SİZİN REKLAM BURADA!
055 213 76 73


Əsas böyük ürəyin, mübarizliyin olmasıdır.

BAKU.WS Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl klubun mətbuat xidmətinə UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək "Bayer 04" ilə cavab oyunu barədə danışarkən deyib.

Klub prezidenti komandaya uğurlar arzulayıb:

"Qurban Qurbanov və bütün futbolçulara uğurlar arzulayıram. Bakıda keçirilən oyunda qeydə alınan heç-heçə (2:2) göstərir ki, qələbə üçün gücümüz, imkanımız var. Qarşımızda çox nəhəng komanda var. Amma nəticədən asılı olmayaraq, "Qarabağ"ın öz oyununu, gücünü göstərməsi, nümayiş etdirdiyi futbolla alqış qazanması vacibdir".

"Qarabağ"ın rəsmisi komandadan əzmkar mübarizə gözlədiyini vurğulayıb:

"Tarixi gündə möhtəşəm mübarizədə qarşımızda nəhəng rəqib olsa da, özünə inanan güclü "Qarabağ" var. Komandamız mübariz ruhunu, əzmkarlığını göstərməlidir. Məğlubiyyət qorxulu deyil, bütün çempionlar uduzur. Azarkeşlər, bizi sevənlər, bütün Azərbaycan görməlidir ki, meydanda iki böyük komanda mübarizə aparır".

Qeyd edək ki, Leverkuzendəki "BayArena"da keçiriləcək qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

BAKU.WS