Demensiya riskini artıran idman növləri açıqlanıb
Müntəzəm olaraq baş-beyin travmaları ilə müşayiət olunan idman növləri - məsələn, boks, xokkey və amerikan futbolu - demensiyanın inkişaf riskini artırır.
BAKU.WS xəbər verir ki, bu barədə "Qazeta.Ru"-ya psixiatr-narkoloq Ruslan İsayev məlumat verib.
"Belə adlandırılan "boksçu demensiyası" sadəcə bir ifadə deyil, rəsmi tibbi termin sayılan xroniki travmatik ensefalopatiya (XTE) üçün işlədilir.
Bu, beynin çoxsaylı zədələr nəticəsində yaranan və getdikcə proqressivləşən pozğunluğudur. Zədələr mütləq ağır olmalı deyil - başa davamlı zərbələr, xüsusilə də kontakt idman növlərində (boks, kikboksinq, MMA, amerikan futbolu, xokkey) beyində mikrosarsıntılar yaradır.
Hər biri ayrıca simptom verməsə də, uzunmüddətli təsir neyrodegenerativ prosesləri işə salır.
Nəticədə neyronlar məhv olur və beynin müxtəlif hissələri arasındakı əlaqə pozulur", – deyə mütəxəssis izah edib.
XTE adətən illər sonra - bəzən hətta idman karyerasının bitməsindən onilliklər keçdikdən sonra özünü göstərir.
"Əvvəlcə dəyişikliklər xasiyyətdə hiss olunur: əsəbilik, ani reaksiyalar, impulsiv davranış, depressiv hallar və diqqət pozğunluğu yaranır. Daha sonrakı mərhələlərdə yaddaş, nitq və hərəkət koordinasiyası pozulur, ağır hallarda isə Altsheymer xəstəliyinə bənzər kognitiv pozğunluqlar inkişaf edir", – deyə həkim əlavə edib.
Risk qrupuna uzun illər ərzində təkrar baş zədələri alan peşəkar idmançılar daxildir - xüsusilə kontakt döyüş növləri ilə məşğul olanlar. Oxşar hallar hərbi qulluqçularda və dəfələrlə məişət travması keçirən şəxslərdə də müşahidə olunub.
"Hazırda müasir tibb xroniki travmatik ensefalopatiyanı tam müalicə edə bilmir, lakin kognitiv və davranış dəyişikliklərinin vaxtında aşkar edilməsi onun inkişafını yavaşlatmağa və xəstənin həyat keyfiyyətini qorumağa kömək edə bilər", – deyə İsayev yekunlaşdırıb.
Oxşar xəbərlər
Alimləri musiqiyə qarşı bədənin gizli reaksiyası təəccübləndirdi
Beynəlxalq alimlər qrupu müəyyən edib ki, musiqiyə qulaq asmaq insana təkcə ayaq tərpətmək və ya baş yelləmək kimi istəklər vasitəsilə təsir göstərmir. Hətta i...