Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçirilib - YENİLƏNİB-6 - VİDEO
İyunun 3-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimi keçirilib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan mərasimdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, birinci xanım Mehriban Əliyevanı, digər dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini salamladılar.
Mərasimdə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün, şəhidlərin və fevralın 6-da baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Sonra Türkiyə Respublikasının Dövlət Himni – “İstiqlal Marşı” səsləndirildi.
Rəcəb Tayyib Ərdoğan çıxış edərək, yenidən Prezident vəzifəsinə seçilməsi üçün ona etimad göstərən seçicilərə minnətdarlığını bildirdi. Mayın 28-də keçirilmiş seçkilərdə millətin iradəsinin əksini tapdığını, “Türkiyə yüzilliyi”nin başladığını və ölkənin sıçrayış mərhələsinin qapılarının açıldığını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan siyasi və dini baxışlarından, etnik mənsubiyyətindən asılı olmayaraq, 85 milyonluq əhalinin etimadını boşa çıxarmamaq üçün səylə çalışacaqlarını qeyd etdi. Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümündə sarsılmaz həmrəyliyə daha böyük ehtiyac duyulduğunu diqqətə çatdıran dövlət başçısı bu gün elan olunacaq yeni hökumətlə birlikdə “Türkiyə yüzilliyi” istiqamətində səylə çalışacaqlarını bildirərək dedi: “Gün bir olmaq, bərabər olmaq, min illik qardaşlığımızı daha da möhkəmləndirmək günüdür. Gün övladlarımızın aydın sabahlarına sahib çıxmaq günüdür... Birlikdə “Türkiyə yüzilliyi”nin inşası üçün çiyin-çiyinə çalışmalıyıq”.
Türkiyə demokratiyasının bütün azadlıqların əksini tapdığı, mütərəqqi və əhatəli Konstitusiya ilə gücləndiriləcəyini qeyd edən Rəcəb Tayyib Ərdoğan növbəti beş il ərzində Türkiyə Respublikasının şanını və şərəfini qorumaq, etibarını artırmaq və adını dünyada daha da ucaltmaq üçün var gücü ilə çalışacaqlarını vurğuladı.
Prezident Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlaması mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevə, digər dövlət, hökumət başçılarına və qonaqlara bir daha minnətdarlığını bildirdi.
Sonra “Qurani-Kərim”dən ayələr oxundu, dualar edildi.
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Prezident seçkilərinin mayın 28-də keçirilmiş ikinci turunda 52,18 faiz səs toplayaraq qalib gəlib.
***18:53
Ankarada, Beştəpədə yerləşən prezident iqamətgahında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edirlər.
***18:29
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə yerləşən prezident iqamətgahına gəlib.
***17:36
Rəcəb Tayyib Ərdoğan “Anıtqəbir” ziyarəti çərçivəsində Atatürkün mavzoleyinə əklil qoyub, “Misak-i Milli” Qülləsində “Anıtqəbir Özəl dəftəri”ni imzalayıb. Türkiyə lideri dəftərə yazdığı fikirləri səsləndirib:
“Türkiyə bir seçki prosesini daha rekord iştirak və demokratiya şənliyi əhval-ruhiyyəsində, dinc atmosferdə başa vurdu. Mayın 14-də TBMM-də vəzifəsini icra edəcək 28-ci çağırış deputatları müəyyən edən millətimiz, mayın 28-də şəxsimizə ikinci turda 52 faizlik səslə bizə böyük rəğbət göstərdi. Həmd olsun, növbəti beş il də nəcib millətimizə xidmət edəcəyimiz üçün bəxtiyarıq. Qarşıdakı beş il ərzində “Türkiyə Əsri” vizyonumuzu həyata keçirmək üçün canla-başla çalışmağa davam edəcəyik. Zəlzələlərin yaralarını sürətlə sarıyıb, zəlzələdən əziyyət çəkənləri ən qısa zamanda yeni yuvalarına qovuşduracağıq. 12-ci dövlət başçısı olaraq dövlətimizi ucaltmağa davam edəcəyik. Ruhun şad olsun!”
***16:59
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Anıtqəbir”i ziyarət edib.
O, Atatürkün məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.
R.T.Ərdoğan daha sonra xatirə dəftərini imzalayıb.
Qeyd edək ki, R.T.Ərdoğan bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) and içib və səlahiyyətlərinin icrasına başlayıb.
***16:27
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan and içib.
Tədbir Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilib.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan TBMM-də and içərək prezident vəzifəsinin icrasına başlayıb.
***16:06
Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi başlayıb.
Mərasim Türkiyə Böyük Millət Məclisində keçirilir.
R.T.Ərdoğan and içəndən sonra Anıtqəbiri ziyarət edəcək və ardınca onun vəzifəyə başlaması mərasimi keçiriləcək.
Türkiyə Prezidenti daha sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacaq.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməyib.
Mayın 28-də keçirilən ikinci turda “Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gəlib.
Qeyd edək ki, R.T.Ərdoğan 1954-cü ildə anadan olub. O, 2003-cü ildən 2014-cü ilədək Türkiyənin Baş naziri olub.
2014 və 2018-ci illərdə dövlət başçısı seçilib.
Oxşar xəbərlər
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan İstanbulda “TEKNOFEST” festivalında iştirak ediblər - VİDEO - YENİLƏNİB-3
Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aer...