26 yaşlı üç uşaq anası Əfsanənin yaşadığı dəhşət: Əri qırmancla döyürmüş - VİDEO
17 yanvarda 1993-cü il təvəllüdlü İsayeva Əfsanə Cəmil qızı, 9 yaşlı qızı Nurcan, 8 yaşlı oğlu Nurlan və 1 yaşlı oğlu Sərxan İsayevin itkin düşməsilə bağlı məlumat yayıldı. Sonra məlum oldu ki, 10 ildir ailəli olan gənc qadın son dəfə qırmancla döyüldükdən sonra üç azyaşlı uşağını da götürüb evdən qaçıb. Bakıya üz tutaraq Xoşqədəm Hidayətqızını axtarıb tapıb, ondan kömək istəyib. Qadının əri Səxavət elə həmin günü həyat yoldaşının və uşaqlarının itkin düşməsilə bağlı polisə müraciət edib. Ərinin işgəncələrindən qaçan üç uşaq anası olan 26 yaşlı Əfsanənin yaşadıqları ölkə ictimaiyyətində rezenans doğurub. Əfsanənin həyat yoldaşı Səxavət fermada çobanlıq edir. Ailə elə həmin fermada yaşayır.
Canını və uşaqlarını götürüb evdən qaçan qadın bu illər ərzində mütəmadi şəkildə döyüldüyünü, təhqirlərə məruz qaldığını bildirib. Qadının sözlərinə görə, dəfələrlə anasına bu barədə desə də, ana qızına "Qadın ağ gəlinliklə getdiyi ər evindən ağ kəfənlə çıxar", deyərək dözməyi məsləhət verib.
Əfsanənin söylədikləri və xarici görünüşü hər kəsi dəhşətə gətirib. Belə ki, 16 yaşından ərə verilən və üç uşaq anası olan Əfsanınin 26 yaşında olduğuna heç kim inanmayıb. Sosial şəbəkələrdə münasibət bildirən izləyicilər ona 40-dan az yaş verməyiblər. Hətta Əfsanənin nəinki 26, 76 yaşlı qadına bənzədiyini deyənlər olub.
Əfsanə 9 yaşlı qızının və 8 yaşlı oğlunun oxumaq-yazmaq bilmədiyini deyib:
"Uşaqlarımı məktəbə buraxmır. Adları məktəbdə gedir, ancaq özləri getmirlər. Nə qızım, nə də oğlum oxumaq-yazmaq bilmirlər. Uşaqlarımı oxutmaq istəyirəm".
"O, böyük səhv edib evdən çıxıb. Hər evdə söz-söhbət olub. Mən ona 2 qırmanc vurmuşam. Çox əsəbiləşdim, ata vurulan qırmancı götürüb vurdum. Səhvimi başa düşürəm. Üç uşağım var, barışmaq istəyirəm".
Qeyd edək ki, ailə daxilində baş verən fiziki şiddət Azərbaycan Respublikası Cinayət Məcəlləsi və İnzibati xətalar məcəlləsi ilə tənzimlənir.Cinayət Məcəlləsində bu hallar qəsdən sağlamlığa ağır zərər vurma, qəsdən sağlamlığa az ağır zərər vurma, qəsdən sağlamlığa yüngül zərər vurma, əzab vermə maddələri ilə qeyd olunub.Qəsdən sağlamlığa ağır zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırQəsdən sağlamlığa yüngül zərər vurma beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.Əzab vermə iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə isə iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.İnzibati xətalar məcəlləsinə görə isə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
Oxşar xəbərlər
Tolikin bu fikirləri etirazla qarşılandı - VİDEO
Xəzər TV-də aparıcılıq edən prodüser Tolik (Əliyev Tarıx) efirdə qadına şiddəti təbliğ edib. Bununla kifayətlənməyən prodüser aparıcısı olduğu "Hər şey daxil" v...