54 gün erməni mühasirəsində qalmış 19 nəfərin izi ilə… - VİDEO - REPORTAJ
Araz axar lil ilə,
Dəstə-dəstə gül ilə,
Mən yarımı sevirəm
Şirin-şirin dil ilə.
Ay Laçın, can Laçın,
Mən sənə qurban Laçın...
Bu xalq mahnısını sakitcə, öz-özümə oxuya-oxuya ilk dəfə ayaq basacağım, illərdir həsrətində olduğumuz, füsunkar gözəlliklərini televizordan izlədiyim, gəzməli və görməli yerlərini böyüklərimizdən, müəllimlərimizdən eşitdiyim müqəddəs torpaqlara gedirik. Saysız-hesabsız sərin və müalicəvi bulaqları ilə dünyada məşhur olan, sıra dağları, yaşıl meşələri ilə insanı valeh edən Azərbaycanın gözəl guşələrindən birinə... Bəli, yenə işğaldan azad edilmiş ərazilərimizə səfər edirəm - can Laçına, tarixi özündə əbədiləşdirən Oğuldərə kəndinə...
19 nəfərin izi ilə 29 il əvvələ qayıdış
Budəfəki səfərimiz digərlərindən fərqli olaraq, tarixi bir səfərdir. 54 gün - 1993-cü il martın 31-dən mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalmış, əzablı günlər görmüş, dəfələrlə ölümlə üz-üzə gəlmiş, amansız düşmənin caynağından sağ xilas olmağı bacarmış 19 şəxsin – Əli Əliyev, Arif Zülfüqarov, Təvəkkül İbrahimov, qardaşı Muxtar İbrahimov, Əşrəf İlyasov, Şakir İsgəndərov, Bahadır Rzayev, onun qızı Sərmayə Rzayeva (Nübar) və oğlu Sahib Rzayev, Adıgözəl Həmzəyev, Adil Verdiyev, Şakir İsmayılov, Valeh Abdullayev, Ağamalı Mərdanov, Saleh Qasımov, Valeri Nemaşkalov, Vyaçeslav Şirəliyev, Mişa Doşevskiy və Saşa Ovçinnikovun izi ilə gedirik, 29 il əvvəlki o dəhşətli günləri yerində xatırlamağa...
Bizimlə birgə mühasirədə qalmış, hadisə şahidlərinin bir qrupu - Arif Zülfüqarov, Təvəkkül İbrahimov, Muxtar İbrahimov, Əşrəf İlyasov, Şakir İsgəndərov, Adil Verdiyev, Şaki İsmayılov və mərhum Əli Əliyevin həyat yoldaşı Zeynəb Əliyeva, qızı Turac Əlizadə, oğlanları - tanınmış jurnalist İmdad Əlizadə, Babək Əlizadə, Mirzə Əlizadə, 1993-cü il aprelin 3-də Kəlbəcər rayonunun Çaykənd kəndində erməni quldurları ilə döyüşlərdə itkin düşən Möhtəbər İbrahimovun oğlu Şəmşir İbrahimov da Oğuldərəni ilk dəfə ziyarət etməyə gedirlər. Onlar 29 il əvvəl zorla qovulduqları, didərgin salındıqları dədə-baba yurdlarına indi sevinə-sevinə, fərəh hissi ilə, qürurla qayıdırlar.
“Global Media Group” təşkil etdiyi səfərə gedən 35 nəfərin toplanış yeri Göygölün Toğanalı kəndidir. Səhər saat 8-də Kəlbəcərə yola düşürük. Oğuldərəyə tez və rahat çatmaq üçün ən yaxşı yol Kəlbəcərdən keçir. Çünki Oğuldərə Laçının mərkəzindən 70 km uzaqda yerləşir. Kənd Kəlbəcərlə həmsərhəddir, Laçın ərazisi burada qurtarır.
54 gün erməni mühasirəsində qalmış həmin şəxslər Laçın işğaldan azad ediləndən sonra ilk dəfə Oğuldərəyə səfər edirlər. Buna görə kəndə gedən yolun necə və hansı vəziyyətdə olması barədə heç kəsdə dəqiq məlumat yoxdur. Düzdür, digər azad olmuş ərazilərimiz kimi, Laçında da bərpa və yenidənqurma işləri aparılır, yeni infrastruktur yaradılır, rayon dirçəldilir. Buradakı yaylaqlara da arıçılıq və qoyunçuluq təsərrüfatları köçürülüb…
Vətən müharibəsi dövründə qəhrəman əsgərlərimizin döyüşərək, qanı bahasına düşməndən azad etdiyi Ömər aşırımını qalxırıq. Avtomobillərin çətinliklə hərəkət etdiyi, sərt qayaları, çətin relyefi, dolayları olan aşırımın 3260 metr hündürlüyünə çatanda yay fəslinin ortasında olmağımıza baxmayaraq, havanın soyuq olduğunu hiss edirik. Aşırımla gedərkən yolda bir anlıq dayanır, avtomobillərdən düşürük. İmdad Əlizadə buranın 1992-ci ildə ilk dəfə məcburi köçkün düşəndə yurd saldıqları ərazi olduğunu deyir. Çadırdan salınan yurd yeri dağın ətəyində, Kürəkçayın sağ sahilində yerləşirmiş. Hər gün yağan yağış suları çadırın içərisinə axırmış. İmdad Əlizadə indi həmin əraziyə baxır, kədərli-kədərli o ağır və dəhşətli günlərdən danışır, arada dayanır, sanki nəfəs almaqda çətinlik çəkir və bir anlıq qəhərlənir.
Yolumuza bir neçə saat davam etdikdən sonra Kəlbəcər rayonunun Çaykənd kəndinin ərazisinə çatırıq. 54 gün mühasirədə qalmış şəxslər 1993-cü il aprelin 3-də bu ərazidə vasitəsilə xilas olmağa cəhd edib. Lakin erməni yaraqlıları Tərtər çayının üzərindəki körpülərdə pusqu qurublar. Həmin şəxslər pusquya düşüb və döyüş başlayıb. Döyüş zamanı şəhidlərimiz olub və bir neçə şəxs itkin düşüb. İndiyə qədər həmin şəxslərin taleyi barədə məlumat yoxdur.
Mühasirədə qalmış şəxslərdən biri, Oğuldərə kəndində anadan olmuş Şakir İsgəndərova yaxınlaşıram. Həmin dövrlərdə baş verən hadisələr barədə söhbət edirik. İllər sonra mühasirədə qaldığı ərazilərə gəlmək, həmin tarixi hadisələri xatırlamaq onun üçün çox çətindir. Bu, Şakir dayının kədərli simasından, ağır-ağır danışmasından, arabir köks ötürməsindən hiss olunur. O, burada necə mühasirəyə düşdüklərini, ermənilərin hərbçi və mülki azərbaycanlıları necə pusquya saldıqlarını xatırlayır.
Keçmiş döyüşçü olmuş Şakir İsgəndərov deyir ki, o dövrlər Bakı şəhərində yaşamağına baxmayaraq, könüllü sürətdə Azərbaycan Milli Ordusuna yazılıb və Laçında yeni yaradılmış 811 nömrəli motoatıcı diviziyasında xidmət edib. O söyləyir ki, 1993-cü ildə Kəlbəcər hadisələri başlayan zaman bir qrup həmyerliləri və döyüş yoldaşları ilə birlikdə rayonu tərk etmək məcburiyyətində qalıb: “Kəlbəcərin Çaykənd kəndinə gəldik və mühasirədə olduğumuzu gördük. Burada qəflətən erməni döyüşçülərinin qurduğu pusquya düşdük. Döyüş başladı. Bu zaman döyüşçü yoldaşım Tərlan və Vüqar şəhid oldu. Oğuldərə sakinləri – Temir İbrahimov, oğlu Ağaşirin İbrahimov və Möhtəbər İbrahimov isə itkin düşdü. Biz Tərtər çayını keçə bilmədik və məcburi 19 nəfər geri – Oğuldərə kəndinə qayıdaraq dağlarda gizləndik”.
Sonra digər keçmiş döyüşçü Şakir İsmayılovun yanına gedirəm, 29 ilə qayıdıb onu söhbətə tuturam. O da adaşı ilə birgə Laçında yeni yaradılmış 811 nömrəli hərbi hissədə xidmət edib. Tarixi anları danışır, döyüşləri xatırlayır, söhbət etdikcə də qəhərlənir. Qəhərini güclə boğa-boğa bildirir ki, döyüşlər zamanı yoldaşları pərən-pərən düşüb: “Biz digər yoldaşlarımıza çata bilmədik. Kəlbəcərin Zülfüqarlı kəndinə çatanda, tunel istiqamətində atışmanın getdiyini gördük. Məlum oldu ki, tunel bağlıdır və istiqamətimizi Kəlbəcərin Əsirik kəndi tərəfə dəyişdik. Sonra döyüş yoldaşım Ağamalı ilə bura gəldik. Yedəyimizdə də at vardı. Mən olan istiqamətə üç güllə atdılar. Bir anlıq elə bildim ki, bizim döyüşçülərdir. Başımdakı papağı çıxarıb yellədim. Bir az irəli gedəndə başa düşdüm ki, onlar ermənilərdir. Burada gizlənən azərbaycanlılarla qarşılaşdıq. Bir evdə gizləndik, səhəri gün isə bizə daha bir neçə şəxs qoşuldu və yeddi nəfər olduq. Atları açmağa gedən iki nəfər isə gec gəldi. Onlar qayıdanda dedilər ki, qarşı tərəfdəki ərazidə yaralılarımız var. Nə qədər cəhd etsək ki, mühasirəni yara bilmədik. Sonra bir yerə toplaşaraq məsləhətləşdik ki, 19 nəfər Laçına geri qayıdaq…”
İmdad Əlizadə də mərhum atası Əli Əliyevin vaxtilə ona danışdığı o çətin və ağrılı günlərdən söhbət açır. Jurnalist deyir ki, 19 nəfərin 54 günlük mühasirəsinin başlanğıc nöqtəsi Kəlbəcər rayonunun Çaykənd kəndi olub. Ona da bu barədə mərhum atası söyləyib.
İmdad Əlizadə dağlara, sıldırım qayalara, Tərtər çayına ürəkağrısı ilə baxa-baxa sanki gözləri ilə atasını axtarır, onun ruhunu görür. Gözünü dağın zirvəsinə zilləyərək atasının ən böyük arzularından birini xatırlayır: “Atam döyüşə düşdüyü, mühasirədə qaldığı əraziləri ziyarət etmək istəyirdi. Hətta o, sağlığında müxtəlif beynəlxalq təşkilatlara müraciət etmişdi. Təəssüflər olsun ki, atamın cəhdləri nəticə vermədi, o, böyük arzusunu həyata keçirə bilmədi. Amma bu gün biz qürurluyuq. Ona görək ki, artıq həmin ərazilərə alnıaçıq, üzüağ gəlmişik. Atamın mühasirədə qaldığı, gündüzlər gizlənib, gecələr hərəkət etdiyi ərazilər bu gün tamamilə azaddır”.
Bizi tarixi hadisələrin yaşandığı Oğuldərəyə aparan yol…
19 nəfərin mühasirəyə düşdüyü Çaykənd kəndinin ərazilərini qarış-qarış gəzdikdən sonra yolumuza davam edirik. İlk dəfə Kəlbəcər tunelindən keçirəm. Erməni faşistlərinin burada neçə-neçə azərbaycanlını qətlə yetirdiyini xatırlayıram. 1993-cü il martın 31-də rayon ərazisini işğal edərkən tunelin qarşısında pusqu quran erməni silahlı birləşmələri buradan keçərək təhlükəsiz yerə getməyə çalışan dinc azərbaycanlıları gülləbarana tutaraq qətlə yetiriblər…
Yolumuz uzundur, axşam tərəfi isə Kəlbəcər rayonu ərazisini tərk edirik. Növbəti istiqamətimiz Laçının Oğuldərə kəndinədir. Lakin qərara gəlindi ki, gecəni Laçının Qorçu kəndində qalaq. 35 nəfərlik heyət burada gecələyir. Dan yeri sökülən kimi yuxudan oyanır, hazırlıqlarımızı görür və Oğuldərəyə yollanırıq. Budur, dağlıq ərazidə yerləşən kəndin xarabalıqları uzaqdan görünür. İşğal dövründə düşmən kəndi viran qoyub, daşı-daş üstündə saxlamayıb…
Kənd 1993-cü ilin mart ayının 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Oğuldərə sakinləri əvvəl uşaq, qoca və qadınları Kəlbəcər istiqamətinə yola salıb. Burada olan kişilərin bir qismi isə kəndin müdafiəsi üçün əllərinə silah alaraq, Oğuldərədə qalıb…
Oğuldərə adamları soykökləri ilə tanınır. Oğuldərəlilər Qaraçanlı tayfasındandırlar. Laçının və Kəlbəcərin bir neçə kəndi Qaraçanlı soyköklüdür, bu tayfadandır. 1992-ci ildə Oğuldərənin 1000 nəfərdən artıq əhalisi vardı. Kənddə orta məktəb, kitabxana, tibb məntəqəsi fəaliyyət göstərirdi, klub və uşaq bağçasının tikintisi başa çatmışdı. Təəssüflər olsun ki, erməni işğalı zamanı kənd ərazisindəki bütün evlərlə yanaşı, məktəb, kitabxana, tibb məntəqəsi vandallar tərəfindən yandırılaraq dağıdılıb.
Kəndin giriş hissəsində dayanırıq. Səfər iştirakçılarını Müdafiə Nazirliyinin istehkamçıları müşayiət edir. Onlar ərazidə mina və partlamamış hərbi sursat olub-olmadığını yoxlayırlar. Bir neçə dəqiqə sonra Oğuldərənin mərkəzi istiqamətinə yol alırıq. Əli müəllimin evinin yaxınlığında dayanır, avtomobillərdən düşürük. 29 ildən sonra kəndlərinə gələn sakinlər göz yaşlarını saxlaya bilmir. Viran qalmış evlərinə tərəf yollanırlar. Öz aralarında danışa-danışa “bu, filənkəsin evidir, əvvəllər burada ağaclar da vardı” deyərək yurd yerlərinə yaxınlaşırlar. Kənd sanki yenidən canlanır, dağıdılmış və yandırılmış evlərin qalıqları sahiblərinə qucaq açır.
19 nəfərin pənah yeri olan müqəddəs ocaq
Bizi isə hələ çox çətin və uzun yol gözləyir. Mühasirədə qalan şəxslərlə birlikdə bir aydan çox düşməndən gizləndikləri, onların ümid və pənah yeri olan əraziyə yollanırıq. Yolun bir neçə km-lik hissəsini hərbi avtomobillə gedirik. Çayın kənarına çatanda isə avtomobil yolu bitir, dağlıq ərazilərdəki köhnə cığırlar başlayır.
Qoyun təsərrüfatlarını Oğuldərəyə gətirmiş kənd sakinləri Qasım İbrahimov, Hidayət İbrahimov dağa qalxmaq üçün at gətirirlər. Bir neçə şəxs at belində, digərləri isə piyada yola davam edir. İllərdir ayaq basılmayan ərazilərdə hündür yabanı otlar bitib. Qızmar günəş altında, tikanlı bitkiləri yara-yara, bumbuz bulaqlardan su içə-içə, təngnəfəs halda dağları qalxırıq. Hər yer gül-çiçəkdir, onların qoxusu dağlara və yaylaqlara yayılıb. Mühasirədə qalan şəxslər ora tez bir zamanda getmək istəyirlər, sanki doğma yurdlarını görmək üçün səbirsizlənirlər. Bir neçə saat ərzində kilometrlərlə yol qət edir və nəhayət, Oğuldərə sakini seyid Əliheydər İbrahimova məxsus yay evinə, 19 nəfərin sığındığı yurda çatırıq…
Əliheydər İbrahimov evi 1980-ci illərdə Oğuldərənin yaylağında tikdirib. Sahibi buradan yay evi kimi istifadə edirmiş. Kəndin mərkəzindən 10 km-dən çox uzaqda olan ev hündür dağın yamacında yerləşir. 19 nəfər mühasirəyə düşdüyü Kəlbəcərdən bura sığınmaq üçün gəlmişdi…
Ev 30 ilə yaxındır baxımsız vəziyyətdə qaldığı üçün dam örtüyünün bəzi hissəsi dağılıb, taxtaları çürüyüb, pəncərələri qırılıb, otağın divarlarının suvağı nəmişlikdən yerə tökülüb. Evə daxil oluruq, 29 il əvvəl 19 nəfərin məcburi qoyub getdiyi əşyaların bəziləri yerində qalıb – dəmir çarpayılar, taxtlar, stol, çaynik, ələk, sac, yorğan-döşək, kitablar və s…
Bu zaman gözüm mühasirədə qalmış şəxslərdən biri Əşrəf İlyasova sataşır. O, doluxmuş halda bir hissəsi çürümüş yorğanı yerdən qaldırır. Köks ötürə-ötürə deyir ki, yorğanı 29 il əvvəl gecə gizlincə evinə gedərək bura gətirib: “Həmin vaxt çox çətin idi. Özümüz-özümüzdən oğurluq edirmiş kimi, gizlincə evimizə getdim. Oradan yorğan-döşəyimi bura gətirdim. Yorğanın mənim olduğunu sırığından tanıdım. Bunu rəhmətlik nənəm sırımışdı. Bu sac da nənəmin idi. Onu evimizdən bura qədər kürəyimdə gətirmişəm. Mühasirədə qalanlar üçün çörək bişirirdik”. Əşrəf dayı danışa-danışa gözlərindən axan yaşları silir. Sonra mühasirə dövründə hansı yerdə yatdığını göstərir…
Evin yaxınlığında kahalar da var. Şakir İsgəndərov xatırlayır ki, həmin kahalarda yemək hazırlanırdı, çörək bişirilirdi: “Sərmayə yeməklərin hazırlanmasında və çörəyin bişirilməsi ilə məşğul olurdu. Ona isə Əşrəf kömək edirdi. Çünki Əşrəf əvvəllər çörək sexində çalışmışdı, bunu bacarırdı. Yemək-içməyimiz isə bu evdə olurdu. Adaşım, öz aramızda “Qara Şakir” dediyimiz Şakir İsmayılov isə mal-qoyunun kəsilməsi, ətin doğranması ilə məşğul olurdu. Gündüzlər evin arxa hissəsindəki yüksəklikdən ərazilərə nəzarət edirdik, gecələr isə burada yatırdıq. Bax, səhərlər bu taxtlara yorğan-döşəklərimiz yığılardı, gecələr isə yerə sərilərdi və yatardıq. Odun sobası isə burada idi (əli ilə sobanın yerini göstərir).
Bu ev əvvəllər ocaq sayılıb. Kimin nə diləyi, nə arzusu olarmışsa, bura - ocağa gələrmiş. Biz də Kəlbəcərdən bu evə həmin dilək və arzu ilə gəldik, seyid Əliheydərin ocağına pənah gətirdik. Allahın köməkliyi ilə də mühasirədən çıxaraq xilas olduq. Düzdür, çox əziyyətlər çəkdik. Həmin vaxt ermənilər kəndimizə qədər gəlmişdi. Lakin onların ağlına da gəlməzdi ki, biz burada gizlənərik. Burada özümüz üçün mal-qara saxlayırdıq. Yoxsa acından ölərdik. Həmçinin iki atımız vardı. Atlardan biri hörükdə olan zaman açılıb uzaqlaşmışdı. Ərazidə olan ermənilər atı görüb, onu tutmağa çalışdı. At da onlardan qaçaraq bura qayıtdı. Erməni də onun arxası ilə gəldi və bizim yerimizi bildi. 1993-cü ilin may ayının 15-də biz buranı gecə ilə tərk etdik. Bir sözlə, həmin ilin aprel ayının 9-dan may ayının 23-dək seyid Əliheydərin ocağında yaşadıq və məcburiyyət qarşısında buradan getdik”.
Təvəkkül İbrahimov evin baş hissəsinə yerləşdirilmiş taxtlarda kimlərin yatdığından danışır. O, birinci taxtı göstərərək deyir: “Burada Ariflə mən yatırdım. Digər taxtda isə Şakir İsgəndərov yatırdı. Kənddən gətirdiyimiz yorğan-döşəkləri isə yerdən salırdıq. Digər şəxslər də orada yatırdı. Şakir İsgəndərov bizim ən çox əziyyətimizi çəkənlərdən biri olub. O, kəndlərə gedib ərzaq gətirərdi. Ora gecələr gedərdi. Evlərin içərisində ərzaq axtarardı”.
Əynində Milli Ordunun ovaxtkı forması, böyründə qınına salınmış xəncəri ilə Şakir İsmayılov evə daxil olur. Bir az duruxur, gözlərini otağın dörd divarında gəzdirir. Sakitcə yerdəki əşyalara, baş tərəfdəki taxtlara baxır. Əvvəl vaxtı ilə sığındığı evi tikən şəxsə rəhmət oxuyur, sonra bizə bir aydan artıq yatdığı yeri göstərir. Keçmiş döyüşçü bildirir ki, yerdə “spalni meşok”da (yataq tulumu) yatıb. Qeyd edir ki, mühasirədə olan zaman hazırda əynindəki hərbi formada olub, böyründəki xəncər də onun silahlarından biri imiş. Mühasirədən xilas olan zaman yataq tulumunu, hərbi formanı və xəncəri özü ilə aparıb və illərdir onları yadigar saxlayır.
Mühasirədə qalmış şəxslərlə birgə İmdad Əlizadə də otaqda olan əşyalara, kitablara baxır. Mərhum atasının vaxtilə ona söylədiklərini xatırlaya-xatırlaya otaqda gəzişir, əşyaları bir-bir göstərir. Əli Əliyevin 29 il əvvəl qoyub getdiyi əşyalara toxunur. Sanki atasının əl izlərini görür. Buradakı kitabları Əli müəllimin tapşırığı ilə evlərə ərzaq daşımaq üçün gedən şəxslər gətirib. 19 nəfər boş vaxtlarında kitab oxuyaraq vaxtlarını keçirirmiş. Jurnalist söhbət əsnasında söyləyir ki, bu ev onun üçün müqəddəs yerdir: “Çünki atam Oğuldərəyə müqəddəs yer kimi yanaşırdı. Bu gün mən bura gəlməyimə “səfər” yox, “ziyarət” deyirəm. Mənim ən böyük və müqəddəs arzum həyata keçdi. Həmişə diləyirdim ki, ömrümdə bircə dəfə də olsa, gedib doğma yurdumu ziyarət edim. Arzuma çatdım. Burada atamın ruhu dolaşır, onun ayaq izlərini görürəm. Sanki buradakı əşyalar dillənir, atamın burada keçirdiyi günlərin şahidi kimi danışır…”
Komandirsiz gəldiyimiz yurddan geri dönüş
2017-ci ildə vəfat edən Əli Əliyev mühasirədə qaldığı dövrdə 18 nəfərin komandiri olub. Bu, həmin şəxslərin öz aralarında verdiyi qərar olub. O, həm ali təhsilli olduğu, həm rus dilini bildiyi (mühasirədə qalanlardan 4 nəfəri Azərbaycan Ordusunun rus əsilli döyüşçüləri olub), həm də ehtiyatda olan zabit olduğu üçün belə bir qərar qəbul edilib. Bu barədə Əli müəllim yazdığı “54 gün erməni mühasirəsində” kitabında da qeyd edib.
Evin yuxarı hissəsində olan ağacların altında oturur, istirahət edirik. Kimi su içir, kimi özü ilə gətirdiyi çantanın içərisindəki çörəkləri çıxarıb səfərə gələnlərlə bölüşür. Yorğunluğumuz çıxa-çıxa Arif Zülfüqarovun şirin və maraqlı söhbətlərinə qulaq asırıq. O, mühasirədə qaldıqları günləri, düşmənə görünmədən, çətin yollardan keçərək 9 gecə ac-susuz Laçının Güləbird kəndinə getməkləri barədə danışır. Arif dayı bir neçə dəfə möcüzəvi şəkildə düşməndən necə yayındıqlarını kədərli-kədərli xatırlayır...
Evdə işimizi yekunlaşdırırıq və yenidən Oğuldərə kəndinin mərkəzinə yol alırıq. Gəldiyimizdən fərqli olaraq, bir qədər yolumuz asanlaşmışdı. Çünki indi qalxdığımız dağları enirik, bu da bir qədər sürətimizi asanlaşdırır, tez bir zamanda kəndə çatırıq. Gecə yenidən Qorçu kəndində qalırıq. Səhər tezdən oyanıb Güləbird kəndinə üz tuturuq. Qərara alındı ki, Laçın dəhlizindən keçək. Bir neçə saat yol getdikdən sonra Güləbirdə - 19 nəfərin xilas olduğu yerə çatırıq…
Mühasirədə qalan şəxslər xilas olduqları Güləbird kəndindəki xatirələrini bölüşürlər.
Laçının Oğuldərə kəndindən məcburi çıxan 19 nəfər yol getdikləri 9 gecədən sonra Güləbird kəndi ərazisində dayanıb və qərara gəlinib ki, ağ bayraqla Həkəri çayının sol sahilindəki post tərəfə yollansınlar. Buradakı postun isə Milli Ordunun və ya Ermənistan silahlı qüvvələrinə məxsus olması barədə dəqiq məlumat yox imiş. 19 nəfər qərar veriblər ki, əgər həmin post ermənilərə məxsus olarsa, ora 30-40 metr qalmış döyüşə başlanılsın. “Ey postdakılar, kimsiz?” deyə bir neçə dəfə səsləniblər. Post isə çox gec cavab verib. Sonradan isə “biz də azərbaycanlıyıq, qorxmayın, gəlin” deyiblər. Şakir İsgəndərovun 54 gün mühasirədə özü ilə gəzdirdiyi üçrəngli Azərbaycan bayrağını ağ bayraqla əvəzləyiblər. Daha sonra Əli Əliyev bayrağı götürərək qabaq tərəfdə posta tərəf yaxınlaşıb və cibindəki pasportu əsgərə təqdim edib. Bu zaman əsgər silahını aşağı salaraq Əli Əliyevi qucaqlayıb. Digər şəxslər də arxa tərəfdən onlara yaxınlaşaraq xilas olublar.
Ə.Əliyev “54 gün erməni mühasirəsində” kitabında həmin anı belə qeyd edib:
“Rus əsgərlərə dedim ki, posta yaxınlaşanda hamıdan arxada dayanın, səsinizi çıxarmayın, Azərbaycan dilində danışsanız da, ləhcə fərqi var, postda dayanan əsgərlər bizi erməni bilər, qırarlar. Hamısı razılaşdı. Posta yaxınlaşanda silahları gizlətmək vacib idi. Çünki postda dayanan əsgərlər silahları görüb bizi erməni silahlıları bilib atəş aça bilərdilər. Post sol tərəfdə olduğuna görə silahları sağ tərəfimizdə tutmağı, mümkün qədər gizlətməyi qərara aldıq. Həkəri çayının sahilindən bir söyüd ağacı gətirdik, qol-budağını qırdıq. Bir ağ torbanı cırdıq, bayraq düzəltdik. Seyid Şakir xeyir-dua verdi, yola düşdük.
Birinci adam tez-tez dəyişilirdi. İrəlidə Şakir İsgəndərov gedirdi, onun ardınca əlimdə ağ bayraq mən gedirdim. Şakir birdən durdu.
Soruşdum ki, niyə durdun?
– Gedə bilmirəm, yerimək mümkün deyil.
– Dön sağa, çıx döşə.
O da belə etdi. İşıqlaşırdı, dan yeri sökülürdü. Çayın qırağında tək ağac, üst tərəfdə isə bir dəmir güclə görünürdü. Əlimdə ağ bayraq tutmuşdum. Hamı bir-birinin ardınca muncuq kimi düzülmüşdü, gedirdik. Postun bərabərinə çatar-çatmaz çağırdıq:
– Ey postdakılar, siz kimsiz? Biz azərbaycanlıyıq.
Ermənisinizsə, bizə güllə atmayın! Təslimik.
Post cavab vermədi. Bir anın içində başlar göründü və yox oldu. Deməli, keşikçi dəstəsi silahı bizə tuşlayıb, bizi nişan alıb. Hər an güllə açıla bilər və bizi qırarlar. Bizim gizlənməyə, daldalanmağa heç bir yerimiz yoxdur. Çaydan aralı, dağın döşündəydik.
Yenə də çağırdıq:
– Bizə güllə atmayın. Ermənisinizsə, sizə təslimik.
Bizə güllə atmayın. Biz azərbaycanlıyıq.
Çağıra-çağıra nə qədər cəld yeriyə, qaça biliriksə, o qədər də gedirdik. Post isə cavab vermirdi ki, vermirdi.
Xeyli gəlmişdik, nəhayət ki, postdan cavab gəldi:
– Biz də azərbaycanlıyıq, qorxmayın, gəlin.
Qorxurduq. Hey çağırırdıq:
– Ey qardaşlar, balalar, fikrinizi dolaşdırmayın, bizə
güllə atmayın, erməni olsanız, sizə təslimik. Azərbaycanlısınızsa, bizə kömək eləyin.
Postdan yenə də cavab gəldi:
– Azərbaycanlıyıq!
Mən təkbir gətirdim:
– Allahu-Əkbər!
Yoldaşlar səsimə səs verdilər:
– Allahu-Əkbər!
– Ya Əli!
– Ya Əli!
Postdan yenə cavab verdilər ki, qorxmayın, gəlin, körpüyə tərəf enin, sizi qarşılayacağıq.
Qorxudan ölürdük, amma nə etmək olar, ayrı çıxış yolu yoxdur. Qazıdərəsi körpüsünə yaxınlaşanda ağ bayrağı, ağ torbanı yerə atdıq. Şakir İsgəndərov cibindən bir milli bayraq çıxartdı, yenə də həmin söyüd ağacına bağladıq, yenə də mən götürdüm və körpüyə tərəf yeridik.
Post nizamnaməyə uyğun hərəkət edirdi. Bir nəfər körpünün biz tərəfində dayanmışdı – ayaq üstdə, avtomat sinəsində, barmağı çaxmaqda. Qalan əsgərlər isə müdafiə yerində gizlənib bizi izləyirdilər.
Əsgər dedi ki, xahiş edirəm inciməyin, qaydalara əməl etməliyəm, kimdə sənəd var, irəli gəlsin.
Əlimi qoltuq cibimə saldım və oradan qara üzlük çəkilmiş sovet pasportumu çıxartdım, pasport əlimdə irəli yeridim və həmin əsgərə verdim.
Pasportu açdı. Oxudu və dedi:
– Xoş gəlmisiniz.
Əsgər bizi qucaqladı. Əsgərlər bizə tərəf yüyürdülər. Hamı boynumuzu qucaqlayır, bizi öpür, öz doğması kimi qəbul edirdi. Kimi su gətirir, kimi qolumuzdan tutub oturmağa kömək edir, kimi qaça-qaça vaqondan çörək gətirir, kimi siqaret yandırırdı.
Əsgərlər bizi görəndə ağladılar.
Biz isə ağlamırdıq. Ağlamaq balaca sözdür. Üzümüz aşağı bəlkə on yerdən yaş axırdı. Sağ qaldığımıza, erməni mühasirəsindən çıxıb özümüzünkülərə qovuşduğumuza inana bilmirdik, bizə yuxu kimi gəlirdi. Bir-birimizə gözaydınlığı verirdik”.
İndi bunları mənə Şakir İsgəndərov danışır. Necə sevindiyi gözlərindən sezilir. Danışdıqca elə bilirsən ki, hadisələr bir neçə saat əvvəl baş verib. Lakin tarixi anların üzərindən 29 il keçib. Bu illər ərzində mühasirədə olan şəxslərin bir neçəsi həyatdan köçüb. İndi onların ruhları şaddır. Onların mühasirədə qaldıqları yerlər, gecələr gizlincə getdikləri ərazilər hazırda azaddır…!
Üçgünlük səfərimiz başa çatır, hər kəslə sağollaşıb, Bakıya qayıdırıq.
Yenidən Oğuldərəyə qayıtmaq ümidi ilə buradan yalnız xoş təəssüratlarla ayrılırıq…
Qeyd edək ki, 19 nəfərin 54 gün davam edən mühasirə həyatından bəhs edən sənədli film çəkilir. “Global Media Group”un dəstəyi ilə lentə alınan “Parabüzən” adlı ekran əsərinin ssenari müəllifi “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyevdir. Sənədli film tezliklə geniş ictimaiyyətə təqdim olunacaq.
“Report” İnformasiya Agentliyi
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...