Firdovsi Umudov: Bayrağı bu cür yüksəldərlər...

Firdovsi Umudov: Bayrağı bu cür yüksəldərlər...
İdman 1937
Xəbər verdiyimiz kimi, yığma komandamız Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudovun rəhbərliyi ilə ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışına qatılıb. Daim bayrağımızı yüksəltmək, himnimizi səsləndirmək üçün vuruşan güləşçilərimiz bu dəfə də idmansevərləri sevindiriblər. Nəticədə Dünyanın nəhəng ölkələri arasında mübarizə aparan Azərbaycanın sərbəst güləş üzrə milli komandası fəxri kürsünün ikinci pilləsinə sahib çıxıb. İdmançılarımız bu qələbəni söz verdikləri kimi, aprel döyüşlərində şəhid və qazi olan əsgərlərimizə həsr ediblər. Firdovsi Umudov ABŞ-da qazanılan qələbəni BAKU.WS-ə belə şərh edib:“Dünyanın ən nəhəngləri ilə döyüşüb, ikinci yeri tutmaq özü böyük uğurdur. Amma biz özümüzü birinci yerin sahibi kimi hiss edirik. Zədəli idmançılara və müəyyən basqılara baxmayaraq sonuna qədər mübarizə aparıb bayrağımızı dalğalandırmağı bacardıq. Nəticədə Azərbaycan aprelin 7-8-də ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya kuboku yarışlarında ikinci yeri qazandı. Bu, bütün Azərbaycanın uğurudur. Bu qələbə ölkə başçısı cənab İlham Əliyevin idmana olan diqqət və qayğısının nəticəsidir. O daim xalqının, idmançıların yanındadır. Biz də öz növbəmizdə prezidentin bizə göstərdiyi etimadı doğrultmaq üçün mübarizə apardıq. Söz verdiyimiz kimi də qələbəmizi 2016-cı ilin aprel ayında vətən uğrunda şəhid və qazi olmuş qardaşlarımıza həsr etdik”. I vitse-prezident sosial şəbəkələrdə ölkəmizə, dövlətçiliyimizə qarşı əks təbliğat aparanlara, qara yaxmağa çalışanlara Amerikadan bir fikirlə səslənib: “Bayrağı bu cür yüksəldərlər”. Daha sonra F.Umudov bir daha bəyan edib ki, sosial şəbəkələrdəki “qarayaxma kampaniyası”, təzyiq cəhdləri Azərbaycan xalqını öz yolundan döndərmək iqtidarında deyil: “Azərbaycan xalqı, eləcə də bütün idmançılar cənab İlham Əliyevin ətrafında möhkəm dayanıb. Biz hər birimiz dövlətin imicinə xələl gətirən hər hansı kampaniyaya qarşı dayanmışıq. Həmişə olduğu kimi, bu dəfə də Azərbaycanın inkişafını və gücünü öz qələbəmizlə sübuta yetirə bildik. Dünyanın nəhəng ölkələri arasında yer almaq özü böyük uğurdur. Təbii ki, bizi başqa yarışlar da gözləyir. Biz daim ölkə başçısının diqqət və qayğısını öz üzərimizdə hiss etmişik. Cənab İlham Əliyevin bizə olan etimadını doğrultmaq üçün növbəti qələbələrə hazırlaşırıq”. Sonda federasiyanın I vitse-prezidenti 11 aprel prezident seçkiləri günü hər kəsi cənab İlahm Əliyevə səs verməyə çağırıb: “Azərbaycanın uğurlarını gözü götürməyənlərə qarşı xalqımız bir olmalıdır. Buna görə də inanıram ki, bütün xalqımız, xüsusilə idmançılarımız aprelin 11-də seçki məntəqələrinə gəlib, cənab İlham Əliyevə səs verəcək və “İlhamla irəli!” deyəcək. İnanırıq ki, cənab Ali Baş Komandanımızın rəhbərliyi ilə biz hələ çox qələbələrə imza atacağıq”.BAKU.WS

Son xəbərlər