Riçard Almeyda: "Almaniyaya gəzinti üçün gəlməmişik" - MÜSAHİBƏ
"Qarabağ"ın futbolçusu Riçard Almeyda Almaniyanın "Frayburq" klubu ilə qarşılaşma öncəsi oyunla bağlı danışıb.
BAKU.WS report-a istinadən müsahibəni təqdim edir:
- Sentyabrın 8-də UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununuzu keçirəcəksiniz. "Frayburq"la səfər matçında hansı nəticəyə ümid edirsiniz?
- Almaniya təmsilçilərinin necə mübarizə aparmaları, oynamaları və intizamlı olmaları hamıya məlumdur. Bu qarşılaşmaya ciddi yanaşırıq. Bizi çox çətin matç gözləyir. Almaniyaya sadəcə gəzinti üçün gəlməmişik. Komandada hər kəs diqqətini bu görüşə yönəldib. Tamamilə bu matça fokuslanmışıq. Həftə ərzində lazım olan məşqləri etmişik. Məşqlərdə işlədiklərimizi bu oyunda reallaşdırmağa və Bakıya pozitiv nəticə ilə qayıtmağa çalışacağıq.
- Bundesliqanın hazırkı liderinə qarşı mübarizə aparacaqsınız. Rəqibi nəyin hesabına büdrədə bilərsiniz?
- Bu matçda ortaya xarakter qoymalıyıq. Rəqibdən qətiyyən çəkinməməli və inamlı olmalıyıq. "Frayburq"un Almaniya komandası olduğunu və Bundesliqada birinci yerdə getdiyini başa düşürük. Rəqibin Fransa və ya Yunanıstan təmsilçisi olmasının da fərqi yoxdur. Artıq bu mövsüm Polşa, İsveçrə, Macarıstan və Çexiya çempionları ilə üz-üzə gəlmişik və xarakter göstərmişik. Bu görüşdə də bütün bacarığımızı ortaya qoymaq niyyətindəyik. Rəqib Bundesliqanın lideri ola bilər. Biz də dəfələrlə öz çempionatımızın lideri kimi bir çox komandalara qarşı mübarizə aparmışıq. Yəni bu amil heç nəyi dəyişmir.
- "Qarabağ" bu həftə UEFA Çempionlar Liqasının qrup mərhələsində də çıxış edə bilərdi. Çexiyada "Viktoriya" (Plzen) komandasına məğlubiyyət artıq unudulub?
- Keçmişi geri qaytarmaq və dəyişmək əlimizdə deyil. Bu, mümkünsüzdür. Sanki Allah bizim üçün bu yolu cızmışdı ki, UEFA Avropa Liqasında mübarizə aparaq. Növbəti mövsüm Çempionlar Liqasının qrupunda oynaya bilərik. Niyə də olmasın?! Bu il üçün Allahın bizə bu turnirdə hansı sürprizlər, hansı macəralar hazırladığını bilmirik. Bu yol cızılıbsa, plan üzrə hərəkət etməliyik.
- Qrupda Yunanıstanın "Olimpiakos" və Fransanın "Nant" komandaları da yer alıb. Həmin rəqibləri necə dəyərləndirərdiniz?
- Biz də özümüzü kifayət qədər səviyyəli komanda hesab edirik. Bu qrupa düşmək üçün müəyyən yollar qət etmişik. Heyətimizdə səviyyəli oyunçular var, yaxşı baş məşqçiyə sahibik. Nəyə görə özümüzü onlardan əskik hesab etməliyik? Artıq "Qarabağ"ın adına Avropada hörmətlə yanaşırlar. Hətta "Olimpiakos"un qapıçısı Tomaş Vatslik püşkatmadan sonra bizimlə oynamaq istəmədiyini söyləmişdi. Bu, artıq o deməkdir ki, bizi sayır, hörmət edir və rəqib kimi ciddi yanaşırlar. Bu həm də ölkə üçün bir şansdır. Avropada Azərbaycan futbolunun inkişaf etdiyini görürlər. Biz avrokuboklarda mümkün qədər irəli getmək istəyirik. Niyə də olmasın?!
- İbrahim Vadji Fransanın "Sent-Etyen" klubuna transfer olunub. Bu barədə nə deyə bilərsiniz?
- Vadji çox yaxşı futbolçudur. Buradək gəlməyimizdə onun da əməyi var. Vurduğu qollarla komandaya çox köməklik edib. Onun kimi oyunçunun getməsinə üzüldük.
- "Qarabağ"da hazırkı hücum xəttinin potensialını necə görürsünüz?
- Heyətdə Vadjini əvəzləyə biləcək futbolçular var. Onlara inanmalı, komanda yoldaşı olaraq inam verməliyik. Klubumuz heyəti gücləndirmək üçün əlindən gələni edir. İstənilən halda, biz ailə, kollektivik. Kimliyindən asılı olmayaraq, meydana kim çıxacaqsa, kim oynayacaqsa, həmin futbolçulara dəstək verməliyik.
Oxşar xəbərlər
"Qarabağ"ın rəqibi "Frayburq"dan maraqlı avrokubok paylaşımı - 4 il sonra ilk dəfə - VİDEO
Xəbər verdiyimiz kimi, Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"ın rəqibi Almaniyanın "Frayburq" klubudur. BAKU.WS xəbər verir ki, rəqib komanda...