Mədəniyyət və Turizm Nazirliyi Quba Soyqırımını kimdən gizlədir ? - VİDEO

Mədəniyyət və Turizm Nazirliyi Quba Soyqırımını kimdən gizlədir ? - VİDEO
Video
Video 2567

Tariximizi, başımıza gətirilən müsibətləri bütün dünyaya çatdırmaq üçün dəridən-qabıqdan çıxdığımız bir zamanda Azərbaycanda bunun əksi olan maraqlı bir məqam yaşanmaqdadır. 

Maraqlı və nonsens sayıla biləcək məqam Quba kütləvi məzarlığında yaşanır. 

Belə ki, məzarlığı ziyarət edən turistlərin kompleksin daxilində telefonla çəkiliş aparmalarına icazə verilmir. Qəribə deyilmi? 

Bütün dünyaya erməni vandalizmini çatdırmaq üçün yaratdığımız və milyonlarla pul tökdüyümüz Quba soyqırım kompleksinin təbliğatının qarşısını niyə alırıq? 

Axı indi ən böyük təbliğat elə sosial şəbəkə vasitəsilə aparılır. Bir nəfərin telefonla çəkdiyi görüntülər sonradan sosial şəbəkəyə yüklənir və bu görüntüləri bütün dünya görür. Bəs onda Quba Soyqırım Kompleksində telefonla çəkilişlər nə məqsədlə qadağan edilir? 

Təsəvvür edin, Baku.ws saytının aylıq 5 milyon oxucusu var, bundan əlavə bizim rəsmi facebook.com/bakuws səhifəmizi 350 minə yaxın insan izləyir. 

Bizim əsas məqsədimiz, kompleks haqqında məlumatı olmayan və ya ora gəlib çıxa bilməyən insanlara həmin kompleksi adi telefon ilə facebook-da canlı yayım edib göstərmək idi. Təsəvvür edin hər yayıma 100-150 min insan baxır və onlar bu videonu paylaşdıqda, nə boyda böyük bir kütləyə məlumat çatdıra bilərdik.

Amma bunu etməyə icazə vermədilər. 

Mədəniyyət və Turizm Nazirliyi bu cür çəkilişlərə etdiyi qadağaya bir daha nəzər yetirsə daha yaxşı olar. Axı biz Quba Soyqırım məzarlığını sadəcə görüntü olaraq yaratmamışıq. Bu kompleksi yaratmaqda məqsəd elə erməni vəhşiliyini dünyaya çatdırmaq və mart hadisələrini dünyaya yaymaqdır. 

Bu cür videolar təkcə dünya üçün deyil elə öz əhalimiz üçün də misilsiz sayıla bilər. Belə ki, sosial şəbəkə istifadəçilərinin demək olar ki, əksəriyyətini yeniyetmələr və gənclər təşkil edir. Elə həmin bu gənclər və yeniyetmələr infomasiyanı daha çox kitab oxumaqla deyil, sosial şəbəkədə vaxt keçirməklə əldə edirlər. Azərbaycanda 1.3 milyon "Facebook" istifadəçisinin olduğunu da nəzərə alsaq bu cür videoların çəkilib paylaşılması nə qədər tarixini bilməyən gəncin məlumatlanmasına səbəb olacağını təsəvvür etmək o qədər də çətin deyil. 

Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Vüqar Şıxməmmədov ilə bu məsələ ilə bağlı əlaqə saxladıqda, onlar bu qadağanın xaricdən gələn jurnalistlərin akrediaksiyadan keçmələri üçün etdiklərini bildirdi. Amma telefon ilə çəkiliş etmək qadağasını absurd olduğunu və bu məsələni araşdıracağını söylədi.

Amma bu məsələdən bir aya yaxın keçsə də hələ də bu qadağa öz qüvvəsində qalır. Muzey işçiləri yenə də Nazirlikdən göstəriş var, telefonla nə şəkil nə foto çəkməyə icazə olmadığını deyirlər.

Qeyd edək ki, bu yaxınlarda millət vəkili Yevda Abramov da çıxışında Quba Soyqırım Kompleksindəki problemə toxunmuşdu. O, bildirmişdi ki, Soyqırım Kompleksində işıq yanmır”. 

"Qubada muzeyin açılması hamımızın gözlədiyi bir şey idi. Bu muzeyin analoqu yoxdur. Mən ora çoxlu qonaqlar aparıram. Ancaq muzeyin işığı yanmır. Oqtay müəllim, axı bu obyektlər kimin balansına verilsin? Bu məsələ hələ də havadan asılı qalıb", - deyə Yevda Abramov bildirib. 

Biz Bakı sakinləri arasında, Quba soyqırımı haqqında nə bildiklərini öyrənmək üçün sorğu keçirdik.

Həmin sorğunu sizə təqdim edirik:

Xatıraladaq ki, məzarlıq 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımın danılmaz sübutudur. Məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Aparılan qazıntılar nəticəsində burada insan cəsədləri qalaqlanan iki quyu və iki arx aşkarlanıb. İnsanların hamısının soyuq silah və küt alətlərlə xüsusi qəddarlıqla qətlə yetirildiyi müəyyənləşdirilib. Ermənilər Qubada Azərbaycan türkləriylə yanaşı ləzgiləri, yəhudiləri, tatları, avarları və digər etnik qrupların nümayəndələrini də amansızlıqla öldürüblər. Tədqiqat zamanı məzarlıqda 400-dən çox insan cəsədinin qalıqları tapılıb. Onlardan 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə əsasən yaşlı kişilərdir.

Kütləvi məzarlıq 2007-ci ilin aprelində ərazidə torpaq işləri görülərkən təsadüfən aşkarlanıb. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tədqiqatı nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımla bağlı olduğu təsdiqlənib. Arxiv sənədlərindən məlum olub ki, 1918-ci ilin aprel-may ayları ərzində ermənilər təkcə Quba qəzasında 36 min 782 nəfər qətlə yetirib, 122 kəndi tamamilə dağıdıb.

Xatirə Kompleksi 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb.

Azərbaycan tarixinə XX əsrin ən faciəli soyqırımlarından biri kimi daxil olmuş qanlı faciədə bolşevik-erməni silahlı dəstələri Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə kütləvi qətliamlar törədib, mindən artıq kənd yandırılıb və dağıdılıb. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib.

2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilib.

30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində "Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb. 

2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışın ediblər.

Qubada aşkar edilən kütləvi məzarlığın yanında ucaldılan Memorial Kompleksdə tarixi sənəd və faktlar əsasında zəngin muzey yaradılıb.

Abidə üç hissədən: sivriuclu bıçaqları xatırladan iki konstruksiya – giriş və çıxışdan, mərkəzində qara xatirə daşı yerləşən əsas zaldan ibarətdir.

Abidənin iti ucları şiddətli ağrını təcəssüm etdirir. İti ucların yerin altından üzə çıxması həqiqəti gizlətməyin mümkünsüz olduğunu əks etdirir.

Abidə bütövlükdə brutto-betondan hazırlanıb. Faciə qurbanlarının xatirəsinə matəm sükutunu təcəssüm etdirmək məqsədilə layihədə hər hansı  bəzəkdən imtina edilib.

Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb. 19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Ekspozisiya 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən foto-şəkillərlə başlayır. Burada qədim Quba həyatını, dinc, yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları əks etdirən şəkillər sərgilənir.

Ekspozisiya unikal arxiv sənədləri ilə zəngindir. Burada 1918-ci ilin qanlı hadisələrindən sonra cinayəti tədqiq etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqda qərarı və komissiyanın sənədləri, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini əks etdirən xüsusi məzmunlu xəritə, ümummilli lider Heydər Əliyevin soyqırım haqqında sərəncamı təqdim olunur.

Müxtəlif qəzalarda baş vermiş soyqırımlar zamanı kütləvi şəkildə xüsusi qəddarlıqla öldürülmüş insanların əksəriyyəti yandırılıb, dənizə, quyulara atılıb və bu səbəbdən onları dəfn etmək mümkün olmayıb. Zalın mərkəzində belə qurbanların xatirəsinə qara mərmər daş ucaldılıb.

Muzeydə hər bir qəzanın tarixi faciəsi ayrı-ayrı bölmələrdə zəngin foto, arxiv sənədləri, statistik məlumat və diaqramlarla verilir. Bütün informasiya üç dildə, hər bölmənin qarşısında quraşdırılan elektron məlumat bazasında öz əksini tapıb.

Quba soyqırımını əks etdirən sənədli film zalda davamlı olaraq nümayiş etdirilir. Ekspozisiyanı müasir incəsənət nümunəsi – nəhəng metal lövhə üzərində əks olunmuş insan sifətləri tamamlayır. Bu, tarixin qan yaddaşına hopan hadisələrə bu günün baxışı, çağdaş dövrün münasibəti kimi dəyərləndirilir.

Zalın çıxışı 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsini əks etdirən foto-şəkillərlə tamamlanır.

Muzey Kompleksdə məlumat mərkəzi, zəngin kitabxana, kompüterlərlə təmin olunmuş oxu zalı fəaliyyət göstərir. Kompleksin ərazisində Azərbaycanın Respublikasının Dövlət Bayrağı ucaldılıb. Geniş həyətyanı sahədə Qubanın rəmzi olan alma ağaclarından ibarət bağ salınıb.

Heydər Əliyev Fondu tərəfindən, həmçinin 1918-ci ildə Azərbaycan qəzalarında törədilmiş soyqırımı tarixi faktlarla əks etdirən 16 adda, üç dildə buklet, 4 adda, üç dildə kitab nəşr edilib.

BAKU.WS

Oxşar xəbərlər

Quba və Qusara 15 santımetrədək qar yağıb

Quba və Qusara 15 santımetrədək qar yağıb

Dekabrın 13-dən başlayaraq Azərbaycanın şimal bölgəsində hava şəraiti dəyişib və qar yağmağa başlayıb. AZƏRTAC xəbər verir ki, Quba və Qusarın dağlıq əraziləri...

1987 Şou-biznes 11:14 14 yanvar 2017

Son xəbərlər