Bakı metrosunda yenilik: sərnişinlərin istifadəsinə verildi (VİDEO)
2014-cü ilin sonlarından təmirə bağlanan "Xətai” metro stansiyasının birinci baş yolu sərnişinlərin istifadəsinə verilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
O bildirib ki, burada stansiyaya bitişik təmir yolunun və dalan yollarının sağlamlaşdırılması işləri həyata keçirilib. Stansiya kompleksi nəzərə alınmaqla ümumilikdə 830 kubmetr betonlama işləri görülüb. Sağlamlaşdırma işləri aparılan sahədə yolun üst quruluşu elementləri tamamilə dəyişdirilib, bütün kommunikasiya xətləri və buna müvafiq avadanlıqlar yenilənib.
N.Paşayevin sözlərinə görə, stansiyanın birinci baş yolu tamamilə yenidən qurulub. Birinci stansiya yolunun platformasının yükdaşıyan və örtük konstruksiyaları, həmçinin stansiyanın yol divarı yenidən üzlənib. Sərnişin platformasında 67 ədəd dəmir-beton plitə yenisi ilə əvəz edilib, 658 kvadratmetr divar və döşəmə qranitlə üzlənib.
"Stansiyanın platforma hissəsində də təmir-bərpa işləri aparılıb. Stansiyanın orta zalı və platforma "Durlum "GmbH”” şirkəti tərəfindən korroziyaya davamlı özəl metal asma tavan, 3D divar lövhələr və LED işıqlandırma sistemləri ilə təchiz olunub. İlk dəfə istifadə olunan bu materiallarla yanaşı bəzi hissələrdə mərmər-qranit örtükdən istifadə edilib. Bütün işlər "Bakı Metropoliteni” QSC-nin daxili imkanları və müvafiq strukturları hesabına baş tutub”, - deyə N.Paşayev vurğulayıb.
N.Paşayev qeyd edib ki, artıq "Xətai” metro stansiyasının ikinci yolu təmirə bağlanıb və işlərə başlanılıb. Təmir işləri bir il müddətinə davam edəcək.
BAKU.WS
Oxşar xəbərlər
Metronun “Nizami” stansiyası dəyişəcək (FOTO)
Bakı Metropoliteninin "Nizami” stansiyasında əsaslı təmir və yenidənqurma işlərinin növbəti mərhələsi davam edir. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətin...