Azərbaycan millisi İslamiadanın 5-ci gününü 13 medalla başa vurub - CƏDVƏL

Azərbaycan millisi İslamiadanın 5-ci gününü 13 medalla başa vurub - CƏDVƏL
İdman 2858
 

Azərbaycan millisi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının 5-ci gününü 13 medalla başa vurub. BAKU.WS Apasport.az saytına istinadən xəbər verir ki, idmançılarınız bu gün 8 qızıl, 1 gümüş və 4 bürünc mükafat əldə edib.

Təmsilçilərimiz üzgüçülük, atletika, paraatletika, güllə atıcılığı və taekvondo yarışlarında mükafatçılar sırasına düşə bilib.

Maksim Şemberev (üzgüçülük, 200 m batterflyay və 800 m sərbəst üsulla) gün ərzində iki dəfə Azərbaycanın himnini səsləndirib. Onunla yanaşı, Samir Nəbiyev (paraatletika, nüvəitələmə), Ruslan Lunyov (güllə atıcılığı, pnevmatik tapança, 10 m), Anna Skidan (atletika, diskatma), Oloxan Musayev (paraatletika, nüvəitələmə), Yelena Çebanu (paraatletika, 100 m) və Yaprak Eriş (taekvondo, 57 kq) çempionluq sevinci yaşayıb.

Qaşım Maqomedov (taekvondo, 54 kq) isə millimizə gümüş medal qazandırmağı bacarıb.

Bürünc medala Nigar Nəsirova (güllə atıcılığı, pnevmatik tapança, 10 m), Yekaterina Sarıyeva (atletika, üçtəkanla tullanma), Rövşən Fətullayev (ağır atletika, 94 kq), həmçinin üzgüçülük yığması (sərbəst üsul, 4x100 m; Alsu Bayramova, Yuliya Stasyuk, İlahə Raciyeva,Fatimə Əlkərimova) yiyələnib.

Bununla, yığmamızın İslamiadadakı ümumi qazancı 81 medala çatıb. 41 qızıl, 24 gümüş və 16 bürünc medalı olan Azərbaycan millisi komanda hesabında 2-ci pillədə qalıb. Türkiyə millisi isə zirvədəki mövqeyini qoruya bilib.

Ümumilikdə isə indiyədək 130 medal dəsti sahibini tapıb. 28 ölkə mükafat, 18 çempionluq sevinci yaşayıb. 

BAKU.WS

Son xəbərlər