Turistləri heyran qoyan DİYAR: Alov, neft və palçığın qovuşduğu məkandan FOTOREPORTAJ
Bu gün Dövlət Turizm Agentliyi Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil edib.
BAKU.WS xəbər verir ki, yerli mətbuat nümayəndələri üçün təşkil olunan mediatur çərçivəsində iştirakçılar əvvəl Kompleksin Turizm İnformasiya Mərkəzi və sərgi zallarını gəzib, palçıq vulkanlarının geoloji özəllikləri, yaranma mexanizmi və təbii sərvətləri haqqında ətraflı məlumatlandırılıblar.
Proqramın davamında jurnalistlər Azərbaycan və dünya faunasına aid 1000-ə yaxın nümunənin sərgiləndiyi Təbiət Tarixi Zalını ziyarət edib.
Emalatxanalarda dulusçuluq işlərinə və neftlə çəkilən rəsm əsələrinə baxış keçiriblər.
Daha sonra mətbuat nümayəndələrinə palçıq vulkanlarını ziyarət edən turistlərin statistikası barədə məlumat verilib.
Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli açıqlamasında bildirib ki, bu ilin yanvar-avqust aylarında Palçıq Vulkanları Turizm Kompleksini ümumilikdə 28 979 nəfər bilet alaraq ziyarət edib.
Onlardan 26 235 nəfəri xarici, 2 744 nəfəri yerli turist olub.
"798 nəfər ödənişsiz qaydada Kompleksi ziyarət edib. Xarici turistlər dünyanın 150-dən çox ölkəsini təmsil ediblər. Onlar arasında Çin, Rusiya, Türkiyə, İsrail, Hindistan, Polşa, Almaniya, İtaliya, Bəhreyn və ABŞ vətəndaşları üstünlük təşkil ediblər" - deyə qurum, rəsmisi əlavə edib.
Mediatur zamanı vurğulanıb ki, palçıq vulkanlarının ətrafında müasir turizm infrastrukturunun yaradılması bu ərazilərdə yerləşən vulkanlar haqqında ictimai maarifləndirməni artırır.
Daha sonra jurnalistlər unikal təbiət hadisəsi kimi turistlərin diqqətini cəlb edən palçıq vulkanları ilə tanış olublar.
Bildirilib ki, buradakı açıq ərazidə bir sırada düzülmüş 8 sopkadan (təpə) ibarət "Qılınc" palçıq vulkanını, həmçinin neft püskürən vulkanı yaxından izləmək mümkündür. Bundan başqa, Azərbaycanın və dünyanın ən böyük palçıq vulkanı sayılan, hündürlüyü 402, diametri 150 metr olan "Torağay" palçıq vulkanını kənardan müşahidə etmək mümkündür.
Sonda isə qeyd etmək lazımdır ki, ölkəmiz Yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınır. Yerin dərinliklərindən süzülən bu təbiət möcüzələri füsunkar mənzərə yaratmaqla yanaşı, həm də xalqımızın təbii sərvətidir.
Müxbir: Zöhrə Pənahi
Foto: Təranə İbrahimova
Qalereya
Oxşar xəbərlər
Bir zamanlar Cənubi Qafqazda yaşayan Binəqədi kərgədanının görüntüləri
Turistlərin axın etdiyi Palçıq Vulkanları Turizm Kompleksinin Təbiət tarixi sərgi zalı maraqlı və nadir eksponatlarla diqqət mərkəzindədir. Belə ki, burada Azər...