SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycana 4 milyon doza vaksin gətiriləcək və bütövlükdə vaksinasiya dövrü fevral ayından gec olmayaraq başlayacaq.

BAKU.WS vaksinasiya prosesi ilə bağlı yaranan bəzi suallara cavab tapmağa çalışıb.

Sualların əsas hissəsi koronavirusa yoluxan və sağalan şəxslərin yenidən vaksinasiya olunacağı ilə bağlı olub. Bundan əlavə koronavirusa yoluxan və sağalan, müalicə müddətini evində keçirən, lakin heç bir yerdə qeydiyyata düşməyən (poliklinika və xəstəxana) şəxslərin də vaksinasiya olunacağına aydınlıq gətirilib.

Həmçinin vaksinasiya zamanı bədəndə hər hansı fəsad yaranarsa, vətəndaşlar iş qabiliyyətini itirərsə, bunun üçün hər hansı kompensasiya nəzərdə tutulması məsələsinə cavab öyrənilib.

Tibb elmləri doktoru, professor Adil Qeybulla BAKU.WS-ə bildirib ki, vaksinasiya ilk növbədə risk qrupuna daxil olan insanlar – həkimlər, orta tibb işçiləri, xəstələrlə əlaqədə olan tibbi personal, yaşı 65 və ondan yuxarı olan şəxslər, yanaşı ağır xəstəliyi olanlar, ictimai asayişi qoruyan şəxslər cəlb ediləcək:

"Vaksinasiya olunan zaman subklinik xəstəliyi keçirən və yoluxan şəxslər, yəqin ki, yoxlanacaqlar. İmmunoqlobinlərin səviyyəsi burada təyin oluna bilər. Çünki formalaşmış immunitetin olub-olmaması müəyyən edilməlidir. İmmuniteti olmayan xəstələr ilk növbədə vaksinasiya olunacaqlar.

Xəstəliyin əlamətini özündə hiss edən şəxslər ola bilər ki, subklinik bunu keçirsinlər. Qızdırması bir gün olub qurtarıb, müalicə alıb-almayıb, bütün bu şəxslər mütləq yoxlanacaqlar.

Hesab edirəm ki, vaksinasiya pandemiyanın qurtarması demək deyil. Amma yoluxma zəncirini qırmaq istiqamətində mühüm bir addımdır. Vaksinasiya tərəddüdü və anti-vaksin kampaniyasına qarşı bütövlükdə çıxış etmək lazımdır. Anti-SARS-CoV-2 (COVID-19) adlı analiz var və bu analiz vasitəsilə immunoqlobinlərin kəskin və xroniki fazada olması müəyyənləşəcək. Həmçinin anticisim testi də var. Əgər bədəndə anticisimlər varsa, onlara vaksin vurulmasına ehtiyac yoxdur.

Baxmayaraq ki, vaksinasiya tarixində müəyyən paradoksal reaksiyalar olub, amma bu gün vaksinlərin sayəsində ən qorxulu xəstəliklər qızılca, göy öskürək, skarlatina, difteriya kimi kütləvi uşaq tələfatına səbəb olan xəstəliklər yoxa çıxıb. Ən qorxulu infeksiyalardan olan təbii çiçək yoxa çıxıb.

Elektron KİV-lər vaksinasiyasını təbliğ etməlidir. Vaksinasiya dövlət hesabına və dövlət xəstəxanalarında həyata keçiriləcək. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vaksinasiya ilə bağlı bütün ölkələrdən rəyləri qəbul edəcək. Çünki vaksinasiya bu gün xəstəliklərə nəzarət və proflaktika mərkəzlərinin ciddi nəzarətindədir.

Tarixdə vaksinasiyadan iflic olmuş şəxslərlə bağlı fakt təsdiq olunmayıb. Vaksinasiyadan yan təsirlər birinci növbədə allergik reaksiyalar, inyeksiya yerində qızartı, şişkinlik və ağrı ola bilər. Bu da bir neçə günə keçib gedir.

Amma vaksinasiyanın paradoksal reaksiyaları olub. 2009-cu ildə H1N1 pandemiyasına qarşı 31 milyon insan vaksinasiyası həyata keçirilib. Donuz qripinə qarşı Amerikada aparılan vaksinasiyalar zamanı müəyyən reaksiyalar oldu. “Guillain Barre” sindromu inkişaf elədi və vaksinasiya bundan sonra dayandırıldı.

Məhz buna görədir ki, vaksinasiya xəstəliklərin nəzarət və proflaktika mərkəzlərinin ciddi nəzarətində saxlanılır. Bütün inkişaf etmiş ölkələrdə farm kompaniyalarının özləri, vaksinasiyanın tətbiqindən alınan nəticələr və vaksin vurulan şəxslərin üzərində aparılan müşahidələrin nəticələrinə müntəzəm və vaxtında nəzarət olunur. Vaksinasiyadan qorxmaq lazım deyil. Vaksinlərdən heç kim iflic olmayacaq və başqa problem müşahidə edilməyəcək".  

Orxan Hüseyn
BAKU.WS