Argentina millisində Messi ilə bağlı AÇIQLAMA: Dünya çempionatının finalı son oyunu olub?
Argentina millisinin və "Boka Xuniors"un yarımmüdafiəçisi Leandro Paredes Lionel Messinin milli komandadakı gələcəyi ilə bağlı açıqlama verib.
BAKU.WS xəbər verir ki, Paredes jurnalistlərlə söhbətində 2026-cı il dünya çempionatının final matçının Messi üçün Argentina millisində son oyun olduğunu bildirib.
"Messi qərar verib ki, dünya çempionatının finalı onun milli komandadakı son oyunu olacaq. Mən isə ümid edirəm ki, o, oynamağa davam edəcək. Onu nə xoşbəxt edəcəksə, biz də buna sevinəcəyik", - deyə Paredes qeyd edib.
2026-cı il dünya çempionatında Messi 8 qola imza atıb və turnirin bombardirlər siyahısında ikinci pillədə qərarlaşıb. İlk sırada isə 10 qolla Fransa millisinin hücumçusu Kilian Mbappe yer alıb.
Dünya çempionatının finalında İspaniya Argentina üzərində 1:0 hesablı qələbə qazanıb. Qarşılaşmanın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Əlavə vaxtın ikinci hissəsində "Barselona"nın 26 yaşlı hücumçusu Ferran Torres İspaniyaya qələbə qazandıran yeganə qolu vurub.
Messi karyerası ərzində Argentina millisinin heyətində 207 matç keçirib və 125 qol vurub. O, milli komanda ilə 2022-ci ildə dünya çempionu olub, 2022-ci ildə Finalissima və 2021, 2024-cü illərdə Amerika Kubokunu qazanıb. Messi, həmçinin Argentina Olimpiya komandası ilə 2008-ci ildə Pekin Olimpiadasında qızıl medal əldə edib.
Oxşar xəbərlər
CSKA-"Qarabağ" matçını stadionda izləmək istəyənlərin nəzərinə!
CSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" FK oyunu üçün vauçerlər bu gün satışda olacaq. BAKU.WS xəbər verir ki, bu barədə Ağdam klubu paylaşım edib. UEFA Avropa L...