İstanbulda ASEF (Əsassız erməni iddiaları ilə mübarizə federasiyası) və Türkiyə Azərbaycan platformasının təşkil etdiyi "Xocalı Soyqırımı və erməni məsələsi" adlı konfrans keçirilib.

BAKU.WS xəbər verir ki, millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva konfransda Xocalı Soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib .

Türk dünyasına, türk toplumlarına və Azərbaycan və türk diaspor təşkilatlarına çağırış səsləndirib.

Xocalı Soyqırımı ortaq acımızdır deyən millət vəkili Q.Paşayeva bildirib ki, birlikdə bu soyqırımı törədənlərin ədalət qarşısında cavab vermələrinə nail olmalıyıq.


Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva çıxışına Azərbaycanda ön cəbhədə işğalçı Ermənistanın təxribatlarına layiqli cavab verən zaman şəhid olan Azərbaycan əsgərləri, Türkiyədə terrorla mübarizədə şəhid olan insanlarımızın ruhu qarşısında baş əyirəm deyə başlayıb.

Terrora qarşı mübarizədə qardaş Türkiyənin yanındayıq deyib. Qənirə Paşayeva Qarabağ dünyada yaşayan bütün azərbaycanlıların, türklərin vətənidir.

Tədbir iştirakçılarının əksəriyyətinin Qarabağda olmamasına baxmayaraq, Qarabağın hər birimiz üçün doğma olduğunu qeyd edib:

“Biz inanırıq ki, Ermənistanın işğal etdiyi gözəl Dağlıq Qarabağımız da, işğal altındakı digər o gözəl bölgələrimizin də işğaldan azad olunacağı gün çox tezliklə gələcək və biz oranı ziyarət edəcəyik“, – deyib.

Q.Paşayeva qeyd edib ki, Qarabağın qədim tarixi var. Qarabağ əsrlər boyu Azərbaycan və türk tarixinin və mədəniyyətinin beşiklərindən biri olub:


“Hər bir Türk insanı Qarabağı hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Hər birimiz Qarabağı sevməliyik, xatırlamalıyıq ki,o, işğal altındadır.

Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələrimizi məhv edirlər və dünya buna göz yumur”.

Dağlıq Qarabağ və ətraf bölgələrimizin 20 ildən artıqdır ki, Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bunları söyləyib:

“Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına, soyqırımlara bütün dünyanın gözü bağlıdır.

Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik.


AŞ, BMT kimi beynəlxalq təşkilatların Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı iləəlaqədar qəbul etdikləri qərarları vardır.

Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik”.

Millət vəkili Qənirə Paşayeva çıxışında Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat da verib.

O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.


“Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir” – Qənirə Paşayeva deyib.

Millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımı həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirmişdir:

“Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır”.


Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili Qənirə Paşayeva gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” – ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib:

“Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”, – deyib.

Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı idddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib.

O, deyib ki, “qondarma erməni soyqırımı”na qarşı mübarizə harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir.

Q.Paşayeva Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib.

“Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir”, – deyən millət vəkili Qənirə Paşayeva hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib.

“İnşallah gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”, – millət vəkili qeyd edib.


Tədbirin təşkilatçıları millət vəkili Q.Paşayevaya geniş məruzə üçün təşəkkürlərini bildirib və bu cür konfransların gənclər üçün böyük önəmini xüsusi vurğulayıblar və ona təşəkkür plaketi və xatirə hədiyyəsi təqdim ediblər.

Tədbirdə iştirak edən Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri prof.Dr. Kemal Çiçek, Giresun Universitetinin sabiq rektoru,

Azərbaycan kökənli prof. Dr. Aygün Attar, Düzce Universitetindən Dr. Gökmen Kılıçoğlu və digər ziyalılar Xocalı Soyqırımı ilə bağlı çıxış edərək gənc nəsillərimizin tarixi həqiqətləri daha geniş bilməsinin və dünyaya daha geniş yayılmasında fəallıqlarını artmasının vacibliyindən danışıblar.

Millət vəkili Q.Paşayevanın konfransda çıxış videosunun bir hissəsinin linkini burdan izləyə bilərsiniz.

BAKU.WS