Nenad Laloviç: Azərbaycan qədim güləş ənənələrinə malik bir ölkədir
29
apr
2018
19:35
Xəbər verdiyimiz kimi, Dünya Güləş Birliyinin (DGB) prezidenti Nenad Laloviç ölkəmizdə səfərdədir.BAKU.WS xəbər verir ki, səfər çərçivəsində qonaq yığma komandalarımızın təlim-məşq bazası – Olimpiya Güləş Mərkəzində (OGM) olub. Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudov DGB prezidentinə Olimpiya Güləş Mərkəzi və burda yaradılan şərait barədə məlumat verib. Firdovsi Umudov bildirib ki, OGM daim idmançılara dəstək göstərən dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin həyata keçirdiyi idman siyasətinin tərkib hissəsidir. Dünyanın ən böyük təlim-məşq bazalarından biri olan OGM-də yerləşdirilmiş 14 güləş xalçasında eyni zamanda hər üç güləş komandasının məşq etmək imkanı var. OGM idmançıların hazırlıq prosesi üçün bütün lazımi infrastrukturla, məşq ləvazimatları, trenajorlarla təchiz olunub. 2012-ci ildən etibarən Azərbaycan güləş yığma komandaları ilə yanaşı, dünyanın aparıcı güləş ölkələrinin komandaları da burda təlim-məşq toplanışları keçir. DGB-nin prezidenti Nenad Laloviç idmançıların beynəlxalq arenada əldə etdiyi nailiyyətlərin kökündə yüksək hazırlıq şəraitinin olduğunu və bu baxımdan Azərbaycan güləşçilərinin şanslı olduğunu deyib:“Azərbaycan Güləş Federasiyasının belə bir təlim-məşq bazasına sahib olması Dünya Güləş Birliyi olaraq bizi çox məmnun edir. Azərbaycan qədim güləş ənənələrinə malik bir ölkədir. Ölkənizdə idmana, xüsusən güləşə böyük maraq var. Biz Azərbaycan Güləş Federasiyasının Dünya Güləş Birliyindəki mövqeyini yüksək qiymətləndiririk. Güləşçilərinizin daim yüksək əyarlı medallara iddialı olması məhz ölkə rəhbərliyi və federasiya tərəfindən yaradılan şəraitdən qaynaqlanır”.Məlumat üçün bildirək ki, ölkəmizdə səfərdə olan Nenad Laloviç sabah Rusiya Federasiyasının Kaspiysk şəhərində start götürəcək güləş üzrə böyüklər arasında Avropa çempionatına yola düşəcək.
Oxşar xəbərlər
İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 29-da Dünya Güləş Birliyinin (DGB) prezidenti Nenad Laloviçi qəbul edib.BAKU.WS xəbər verir ki, DGB prezidenti Nenad...