VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ötən gün dünyasını dəyişən Xalq artisti Amaliya Pənahova ilə vida məraismi keçirilib.

BAKU.WS-in məlumatına görə, vida mərasimində aktrisanın ailə üzvləri, sənət dostları, tələbələri, dövlət rəsmiləri və başqaları iştirak ediblər.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bunları deyib:

"Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Dünən bu xəbər ictimaiyyətdə çox böyük həyəcan oyatdı. Amaliya xanım Azərbaycan teatrı üçün əvəzolunmaz şəxslərdən biridir".

Xalq artistinin həm kino, həm də teatr səhnəsində yaratdığı yadda qalan obrazlarını qeyd edən nazir onun 1992-ci ildə yaratdığı Bakı Bələdiyyə Teatrındakı fəaliyyətindən də söz açıb:

"Amaliya xanım bu teatra orta və yaşlı nəsillə yanaşı gənc istedadlı aktyorları cəlb etmiş və onların yaradıcılıqları inkişaf etdirmək üçün var qüvvə ilə çalışardı. Məndə olan məlumata görə, Amaliya xanım rəhbəri olduğu Bakı Bələdiyyə Teatrının məşqlərinə müalicə aldığı xəstəxanadan çıxıb gələrək nəzarət edirdi". 

Nazir həmçinin Prezident və birinci xanımın vida mərasiminin yüksək səviyyədə təşkil olunması ilə bağlı tapşırıq verdiyini diqqətə çatdırıb:

"Dünən xəbəri eşidən kimi, hörmətli prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva başsağlığı verdi və vida mərasiminin yüksək səviyyədə keçirilməsi barədə tapşırıqlar verdi. Allah ona rəhmət etsin."

Hüseyn Məmmədsalahov
BAKU.WS