Bakıda 11 ildən bir müşahidə olunan hal yaşanmaqdadır

Bakıda 11 ildən bir müşahidə olunan hal yaşanmaqdadır
Foto
Sosial 4276

Son günlər Bakıda Ağ Amerika kəpənəyinin (Hyphantria cunea) geniş yayılması ciddi narahatlıq doğurur. Bu zərərverici həşəratlar əsasən bağ və parkları hədəf alsa da, hazırda şəhər mühitində, hətta evlərdə də sıx görünməkdədir.

BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, xüsusilə onların tırtılları sürətlə çoxalaraq yaşıl örtüklərə zərər vurur və evlərə qədər yayılır.

Məsələ ilə bağlı saytımıza danışan Zoologiya İnstitunun aparıcı elmi işçisi Səkinə Hacıyeva bildirdi ki, ziyanvericilərin bu şəkildə kütləvi yayılmasının əsas səbəbi 11 illik periodun çatmasıdır:

"Onlar 11 ildən bir kütləvi çoxalma verir. Bir neçə il əvvəl də bu kəpənəklərin çoxalması ilə bağlı məlumat vermişdik.

Bu tırtıllar ən çox tut ağaclarında olurlar. Ordan da əriyə, əncirə və digər meyvə ağaclarına, hətta alaq otlarına keçirlər. Onlar əsasən ağaca yumurtalarını qoyurlar. İndi havalar yaxşıdır deyə bu tırtıllar üçüncü nəsil verirlər, normalda isə iki nəsil verirdilər. Hava xoş keçəndə tırtıllar üçüncü nəsil verirlər və bütün ağacı bürüyürlər. Fikir versəniz görərsiniz ki, ağaclarda torlar əmələ gətirirlər. Aşağı yaşlarda onlar torun içində qidalanırlar".

Elmi işçinin sözlərinə görə, tırtıllar insanlar üçün ziyanlı deyillər. Lakin yaşıllıqları yeyirlər, bu da ağaclarda fotosintez prosesinin zəifləməsinə və qurumasına səbəb olur. Eyni zamanda belə tırtılların çoxalması görüntü olaraq xoşagəlməzdir, evlərdə, qidalarda rast gəlinir:

"Havalar soyuyanda onlar qışlamaya gedirlər ya da məhv olurlar".

Qeyd edək ki, həşəratların vətəni Amerikadır. Amerikadan əvvəlcə Macarıstana, ordan da Dağıstan vasitəsilə ölkəmizə gəliblər. 1984-cü ildə ilk dəfə bu kəpənəklər Xaçmazda müşahidə edilib. Ondan sonra bütün Azərbaycana yayılıb".

Banu Hüseynli

Son xəbərlər