Dayanma və durma, parklanma qaydalarına nəzarətin icrası, bu sahədə nizam-intizamın yaradılması istiqamətində dövlət başçısının müvafiq fərmanından irəli gələn məsələlərin həlli davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS
-ə verilən məlumata görə, qurum tərəfindən paytaxtın müxtəlif ərazilərində müşahidə kamerları dayanma və durma, parklanma qaydlarını pozan sürücülərin qeydə alınması prosesi fasiləsiz rejimdə həyata keçirilir.

Aparılan təhlillərə əsasən, artıq bəzi küçə və prospektlərdə bu sahədə müəyyən müsbət nəticələr əldə edilib. Lakin səlahiyyətlərin icrası zamanı bəzi nəqliyyat vasitələrinin sahibləri tərəfindən məsuliyyətdən yayınmaq məqsədilə müxtəlif qanun pozuntularına yol verildiyini müşahidə etmək olar. Qeyd edək ki, bəzi sürücülər onlara məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyat nömrələrini müxtəlif vasitələrlə gizlədərək məsuliyyətdən yayınmaq məqsədilə süni maneələr yaradır.

Bəzi sürücülər onlara məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyat nömrələrini müxtəlif vasitələrlə gizlədərək məsuliyyətdən yayınmaq məqsədilə süni maneələr yaradır.

Bu hal yol hərəkəti haqqında qanunun tələbinin kobud pozuntusudur. İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə tətbiq edilir.

Qeyd edək ki, bu hallara yol verən sürücülər qeydə alınaraq barələrində müvafiq tədbirlərin görülməsi üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən aidiyyəti üzrə müraciət olunacaq.

BAKU.WS