Xətai, Sabunçu, Nəsimi və Nərimanov rayonlarında səkkiz nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb, həmin şəxslərdən biri barəsində cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, paytaxtın Xətai rayonunda dörd nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Həmin şəxslərdən biri, Xəyal Nəsirov barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Digər üç nəfər barəsində istintaq araşdırmaları davam etdirilir.

Sabunçu rayonu Bakıxanov qəsəbəsində də aktiv koronavirus xəstəsi olan Sabit Allahverdiyev ictimai yerdə, yəni marketə getmək istəyən zaman Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müəyyən edilib. Bu şəxslə profilaktik söhbət aparılıb və onun tibbi prosedurlar gözlənilməklə evinə qaytarılması təmin edilib.

Analoji hal paytaxtın Nəsimi və Nərimanov rayonlarında da qeydə alınıb. Nəsimi rayonunda aktiv koronavirus xəstəsi olan Asif Əliyev, Nərimanov rayonunda isə Zahid Əliyarov və Azər Bədirzadə yaşayış yerlərini tərk etdikləri üçün polislər tərəfindən müəyyən ediliblər.

Bu şəxslərlə də profilaktik söhbət aparılıb və onun tibbi prosedurlar gözlənilməklə evinə qaytarılması təmin edilib. Aşkar edilən faktlarla bağlı araşdırmalar aparılır.

BAKU.WS
VİDEO

QALEREYA