Altıncı "Yüksəliş" müsabiqəsinin analitik təhlil imtahanının nəticələri açıqlanıb
Altıncı "Yüksəliş" müsabiqəsinin analitik təhlil imtahanının nəticələri elan olunub.
BAKU.WS xəbər verir ki, 23 və 24 may tarixlərində keçirilən imtahanda iştirak edən 6 112 namizəddən 1 468 nəfər müsabiqənin növbəti mərhələsində iştirak hüququ qazanıb.
Analitik təhlil imtahanında iştirakçılara verbal, rəqəmsal və abstrakt təhlil blokları üzrə suallar təqdim edilib. İmtahanın yerinə yetirilməsi üçün iştirakçılara ümumilikdə 3 saat vaxt ayrılıb.
İmtahan nəticələrinə əsasən, analitik təhlil mərhələsi üzrə keçid balı 561 T-şkalası olaraq müəyyən edilib.
Müsabiqədə ədalətli və obyektiv qiymətləndirmənin təmin edilməsi məqsədilə test suallarının nəticələri beynəlxalq təcrübədə geniş tətbiq olunan T-şkalası əsasında hesablanıb. T-şkalası TOEFL, GMAT, SAT və digər beynəlxalq imtahanlarda istifadə edilən qiymətləndirmə üsullarından biridir. Bu metod iştirakçıların nəticələrinin vahid və müqayisəli meyarlar əsasında dəyərləndirilməsinə imkan yaradır.
Analitik təhlil imtahanını uğurla tamamlayan iştirakçılar altıncı "Yüksəliş" müsabiqəsinin növbəti mərhələsi olan idarəetmə bacarıqları üzrə imtahanda iştirak etmək hüququ əldə ediblər.
İdarəetmə bacarıqları imtahanına keçid edən iştirakçıların 1 209 nəfərini kişi, 259 nəfərini isə qadın təşkil edir.
Yaş qrupları üzrə təhlil göstərir ki, uğur qazanan namizədlər arasında ən yüksək göstərici 21-30 yaş aralığında qeydə alınıb. Növbəti mərhələdə iştirak hüququ qazananlardan 803 nəfəri 21-30 yaş, 624 nəfəri 31-40 yaş, 41 nəfəri isə 41-51 yaş aralığındadır.
İqtisadi rayonlar üzrə nəticələrə əsasən, ən yüksək göstərici Bakı şəhəri üzrə qeydə alınıb. Paytaxt üzrə 763 nəfər namizəd növbəti mərhələdə iştirak hüququ əldə edib. Yüksək göstəricilərin qeydə alındığı digər iqtisadi rayonlar sırasında Abşeron-Xızı iqtisadi rayonu üzrə 96 nəfər, Qarabağ iqtisadi rayonu üzrə 84 nəfər, Lənkəran-Astara iqtisadi rayonu üzrə 68 nəfər, Qazax-Tovuz iqtisadi rayonu üzrə 67 nəfər iştirakçı yer alır.
Təhsil göstəriciləri baxımından bakalavriat pilləsi üzrə ən çox uğur qazanan iştirakçılar Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ADA Universitetinin məzunları arasından olub.
İştirakçıların fəaliyyət göstərdikləri sektorlar üzrə bölgüsünə əsasən, növbəti mərhələyə keçən namizədlərin 48.37 %-i dövlət sektorunu, 48.90 %-i özəl sektoru, 1.13 %-i qeyri-hökumət təşkilatlarını, 1.60 %-i faizi isə beynəlxalq qurumları təmsil edir.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca altıncı "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər
Nazir müavini: Xəzərin səviyyəsinin azalması beynəlxalq gündəmdə daha çox yer tutur
Son illərdə Xəzər dənizinin səviyyəsinin azalması beynəlxalq gündəmdə daha çox yer tutmağa başlayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu ekologiya v...