Qiymətləndiricilər Palatası nizamnaməsi və ilk büdcəsini qəbul edib

Qiymətləndiricilər Palatası nizamnaməsi və ilk büdcəsini qəbul edib
İqtisadiyyat 162

Bu gün keçirilən Qiymətləndiricilər Palatasının Ümumi Yığıncağında qurumun nizamnaməsi və büdcəsi qəbul olunub.

"Report" xəbər verir ki, palata "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunun icrası çərçivəsində yaradılıb və bu, qurumun ilk yığıncağı idi. Palatanın aylıq büdcəsi 30 min 677 manat səviyyəsində müəyyən olunub.

Tədbirdə qiymətləndirmə fəaliyyətinin hüquqi çərçivəsi və qanunvericilikdən irəli gələn vəzifələr, peşəkar qiymətləndiricilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün proqramlar, beynəlxalq təcrübələrin və rəqəmsal həllərin qiymətləndirmə sahəsində tətbiqi, qiymətləndirmə sisteminin iqtisadi inkişafdakı rolu və gələcək prespektivlər kimi məsələlər müzakirə olunub.

Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov bildirib ki, qurumun əsas hədəfi qiymətləndirmə bazarının struktur bölmələrinin inkişaf etdirilməsidir.

"Qiymətləndiricilərin fəaliyyət göstərdiyi məkan bazardır, daha doğrusu qiymətləndirmə bazarıdır. Bu bazarın funksiyaları və strukturu mövcuddur. Məlum olduğu kimi bazarın 8 funksiyası və 4 struktur bölməsi var. Bizim fəaliyyətimizdə əsas hədəf bu bazarın struktur bölmələrinin inkişaf etdirilməsidir. Lakin, bununla yanaşı bazarın əsas 2 funksiyası olan tənzimləyici və stimullaşdırıcı göstəricilərini də yaddan çıxarmamalı, palatanın rəhbər strukturu və qiymətləndiricilər buna hazır olmalıdırlar", - o qeyd edib.

Palata qiymətləndirmə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə peşəkar kadrların inkişafı üçün təlim və sertifikasiya proqramlarının həyata keçirilməsini planlaşdırır.

Qeyd edək ki, bu yaxınlarda təsis edilmiş Qiymətləndiricilər Palatasının sədri əmlak məsələləri üzrə tanınmış ekspert Nüsrət İbrahimovdur.

Son xəbərlər