VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkan qəsəbəsi, Xanlar küçəsi ilk baxışdan zibil poliqonunu xatırladır. Amma bura zibil poliqonu yox, sakinlərin sıx yaşadığı bir ərazidir.

Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramı maraqlı süjet hazırlayıb.

Sakin: “Pandemiya dövründə belə şeylər qəbuledilməzdir. Buranı zibilxanaya döndəriblər”.

Problem qəsəbədə zibil yeşiklərinin olmamasıdır. Qəsəbənin əsas küçə və yollarında vur-tut bir-iki zibil yeşiyinə rast gələrəsən ki, onların özü elə tullantı vəziyyətindədir.

Zibil qablarının olmamasından vətəndaşlar çıxış yolunu belə boş ərazilərdə görür ki, məcburən zibilləri də belə yarımtikililərə atırlar. Nəticədə belə antisanitar vəziyyət və üfunət dolu görkəm yaranır.

Sakin: “Zibilimiz olanda qoyuruq maşına, harasa gedəndə yolda atırıq zibil qutularına”.

Sakin: “Kənd içində bəzi yerlərdə zibil qutuları var, lakin çox yerdə yoxdur. Küçələrə atılmış zibilin vəziyyəti külək əsəndə, sizcə, necə olacaq?”

Bəs kimdir müqəssir? Sakinlər, yoxsa aidiyyətli qurumlar? Qəsəbə sakinləri deyir ki, onlar öz üzərinə düşən öhdəliyi yerinə yetirib yerli qurumlara məlumat veriblər. Aldıqları cavab isə belə olub...

Sakin: “Çimərliklərdə zibil qutuları yerləşdirilib. Mən onlara bildirəndə ki, bunlar qəsəbə üçün ayrılıb. Dedi ki, onlarla müqavilə bağlanılıb. Mən başa düşə bilmirəm ki, bu müqaviləni sakinlərlə bağlamaq olmaz?”

Mövcud problemin nə vəxt və necə həll olunacağı ilə bağlı məlumat almaq üçün üz tutduq Türkan İcra nümayəndəliyinə. Qapı açıq, otaqlar boş...

Məlumat əldə etmək üçün səlahiyyətli şəxs tapmaq isə bir igidlikdir. Görünür, sözün əsl və məcazi mənasında zibilə düşən 17-18 min əhalisi olan Türkan qəsəbəsində vəziyyət elə belə də davam edəcək...

BAKU.WS
VİDEO