“Tokio-2020”: Medal sıralamasında Azərbaycan yeddinci pilləyə yüksəlib
Avqustun 28-də - “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarının dördüncü günündə 61 ölkənin idmançıları medal qazanıblar.
BAKU.WS xəbər verir ki, medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 30 qızıl, 21 gümüş və 26 bürünc medal qazanıblar.
İkinci pillədə 16 qızıl, 12 gümüş və 15 bürünc medalla Böyük Britaniya təmsilçiləri, üçüncü yerdə isə 13 qızıl, 7 gümüş və 20 bürünc medalla Rusiya Paralimpiya Komitəsinin atletləri qərarlaşıblar.
ABŞ 11 qızıl, 7 gümüş, 4 bürünc medalla dördüncü, Ukrayna 8 qızıl, 17 gümüş, 9 bürünc mükafatla beşinci, Avstraliya isə 7 qızıl, 9 gümüş və 11 bürünc medalla altıncıdır.
Hesabında 7 qızıl və 2 bürünc medal olan Azərbaycan yeddinci pillədə yer alıb. Digər pillələrdə Braziliya (6-5-12), Niderland (6-5-5) və İtaliya (5-7-6) qərarlaşıblar.
Azərbaycan komandasının aktivində 9 medal var. Belə ki, paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq) qızıl, Namiq Abaslı (66 kq) bürünc medala sahib olublar.
Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub.
Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, “Tokio-2020”də ölkəmiz idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil olunur. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.
Oxşar xəbərlər
Tokio-2020: Azərbaycan paralimpiyaçısı qızıl medal qazanıb və dünya rekordu vurub
Para-atletimiz Həmid Heydəri “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb. BAKU.WS xəbər verir ki, nizə atma yarışlarında mübarizə aparan idmanç...