-cü illər arasında aparılan tədqiqatlarda beyin, qaraciyər və böyrək toxumalarında artan miqdarda mikro və nanoplastik aşkar edilib.
Mikroplastiklərin insan sağlamlığına necə təsir etdiyi tam məlum deyil. Lakin bəzi araşdırmalar onların insult (beyin qan dövranı pozğunluğu) və infarktla əlaqəli ola biləcəyini göstərir.
Tədqiqat zamanı maraqlı məqamlardan biri də demans (ağıl zəifliyi) xəstələrinin beyinlərində mikroplastik səviyyəsinin sağlam insanlara nisbətən təxminən 6 dəfə daha çox olmasıdır.
Bununla belə, alimlər demans xəstələrinin beyin toxumasında onsuz da degenerativ dəyişikliklər baş verdiyini və bunun mikroplastik yığılmasını artırmış ola biləcəyini bildiriblər. Buna görə, birbaşa səbəb-nəticə əlaqəsinin olduğunu demək hələ tezdir.
Araşdırmaya rəhbərlik edən ABŞ-nin Nyu-Meksiko Universitetindən professor Metyu Kampen mikroplastiklərin nevroloji xəstəliklərə və digər sağlamlıq problemlərinə səbəb olub-olmadığını anlamaq üçün daha genişmiqyaslı tədqiqatların aparılmasının vacibliyini vurğulayıb.
Mikroplastiklər plastik tullantıların parçalanması nəticəsində əmələ gəlir və Everest zirvəsindən tutmuş okeanların ən dərin nöqtələrinə qədər dünyanın hər yerində mövcuddur. İnsanlar bu hissəcikləri su, qida və nəfəs yolu ilə qəbul edirlər.
Son araşdırmalardan biri isə vaxtından əvvəl doğulmuş körpələrin plasentasında mikroplastik səviyyəsinin daha yüksək olduğunu ortaya qoyub. Siçanlar üzərində aparılan tədqiqatda mikroplastiklərin beyin damarlarını tıxaya biləcəyi və nevroloji zədələrə səbəb ola biləcəyi müşahidə edilib. Lakin insanların damarlarının siçanlardakından daha geniş olması səbəbindən bu təsirin insanlarda eyni olub-olmayacağı hələ məlum deyil.
Araşdırma zamanı 2016-2024-cü illərdə vəfat etmiş 52 nəfərin beyin, qaraciyər və böyrək toxumaları analiz edilib. Məlum olub ki, beyin toxumasında mikroplastik miqdarı digər orqanlarla müqayisədə daha yüksəkdir.
Xüsusilə, 2024-cü ildə ölən şəxslərin beyin və qaraciyər toxumalarındakı mikroplastik səviyyəsinin 2016-cı illə müqayisədə nəzərəçarpacaq dərəcədə artdığı müəyyən edilib.
Bundan əvvəl 1997-2013-cü illər arasında ABŞ-nin şərq sahillərində vəfat etmiş şəxslər üzərində aparılan tədqiqatlar da beynin mikroplastik çirklənməsinin illər ərzində getdikcə artdığını göstərmişdi.
Ən çox rast gəlinən plastik növü polietilendir - bu maddə plastik torbalar və qida qablaşdırmalarında geniş istifadə olunur. Beyində aşkar edilən plastik parçaların əksəriyyəti nanoölçülü hissəciklərdən ibarət olub.
Tədqiqatçılar yalnız bir neçə nümunə üzərində araşdırma apardıqlarını və fərdlər arasındakı fərqlərin tam bilinmədiyini bildiriblər. ABŞ-nin müxtəlif bölgələrindən götürülən nümunələr arasında coğrafi fərqlərin nəticələrə təsir edə biləcəyi də qeyd olunub.
İngiltərənin Ekseter Universitetindən professor Tamara Qallovey, son 8 ildə insan beynindəki mikroplastik səviyyəsinin 50% artdığını və bunun plastik istehsalı və istifadəsinin artması ilə əlaqəli olduğunu bildirib.
Oxşar xəbərlər
Hər üç nəfərdən birinin ortaq problemi - Omeqa-3 hansı xəstəliklərdən qoruyur, nələrə faydalıdır?
Alimlər omeqa-3-ün qocalmanı ləngidirdiyini rəsmən təsdiqləyiblər. BAKU.WS xəbər verir ki, araşdırmanın nəticələri "Nature Aging" jurnalında dərc olunub. Bildir...