Ramin Musayev: "Vəziyyət düzəlməsə, çempionat ləğv oluna bilər"
"Bu dəqiqə çempionatın davam etdirilib-etdirilməyəcəyi barədə nə isə demək yanlış olar. Bizi daha çox insanların sağlamlığı maraqlandırır".
BAKU.WS xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev UEFA-nın milli çempionatlarla bağlı son qərarına münasibət bildirərkən deyib.
Qitə futbol qurumu 55 milli assosiasiya rəhbəri ilə keçirdiyi 1 aprel videokonfransında ölkələrin çempionatları ilə bağlı qərar vermək hüququnu onların öz ixtiyarına buraxıb.
R. Musayevin sözlərinə görə, bu istiqamətdə hansısa qərar qəbul etmək üçün ilk növbədə, ölkədə koronavirusa görə yaranmış vəziyyətin düzəlməyini gözləmək lazımdır. PFL rəhbəri çempionatın yarımçıq dayandırıla biləcəyini də istisna etməyib: "Hər şey normal olsa, klubları bir araya yığıb qərar verəcəyik. Amma vəziyyət pisləşsə, çempionat ləğv oluna bilər".
R.Musayev bildirib ki, Çempionlar Liqası və Avropa Liqası başa çatdırılarsa və avrokuboklarda yeni mövsüm başlayarsa, PFL vəziyyətə uyğun qərar verəcək: "Çempionat dayandırılsa, birinci yerin sahibi çempion kimi Çempionlar Liqasına, 2 və 3-cü yerləri tutanlar isə Avropa Liqasına yollanacaq. Yeganə məsələ kubokun qalibi ilə bağlıdır. Düşünürəm ki, oyun sayı az olduğundan, kubok matçlarını keçirmək olar".
PFL prezidenti Avropada futbol tamamilə dayanarsa, Azərbaycanda çempionat keçirməyin mənasız olduğunu söyləyib: "İnsanların həyatını riskə atmağa dəyməz. Hazırda gözləmə mövqeyindəyik. Təki ölkəmizdə hamının səhhəti yaxşı olsun, ondan sonra qərar verərik. Bayaq səsləndirdiyim fikirlər sadəcə ehtimaldır. Dəqiq nə isə deyə bilmərəm".
Oxşar xəbərlər
Çempionlar Liqası və Avropa Liqası dayandırıla bilər
Çempionlar Liqası və Avropa Liqası turniri dayandırıla bilər. BAKU.WS Apasport.az-a istinadən xəbər verir ki, bunu UEFA-nın vitse-prezidenti Mişel Uva deyib. O...