Kənd təsərrüfatının inkişafına mane olan suvarma problemi – VİDEO

Kənd təsərrüfatının inkişafına mane olan suvarma problemi – VİDEO
Video
Video 172

Əkin mövsümü başladığından zəhmətkeş fermerləri də ənənəvi problemləri qayğılandırır. Söhbət suvarma suyunun çatışmazlığı ilə bağlıdır.

BAKU.WS Baku.Tv-yə istinadən xəbər verir ki, araşdırmalara əsasən, suvarma üçün su qıtlığı xüsusilə əkinçilik üzrə ixtisaslaşan 18 Aran rayonunda özünü büruzə verir:

“Sizə göstərdim mən kanalı, taxıla su açılıb, dən suyunun vaxtıdı. Kanalda su yoxdu. Soruşacaqsan, deyəcək işıq yoxdu, sönüb”, - deyə fermer iradını bildirir.

Beynəlxalq Ərzaq Siyasəti üzrə Araşdırmalar İnstitununun icmalında bildirilir ki, Azərbaycanda zəif suvarma infrastrukturu kənd təsərrüfatına mane olur. Prezident İlham Əliyevin də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə keçirilən videokonfransda mövcud problemə toxunması problemin miqyasından xəbər verir.

“Ötən il bizdə çox ciddi quraqlıq oldu. Çox ciddi quraqlıq bu il də müşahidə olunur. Anbarlarda saxlanılan su həcmləri heç vaxt görünmədiyi qədər azdır. Ötənilki kimi quraqlığı hətta yaşlı nəsil belə xatırlamır. Bu səbəbdən suvarma ən vacib infrastruktur layihəsinə çevrilir… Bizdə su ehtiyatlarına nəzarət üçün elektron sistemimiz olmalıdır. Sonra qiymətləndirmə infrastrukturumuz üzərində aparılacaq. Onun əksər hissəsi sovet vaxtının mirasıdır. Bizdə bəzi hallarda su itkiləri hətta 40-50 faiz təşkil edir, çünki həmin kanallar, demək olar ki, bütün keyfiyyətini itiriblər”, - deyə Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Ekspertlərin fikrincə, problemin obyektiv tərəfi ölkənin su rezervlərinin əksəriyyətinin işğalda olmasıdır. Əsas qidalandırıcı 2 çay - Araz və Kür isə ölkədən xaricdə formalaşır və su itirə-itirə ölkə ərazisinə daxil olur.

Ekspert Elman Hacıyev qeyd edib ki, hələ də sovetdənqalma sistemdən istifadə olunduğuna görə su nasosları sıradan çıxıb, kanallarda sızmalar var:

“Ən qlobal problem isə su resurslarının düzgün idarə olunmamasıdır. 1 hektara becərmədə mövsüm ərzində 8 kubmetr su lazım olduğu halda, fermerlər var ki, 8 kubu 1 saatda sahəyə axıdır”.

Vəziyyətdən çıxış yolu isə regionlarda sututarların sayının artırılmasıdır. Həmçinin ölkənin su ehtiyatları vahid suvarma sistemi ilə idarə edilməlidir. Su düzgün idarə oluna, bütün təsərrüfatlara ədalətli çatdırılarsa, problem qısa zamanda həll olunar. Sevindirici haldır ki, artıq ölkə rəhbərinin sərəncamı ilə ən yüksək səviyyəli su ehtiyatlarının yaradılması ilə bağlı komissiya da yaradılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər