"Sovetski"də yenidən qurulacaq yolların 3D layihəsi (VİDEO)
Bakı şəhəri Yasamal rayonunun "Sovetski" kimi tanınan ərazinin 26 hektarında yolların salınması və abadlıq işlərinin aparılması nəzərdə tutulur. Bura 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.
Layihənin icrasına uyğun olaraq ilkin mərhələdə 3827 yaşayış və qeyri-yaşayış sahəsinin tikinti altına düşdüyü üçün satın alınması və yaşayış sahəsi ilə təmin edilməsi həyata keçirilmişdir. O cümlədən 3497 obyekt satın alınmış, 219 obyekt üzrə isə vətəndaşlar yaşayış sahəsi ilə təmin edilib.
Məlumat üçün bildirək ki, sözügedən ərazidə satın alınmamış 111 obyekt qalıb, satın alınan obyektlərdən isə 249 ədədinin söküntüsü davam edir, eyni zamanda Nazirlər Kabinetinin müvafiq qərarı ilə tikinti sahəsinə düşən 23 tarixi əhəmiyyətli binalardan 21-i tarixi əhəmiyyətli binaların siyahısından çıxarılaraq sökülmüşdür.
"Sovetski" kimi tanınan ərazidə uzunluğu 6.1 km-ə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçiriləcək.
Yenidənqurma işləri Balababa Məcidov, Abdulla Şaiq, Mirzəağa Əliyev, Füzuli küçəsinin davamı və Nəriman Nərimanov küçələrində aparılacaq.
Əvvəllər bu küçələrin ensiz olması, üstəlik bir-çox hissələrdə piyada səkilərinin olmaması avtonəqliyyat vasitələrinin, həmçinin vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradırdı. Yenidənqurma işləri çərçivəsində bu problemlər nəzərə alınaraq küçələr həm genişləndiriləcək, həm də geniş piyada səkiləri inşa ediləcək.
Yenidən qurulacaq Balababa Məcidov küçəsinin uzunluğu 440 metrdir. Küçənin əvvəlki eni 7-8 metr olub. Hazırda layihə çərçivəsində küçə genişləndirilərək 15 metrə çatdırılacaq. Layihəyə uyğun olaraq Balababa Məcidov küçəsində 3 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 12 metr təşkil edəcək. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə 1.5 metr enində piyada səkiləri inşa ediləcək.
Tikinti işlərinin aparılacağı Abdulla Şaiq küçəsinin uzunluğu isə 1825 metr təşkil edir. Əvvəllər küçənin eni 5-6 metr olub. Hazırda isə yolun hərəkət hissəsinin eni 7 – 15 metr arası dəyişməklə və hər iki istiqamət üzrə piyada səkilərinin eni 2 metr olmaqla küçə 19 metrə qədər genişləndiriləcək. Küçənin 2 - 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.
Akademik Milli Dram teatrının hər iki tərəfində yerləşən Mirzəağa Əliyev küşəsi və Füzuli küçəsinin davamının uzunluqları müvafiq olaraq 750 və 800 metr təşkil edir. Hər iki küçənin əvvəlki hərəkət hissəsinin eni 4-5 metr təşkil edirdi. Bu küçələrdə yenidənqurma işləri çərçivəsində yol yatağı genişləndirilərək 19 metrə çatdırılacaq. Bura 15 metr enində hərəkət hissəsi və hər bir tərəfdə olmaq şərti ilə 2 metr enində piyada səkiləri daxildir. Küçələrin hər biri 4 hərəkət zolaqlı olacaq.
Aparılacaq yenidənqurma işləri çərçivəsində Nəriman Nərimanov küçəsinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastrukturunun yaradılması nəzərdə tutulur. Küçənin hərəkət hissəsinin hazırki eni 7 metr təşkil edir. Layihəyə əsasən yolun 2 – 5 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 7 – 17.5 metrədək genişləndirilməsi nəzərdə tutulur. Hər iki tərəfində 2 – 3 metr enində səkilər də nəzərə alınmaqla yolun ümumi eni 11 – 23.5 metr olması planlaşdırılır.
Yenidən qurulacaq küçələrdə mühəndis-kommunikasiyaları ( su, məişət və yağış suları üçün kanalizasiya, işıq, qaz, rabitə ) xətlərinin dəyişdirilərək müasir tələblər səviyyəsində qurulması nəzərdə tutulur.
Bundan başqa ictimai nəqliyyat üçün 14 ünvanda "cib”liyin tikilməsi və müasir avtobus dayanacaqların qurulması, yol nişanlarının və məlumat verici lövhələrin quraşdırılması, habelə yolcizgi, yolgöstərici xətlərinin çəkilməsi işləri də nəzərdə tutulur.
BAKU.WS
Oxşar xəbərlər
Füzuli meydanının ətrafının abadlaşdırılmasına 5 milyon manat ayrıldı
Prezident İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanının ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlər...