Rəşad Mahmudov: "Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır"

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır
Digər 12

"Azərbaycan səhiyyəsində həyata keçirilən struktur dəyişiklikləri dövlətin uzunmüddətli səhiyyə siyasətinin məntiqi davamı və islahatların yeni mərhələsidir".

BAKU.WS xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Prezident İlham Əliyevin səhiyyə sistemi ilə bağlı müvafiq sərəncam və fərmanını şərh edərkən deyib.

O bildirib ki, vaxtilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaradılması icbari tibbi sığortaya keçidin obyektiv zərurətindən irəli gəlirdi:

"Çünki sovet dövründən miras qalmış səhiyyə idarəçiliyi yeni maliyyələşmə mexanizmlərinə, çevik menecmentə və icbari tibbi sığortanın gündəlik tələblərinə tam uyğun deyildi. Bu səbəbdən dövlət tibb müəssisələrinin ayrıca, daha operativ struktur vasitəsilə idarə olunması həmin dövr üçün zəruri və məqsədəuyğun addım idi. TƏBİB də məhz bu keçid mərhələsində mühüm funksiyanı yerinə yetirdi. İndi isə söhbət həmin prosesin daha geniş və strateji müstəvidə davam etdirilməsindən gedir. Mən bu dəyişiklikləri geriyə dönüş kimi deyil, keçid dövrünün başa çatması və səhiyyənin vahid, sistemli idarəetmə mərhələsinə keçidi kimi qiymətləndirirəm. Çünki müasir səhiyyə siyasəti yalnız dövlət xəstəxanalarını deyil, müxtəlif dövlət qurumlarının tabeliyindəki tibb strukturlarını, eləcə də özəl tibb müəssisələrini əhatə etməlidir. Bu qurumların hamısı vahid səhiyyə siyasəti, ümumi keyfiyyət standartları, hüquqi təminatlar və koordinasiya mexanizmləri çərçivəsində fəaliyyət göstərməlidir".

Deputatın sözlərinə görə, Səhiyyə Nazirliyinin strateji rolunun gücləndirilməsi də məhz bu baxımdan mühüm hesab olunur:

"Məqsəd bütün müəssisələri inzibati baxımdan bir mərkəzə tabe etdirmək deyil, mülkiyyət və tabelik formasından asılı olmayaraq, səhiyyə xidmətlərinin vahid dövlət siyasəti əsasında tənzimlənməsini, onların hüquqlarının qorunmasını və sistemli fəaliyyətini təmin etməkdir. Əslində, bu, başlanmış islahatların təbii və məntiqi davamıdır: əvvəlcə köhnə sistem yeni tibbi sığorta modelinə uyğunlaşdırıldı, indi isə formalaşmış mexanizmlərin vahid strateji idarəetmə çərçivəsində əlaqələndirilməsi mərhələsinə keçilir. Əsas məsələ qurumların adı və tabeliyi deyil, bütövlükdə səhiyyə sisteminin daha səmərəli işləməsi, tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəlməsidir. İslahatların uğuru da məhz vətəndaşın gündəlik həyatında hiss etdiyi müsbət nəticələrlə ölçülməlidir. Mən bu prosesi dövlətin səhiyyə siyasətində ardıcıllığın, mərhələli inkişafın və daha müasir, dayanıqlı səhiyyə sisteminin formalaşdırılması istiqamətində atılan addımların davamı kimi görürəm".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər