Sərt karantin rejimində növbəti yumşalmaya əsasən SMS icazə ləğv olundu və bununla da avtobuslarda olan sıxlıq daha da artdı. Bu isə özü ilə bərabər müəyyən problemlər də gətirdi.

Baku TV-nin əməkdaşı bildirir ki, bu problemlərdən əziyyət çəkənlərdən biri də o olub:

“Bəli, bu gün səhər saatlarında hər gün getdiyim avtobusda böyük bir sıxlıq yaşadım. Təbii ki, mən həmin avtobusa minmək istəmədim, intervalda olan növbəti avtobusun gəlməsini gözlədim. Yenə də eyni vəziyyət və artıq növbəti avtobusu gözləsəm, işə gecikəcəkdim, amma minsəm, pandemiyaya yoluxma riski ilə üz-üzə qalacam. İkinci variantı seçib məcburən görünən vəziyyətlə barışaraq avtobusa mindim və nəticə etibarilə həm ara məsafəsini qoruya bilmədim, həm də 15 dəqiqə ərzində getdiyim yolu düz yarım saatdan çox vaxta qət etdim və təbii ki, işə də gecikdim”.

Bu problemi hər gün yaşayan yüzlərlə insan var. Pandemiyadan əvvəlki Bakı sanki özünə qayıdıb. Avtobuslarda o qədər sıxlıq var ki, virusun yenidən alovlanması an məsələsidir. İnsanlar arasındakı məsafənin iki metr olması lazımkən, bu məsafə cəmi iki santimetr təşkil edir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, sərnişin tələbatının artacağı əvvəlcədən planlaşdırılırdı. Bununla əlaqədar, qabaqlayıcı tədbir kimi gündəlik xəttə buraxılan avtobus sayının tələbata uyğun tənzimlənməsinə görə, daşıyıcılara müəyyən tapşırıqlar verilib.

Nə qədər qəribə səslənsə də, bu dəfə sonda ortaya iki sual çıxır. Əgər aidiyyətli qurum vəziyyətlə bağlı tədbirlər görüldüyünü bildirirsə, bəs niyə görünən vəziyyət bunun tam əksini deyir? Axı avtobusların iki dəqiqəlik intervalla çalışması dayanacaqlarda və avtobuslarda yaşanan sərnişin sıxlığının az da olsa aradan götürülməsinə nail olmalı idi.

Digər sual: Avtobuslarda sərnişinlər arasında məsafə saxlamaq qeyri-mümkündürsə, bəs pandemiyanın yayılmasının qarşısı necə alınacaq? Bu sıxlıq yoluxmanın yenidən gündəlik 500-600-ə qalxmasına səbəb ola bilərmi?

Hər halda öhdəliyi olan qurum hər zaman sıxlığın olmayacağını, hər şeyin nəzarətdə olduğunu deyirdi. Nəticə isə göz qabağındadır, köhnə hamam, köhnə tas!

BAKU.WS
VİDEO