3500-dən artıq hüquq terminin olduğu izahlı lüğət tərtib edilib, kitabxana 502 yeni hüquqi vəsaitlə zənginləşdirilib

3500-dən artıq hüquq terminin olduğu izahlı lüğət tərtib edilib, kitabxana 502 yeni hüquqi vəsaitlə zənginləşdirilib
Digər 57

"Hüquqi biliklərin sistemləşdirilməsi məqsədilə 3500-dən artıq hüquq terminin olduğu izahlı "Hüquq terminləri lüğəti" və "Akademik hüquqi yazı kitabçası" nəşr olunub. "Hüquq və insan haqları virtual kitabxana"sı 502 yeni hüquqi vəsaitlə zənginləşdirilib, hazırda burada hüququn müxtəlif sahələrini əhatə edən 2211 vəsait var".

BAKU.WS xəbər verir ki, bu barədə Hüquq və İnsan Haqları İnstitutu 2025-ci il üzrə fəaliyyətinin nəticələrində qeyd edilib.

2022-ci ildən publik hüquqi şəxs kimi fəaliyyət göstərən Hüquq və İnsan Haqları İnstitutunun ötən ilki fəaliyyətində qanunvericiliyin təkmilləşdirilməsinə yönəlmiş ekspertiza əsas prioritetlərdən biri olub.

12 normativ hüquqi akt və layihələr üzrə ekspertiza və təhlil aparılıb, rəy və təkliflər hazırlanıb. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları əsasında 7 təklif hazırlanıb və 6 beynəlxalq hüquqi sənədin tərcüməsi həyata keçirilib.

"Heydər Əliyev: cinayətkarlıqla mübarizə", "Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı", "Sosial davranış. Polis və gənclər", "Mülkiyyət hüququnun müdafiəsi və Avropa İnsan Hüquqları Konvensiyası", "Uşaq hüquqlarının müdafiəsi" və digər aktual mövzular üzrə ümumilikdə 67 təlim və tədbir təşkil olunub. Bu tədbirlərdə 3114 vətəndaşın iştirak edib.

"Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər" adlı kitab nəşr edilib və onun təqdimatı 19 ali təhsil müəssisəsində, AMEA-nın 2 Elmi mərkəzində və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində təşkil olunub. 22 təqdimat tədbiri çərçivəsində 1473 iştirakçı, o cümlədən elmi işçilər, pedaqoji heyət üzvləri, tələbələr, məhkəmə əməkdaşları, hüquqşünaslar və media nümayəndələri ilə geniş müzakirələr aparılıb. 3 monitorinq hesabatı hazırlanıb. Həmin hesabatlardan biri hüquq jurnallarına, ikisi isə onlayn mediada insan hüquqlarının pozulması hallarına həsr edilib.

Ötən il rəqəmsal hüquqi resursların inkişafı da İnstitutun diqqət mərkəzində olub. Eyni zamanda, "Praktikaya Aid Siqnallar Sorğusu (PASS) platforması" vasitəsilə vətəndaşlar tərəfindən qanunvericiliyin tətbiq olunması mexanizmlərinin təkmilləşdirilməsinə dair 46 təklif irəli sürülüb.

Son xəbərlər