SİZİN REKLAM BURADA!
055 213 76 73


“Təzə bazar” artıq aylardır fəaliyyət göstərmir. Səbəbi yeni sahibkarın bazar ərazisini almasıdır. Yeni mülkiyyətçi 700-ə yaxın dükanın olduğu bazar ərazisinə 35 dükan sahibini buraxmır.

BAKU.WS xəbər verir ki, aylardır qazanc yerindən məhrum olan dükan sahiblərinin problemini İTV xəbər araşdırıb.

Sahibkar Allahverdi Zərbəliyev bildirib ki, 47 ildir, bu bazardadır: “Mənim bütün cavanlığım, həyatım, qocalığım - hamısı orada keçib. Hətta orada da xəstəliklər tapmışam. İndi də ciddi ürək xəstəsiyəm. Mənə əsəbləşmək olmaz, amma bunlar elə şərait yaradırlar ki, biz bu yaşımızda kiməsə möhtac olaq”.

35 sahibkar 4 aydır ki, Allahverdi Zərbəliyev kimi eyni problemi yaşayır. Onlar təzə bazarın ərazisinin bir hissəsini alan yeni bir sahibkarın mühasirəsindən çıxa bilmədiklərini deyirlər. Özəl şirkət bazarın darvazalarını tamamilə bağlayıb, çıxarışlı dükanları olan sahibkarlara işləməyə imkan vermir.

Sahibkar Elnur Quliyev isə kompensasiya tələb edir: “Bazarı almısan, yaxşı etmisən, halal xoşun olsun, məni yola sal. Mənim pulumu sən verməlisən. Mənim əlimdə dövlətin kupçası var”.

Sahibkar Faiq Əbdülsalamov da şikayət edib: “Bizə obyekt kimi yox, boş bir sahə kimi kompensasiya vermək istəyir. Axı hər yerdə obyektin özünün qiyməti var. Ona görə dövlətdə qeyri-yaşayış sahəsi kimi qeyd olunur”.

Məlumata görə, bazarda 700-ə yaxın dükanda azı 1500-ə yaxın işçi çalışıb. Əksəriyyəti icarədar olduğundan şəhərin müxtəlif yerlərinə köçməyə məcbur olublar. Yalnız 35 nəfərin əmlakına dair çıxarışı var, tələbləri isə ya razılaşıb dükanlarını yeni sahibkara satmaq, ya da fəaliyyətlərinə davam etmələri üçün imkan yaradılmasıdır.
Sözügedən sahə ilə bağlı Nəsimi rayon icra hakimiyyətindən bildirilib ki, ərazi dövlət mülkiyyətindən çoxdan çıxarılıb. Ona görə də sahənin hər hansı gələcək fəaliyyətini qurum tənzimləmir.

Eyni mövqeyi mülkiyyətçilərə çıxarışı təqdim edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidməti də bölüşüb.

35 mülkiyyətçinin şikayətçi olduğu şirkətin İlham adlı nümayəndəsi isə bazar darvazalarının bağlanmadığını bildirib.

Vəkillər Kollegiyasının üzvü Pərviz Məmmədov isə mülkiyyət hüququ pozulan sahibkarlara məhkəmədə onlara hər günə görə dəymiş ziyanın bərpası haqqında qətnamə qəbul edilməsi üçün müraciət edilməsini tövsiyə edir:

“Məhkəmə ya torpağın qiymətini alıb mülkiyyət sahibinə verəcək. Artıq onun torpağa dair mülkiyyət hüququ yeni mülkiyyətçiyə keçəcək. Yaxud əksinə, məhkəmənin qərarından asılı olaraq həm torpağın, həm də daşınmaz əmlakın mülkiyyətçisi bir nəfər olacaq. Çünki bu halda onlar arasında münasibətlər danışıqlar yolu ilə tənzimlənə bilmir”.

BAKU.WS
VİDEO