SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarovun qalmaqallı statusundan sonra böyük müzakirələr başlayıb. 

BAKU.WS-in məlumatına görə, Şəhriyar sponsor olmadığından gileylənib və beynəlxalq yarışlarda xərcləri özünün çəkdiyini qeyd edib. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov isə mətbuata açıqlamasında bildirib ki, Məmmədyarov heç bir yarışa öz hesabına getmir və onun dahi idmançı kimi sponsor axtarması normaldır:

“Şəhriyar dahi idmançıdır. Hazırda ağır turnirdə çıxış edir və yorğunluğunu dilə gətirir. Burada təhqiramiz heç nə yoxdur. O, heç bir yarışa öz hesabına getmir. Milli komandanın tərkibində federasiya, klubun heyətində isə klub onun xərclərini qarşılayır. Şəhriyar hər bir yarışa xüsusi dəvət alır və bu dəvəti dəyərləndirir.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova dünya şöhrətli şahmatçı Şəhriyar Məmmədyarovun şəxsi "Facebook" səhifəsindəki açıqlamasına münasibət bildirib. Nazirliyin sözçüsü, tanınmış şahmatçının öz pulu hesabına yarışlara qatılması fikirlərinə də aydınlıq gətirib.

"Şəhriyar indi yarışdadır. Onu anlayırıq. Ola bilər ki, həyəcan və narahatçılıq onda müəyyən hisslər oyadıb və bu hisslər də Şəhriyarı o fikirləri yazmağa vadar edib. Nə yazmasından asılı olmayaraq, Şəhriyar bizim üçün önəmli şahmatçılardan biridir.

Şəhriyarın yarışlara getməsinə gəldikdə isə Gənclər və İdman Nazirliyi tərəfindən 2017-ci ildə təqdim olunan tədbirlər planına əsasən, 250 min manat, 2018-ci ildə isə 200 min manat vəsait ayrılıb. Bu vəsait şahmatçıların yarışa getməsi, yolpulu və qidalanma, səfərləri üçün nəzərdə tutulur. Qeyd edim ki, əlavə xərclər də ödənilib".

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova

Şahmatçımız son bir ay ərzində 3 nüfuzlu turnirdə çıxış edib. İsveçrənin Bil şəhərində baş tutmuş turnirdə fəxri kürsünün ən yüksək pilləsinə Şəhriyar Məmmədyarov qalxıb. Şəhriyar Məmmədyarov yarışın doqquzuncu turunda 57-ci gedişdə ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsen üzərində qələbə qazanıb. Təmsilçimiz yarışın qalibi olaraq 21 min dollar qazanc əldə edib. 


ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Grand Chess Tour 2018” seriyasının üçüncü mərhələsi - “Saint Louis Rapid & Blitz” turniri Hikaru Nakamuranın qələbəsi ilə başa çatıb. Blits üzrə yarışların ikinci dövrəsində amerikalı şahmatçı 9 mümkün xaldan 5,5 xal toplayıb və bununla da topladığı xalları 22,5-ə çatdırıb. Nakamura onu izləyən Maksim Vaşye-Laqravı 1 xal üstələyib.

Üçüncü yeri 21 xalla (4) şahmatçımız Şəhriyar Məmmədyarov, dördüncü yeri 20 xalla (4,5) İtaliya təmsilçisi Fabiano Karuana tutub.

Yarış iştirakçılarının yekun mövqeləri (rapid + blits) belədir: 1.Hikaru Nakamura – 22,5 xal; 2.Maksim Vaşye-Laqrav – 21,5 xal; 3.Şəhriyar Məmmədyarov – 21 xal; 4.Fabiano Karuana – 20 xal; 5.Levon Aronyan – 18 xal; 6.Sergey Karyakin – 17 xal; 7.Lenyer Dominqes – 16 xal; 8.Aleksandr Qrişşuk – 15,5 xal; 9.Uesli So – 15 xal; 10.Vişvanatan Anand – 13,5 xal.

3-cü pillədə qərarlaşan Şəhriyar 20 min dolların sahibi olub. 



Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup" turnirinin VII turunda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə qarşılaşıb.

Partiya heç-heçə ilə başa çatıb. Oyun gününün yekununda Sergey Karyakin (Rusiya) və Xikaru Nakamura (ABŞ), Fabiano Karuana (ABŞ) və Vişvanatan Anand (Hindistan), Aleksandr Qrişuk (Rusiya) və Uesli So (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Levon Aronyan (Ermənistan) qarşılaşmaları da heç-heçə başa çatıb.


Səkkiz turdan sonra 5 xal toplayan Karuana liderdir. Məmmədyarov, Qrişuk, Aronyan və Karlsen 2-5-ci yerləri bölüşür. Onların hər birinin aktivində 4,5 xal var. 6-7-ci yerləri Vaşye-Laqrav və Anand (hərəyə 4 xal) tutur. Ardınca So (3,5) və Nakamura (3), sonuncu isə Karyakin (2,5) qərarlaşıb.

Qeyd edək ki, bu turnirin mükafat fondu 300 min dollardı. Birinci yerin sahibi 75 min, ikinci yer 50 min, 3-cü yer 40 min dollar qazanır. Turnirdə sonuncu yer belə minimum 15 min dollar mükafatın sahibi olacaq. Son göstəricilərə görə Şəhriyar 2-ci 5-ci pillələri rəqibləri ilə bölüşür. Ən pis halda 5-ci yeri tutarsa 25 min, birinci pilləni tutarsa 75 min dollar qazanacaq. Bununla da Şəhriyar Məmmədyarovun avqustun 2-də qalib gəldiyi Bil turniri də daxil olmaqla təxminən 25 gün ərzində iştirak etdiyi 3 turnirdə qazanacağı ümumi məbləğ 100 min manatdan çox olacaq.  


Dünya praktikasında beynəlxalq turnirlərdə idmançıların şəxsi sponsorları olur. Şirkətlər idmançının yarışlarda iştirakı üçün lazım olan bütün xərcləri öz üzərinə götürür. Şəhriyar da məhz bu problemin mövcudluğunu qeyd edir. Maliyyə problemləri ilə üzləşən Şəhriyar nüfuzlu turnirlərdə tez-tez çıxış etməyə məcbur olur ki, bu da onun daha uğurlu çıxışına manedir. Belə ki, təmsilçimiz daha çox yarışaraq daha çox yorulur və uğurlu nəticələrdən uzaq düşür. 

Abbas
BAKU.WS