SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkədə fəaliyyət göstərən dörd böyük informasiya agentliyinə müsahibə verib.

“Report” müsahibəni təqdim edir:

- Başa çatan ili Azərbaycan idmanı üçün necə dəyərləndirmək olar? Nəzərə alsaq, 2022-ci il bir sıra beynəlxalq idman yarışları ilə əlamətdar olub və siz nazir kimi tam bir il vəzifədə olmusunuz...

- Öncə, sizə marağınız üçün minnətdarlığımı bildirirəm. Çox doğru vurğuladınız ki, başa çatmaqda olan 2022-ci il mənim nazir kimi fəaliyyətdə olduğum tam təqvim ili olacaq. 2021-ci ilin sentyabr ayında bu vəzifəyə təyin olunmuşam. İlin yekunlarına gəlincə, artıq müəyyən analizlər etməyə başlamışıq, düşünürük ki, Azərbaycan idmanı üçün uğurlu il alınıb. İdmançılarımız irimiqyaslı yarışlarda iştirak etdilər. Azərbaycanda böyük yarışlar keçirildi. Ümumiyyətlə, idmançılarımızın nəticələrinə baxdıqda görərik ki, bu il bir neçə sahədə ilklərlə yadda qaldı. Müxtəlif idman növlərində idmançılarımız ilk dəfə medallar qazandılar. Bura Avropa və dünya çempionatları da daxildir. Demək olar ki, hər bir federasiya bu il qazandığı yeni uğurları ilə fəxr edə bilər. Olimpiya növlərində bütün federasiyaların hədəfi 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına mümkün qədər çox lisenziya əldə etməkdir. Koronavirus pandemiyası ilə əlaqədar olaraq sonuncu Olimpiada 2020-ci ildə deyil, 2021-ci ildə keçirildi. Bizim vaxtımız da azdır. Əvvəlki kimi 4 yox, 3 il vaxtımız var vəsiqələr qazanmaq üçün. Amma hesab edirəm ki, hətta bütün neqativliklərə, dünyanı cənginə alan COVİD-ə rəğmən federasiyalarımız öz işlərini düzgün qura bildilər. Doğrudur, növbəti il bundan da çətin olacaq, amma belə getsə, düşünürəm ki, nəticələrimiz daha da yaxşılaşacaq.

- Ölkədə bir çox sahələrdə olduğu kimi, idmanda da müəyyən islahatlar aparılır. Federasiyalarda rəhbər dəyişiklikləri oldu, yeni federasiyalar nazirlik tərəfindən tanındı, bəziləri ləğv edildi. Ümumiyyətlə, bu islahatlar bizə nələr vəd edir?

- Bizim düşüncəmiz belədir ki, islahatlar daimi olmalıdır. Məsələn, yenidən COVİD haqqında danışaq. Bunu heç kim gözləmirdi, amma bütün dünyada nəinki idmana, hər yerə, hər sahəyə öz təsirini göstərdi. Böyük iqtisadi dəyişikliklər oldu, mövcud olan qaydalara yenidən baxıldı. 2020-ci ildə birdən-birə hər şey onlayn formata çevrildi. Biz də bundan sonra planlar qurarkən bu kimi fors-major halları mütləq nəzərə alırıq. Hansısa qapanma ola bilər, yoluxma statistikası yenidən arta bilər və s. Ümumiyyətlə, hansısa bir qaydalar üzərində çalışanda mütləq yeni reallıqlar nəzərə alınmalıdır. Odur ki, xüsusilə “postkovid” dövründə müəyyən dəyişikliklər, yeni çağırışlar var. Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən yeni məqsədlər müəyyənləşdirilib. Son zamanlar dünyada baş verən hadisələrin də idmana çox təsiri var. Rusiya, Belarus və Ukraynanın – üç Avropa ölkəsinin konfliktdə iştirakı idman aləmindən yan ötüşməyib. Ümumiyyətlə, dünyada bir çox proseslər gedir ki, bu, özünü hər sahədə, həmçinin idmanda da göstərir. Biz də bütün bu kimi halları nəzərə alaraq özümüzdə islahatlar keçirməliyik. Bunu öz adət-ənənələrimizə, mentalitetimizə uyğun bir şəkildə etməliyik. Mütləq bu islahatlar düşünülmüş şəkildə olmalıdır. Əvvəlcədən araşdırmalar aparılmalı, ondan sonra düzgün qərarlar verilməlidir. Düşünürəm ki, son ildə biz bu işləri normal şəkildə görə bilmişik. Bundan sonra görəcək işlərimiz də çoxdur. Bunun üçün bir çox dəyişikliklərə ehtiyacımız var. Amma biz inqilab etməyə hazırlaşmırıq, hər şeyi pillə-pillə, düşünülmüş şəkildə edəcəyik.

- Naxçıvanda gənclər və idman siyasəti necə həyata keçirilir? Son vaxtlar digər sahələrdə olan təmərküzləşmə idman sahəsində də baş verirmi?

- Bizim Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri ilə sıx əməkdaşlığımız var. Bu il ərzində iki dəfə olmuşam orda. Birlikdə aktiv çalışırıq. Bir neçə tədbirlər keçirmişik. Bu yaxınlarda yeniyetmələr arasında Beynəlxalq Şahmat Olimpiadası keçirildi və yüksək səviyyədə təşkil olunmuşdu. Bundan əlavə, mən ordakı idman qurğuları ilə tanış olmuşam. İdmançılarla görüşmüşük, bizə iradları da oldu ki, bir azca uzaqda qalıblar. Beynəlxalq tədbirlərdə onları da dəvət edəcəyik. Çalışırıq ki, sıx əməkdaşlıq edək, bu vaxta qədərki əməkdaşlıqlarımızda da heç bir sıxıntı yaşamamışıq.

- Fəaliyyətiniz dövründə gənclərlə iş siyasətində hansı işlər görülüb və bundan sonra bu sahədə hansı planlar var?

- Siz ən həssas bir məsələyə toxundunuz. Bu sahəni daim inkişaf edən görmək istəyirik təbii ki. Azərbaycanda gənclər 14-29 yaş qrupunu əhatə edirlər və bilirsiniz ki, bu yaş qrupu ümumi Azərbaycan əhalisinin 25%-ni təşkil edir. Hazırda ölkədə fəaliyyət göstərən 300-dən artıq gənclər təşkilatı var. Bizim mövcud gənclər siyasətimiz var, amma önəmli olan odur ki, biz bunu necə həyata keçiririk və hansı istiqamətlərdən istifadə edirik. Burada da daim müasirliyə doğru addım atmalıyıq və bunu da edirik. Bilirsiniz ki, ölkə başçısı, cənab Prezident İlham Əliyev də bu xüsusa çox diqqətlə yanaşır. Fevralın 2-də Gənclər Gününün 25 illiyinə həsr olunmuş tədbirdə şəxsən cənab prezident özü də iştirak etdi və gənclərin suallarına cavab verdi. Onlara bəzi mesajlar ötürdü. Əsas mesajlardan biri odur ki, biz artıq qalib xalqın qalib gəncləriyik. Müharibədə qalib olduqdan sonra bunu davam etdirməli, hər bir sahədə qalib olmalıyıq. Nazirlik olaraq gənclər təşkilatları ilə sıx əməkdaşlıq edirik. Doğrudur, hər rayonda olmasa da, bizim kifayət qədər gənclər evlərimiz var. Olmayan rayonlarda da gənclərlə işləri necə qurmaq haqqında düşünürük. Bilirsiniz ki, hər rayonda Gənclər və İdman İdarələri var. Bu yaxınlarda struktur dəyişiklikləri oldu və biz regional idarəetməyə keçdik. Yeni layihələrimiz haqqında da danışmaq istərdim. Daim gənclərin problemləri ilə maraqlanırıq, görüşlər keçiririk. Həm tələblərimizlə, həm də regiondakı gənclərlə. Təbii ki, problemlərimiz var. Heç bir ölkədə hər şey ideal deyil. İşsizlik məsələləri var, daxili miqrasiya problemlərimiz var, narkomaniya və zərərli vərdişlər mövzuları var ki, çalışırıq bunların hamısını əhatə edək. “Yerli” layihəsi çərçivəsində gənclərimizin İT sahəsindəki biliklərinin artırılmasına çalışırıq. Bu yaxınlarda gənclərimizlə görüşdük. Artıq orda əldə etdikləri biliklərlə bir çoxları işə düzəliblər. Bir çoxları məsafədən işlər görüb qazanc da əldə edirlər. Təbii ki, bunlar kiçik addımlardır və bunları genişləndirməliyik. Bu, ilk layihəmiz idi və bizim üçün çox vacib idi ki, bunun düzgün olub-olmaması haqqında özümüz üçün nəticə çıxaraq.

- Gənclər siyasətində mühüm yer tutan hərbi-vətənpərvərlik mövzusu ilə bağlı hansı işlər görülür?

- Bu il xeyli sayda yay düşərgələri keçirdik. Ölkə başçısının tapşırığı ilə biz bunları əsasən regionlarda elədik. Əsas məqsəd region gənclərinin maarifləndirilməsi idi. Şəkidəki Olimpiya Kompleksində vətənpərvərlik mövzusunda böyük bir düşərgəmiz oldu. Fürsətdən istifadə edib orda təlim keçən qazilərimizə təşəkkürlərimi çatdırmaq istəyirəm. Onlarla birlikdə sonradan bir neçə layihə yenə keçirdik. Əməkdaşlarımız da deyirdilər ki, bütün düşərgələrin içində ən populyarı məhz vətənpərvərlik mövzulu olan idi. Orada gənclərlə söhbət edərkən mən özüm də buna şahid oldum ki, gənclərimiz necə həvəsli və maraqlıdırlar. Onlar şikayət edirdilər ki, altı gün azdır. Bir də istəyirdilər ki, belə layihələr işğaldan azad edilmiş ərazilərdə, Qarabağda da olsun. Bir maraqlı faktı da deyim ki, gənc qızlarımızın daha çox xoşlarına gəlmişdi bu təlimlər. Onlar deyirdilər ki, bizim üçün əsgərlik yoxdur, amma şans oldu silahla tanışlıq üçün. Ümumiyyətlə, bizim Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmiş qazilərimiz 5 gün ərzində gənclərə elə şeylər öyrətmişdilər ki, mən məəttəl qalmışdım ki, doğrudan da qısa müddətdə bu qədər şeyi öyrənmək mümkündürmü? Çox sevinirəm ki, gənclərimizin əksəriyyəti belə bir ruhda yetişirlər.

Yeri gəlmişkən, deyim ki, qış düşərgələri haqqında da düşünürük, layihələrimiz var və bir neçəsini keçirməyə hazırıq.

- Şuşadan keçən Xankəndi-Laçın yolundakı aksiyada gənclərin iştirakı, aktivliyi ilə bağlı nə düşünürsünüz? Ordakı gənclərin fəaliyyətindən razısınızmı?

- Bir az əvvəl də qeyd etdiyim kimi, bizim cəmiyyətimizin 25%-ni gənclər təşkil edir. Bu baxımdan istənilən təşəbbüsdə, aksiyada onların aktiv şəkildə iştirakı normaldır. Gənclər bu kimi təşəbbüslərdə öndə olmalıdırlar. Orda həm könüllülər təşkilatlarının üzvləri, həm də sıravi gənclər var. Özləri yazılıb getmək istəyiblər. Bu gün biz görürük ki, gənclərimiz hər bir çağırışa hazırdırlar.

- Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları arasındakı qrand müsabiqələrindəki şəffaflıq sizi qane edirmi? Sizin təyinatınızdan sonra yoxlamalar oldumu? Bu məsələ ilə bağlı konkret addımlar atılırmı?

- Dövlətin gənclər təşkilatlarına dəstəyi olmalıdır, bununla bağlı sərəncamlar da var. Biz də çalışırıq ki, dəstək olaq. Onların əsas gəlirləri bu qrantlardan olur. Qaldı ki, şəffaflığa, nəinki gənclər təşkilatları ilə iş sahəsində, həmçinin idman sahəsində də çalışırıq ki, daim buna ciddi nəzarət edək. Araşdırmalar zamanı müəyyən nöqsanlar aşkarlandı və həmin nöqsanlara yol verən işçilər işdən azad olundular. Bu kimi hallar olmaması üçün cəhd göstəririk. Bundan sonra da belə hallar aşkar olunarsa, mütləq qanunlar çərçivəsində müvafiq tədbirlər görüləcək.

- Hesablama Palatasının yoxlamaları zamanı satınalmalar sahəsində də müəyyən nöqsanlar aşkarlanmışdı...

- Təbii ki, hansısa insan səhvləri mümkündür. Bunları qəbul edə bilirik. Amma söhbət şəffaflıqdan gedirsə, burada Hesablama Palatasının yoxlamalarını gözləməyə gərək yoxdur. Biz hamımız öz vətənimiz üçün obyektiv, ədalətli olmalıyıq. Gənclərlə söhbətlərimiz zamanı əsas səsləndirdiyimiz fikirlərdən biri də bu idi ki, vətənpərvərlik təkcə ələ silah alıb müharibədə iştirakdırmı? Vətənpərvərlik həm də dövlətə, millətə layiqincə qulluq etmək, ədalətli, vicdanlı vətəndaş olmaqdır.

- Palatanın açıqlamasında həmçinin qeyd olunmuşdu ki, Tokio-2020 Olimpiya Oyunlarında iştirakla bağlı federasiyalara ayrılmış vəsaitlərin istifadəsi haqqında hesabatlıq təmin olunmayıb. Nazirlik olaraq federasiyalara ayrılan vəsaitlərin xərclənməsinə nəzarət mexanizmini necə qurmağı düşünürsünüz ki, görülən işlərə kölgə düşməsin?

- Suala cavab verməmişdən öncə, sonuncu cümlənizi qeyd etmək istərdim: “Görülən işlərə kölgə düşməsin”. Bizim və federasiyaların əsas işimiz idmançıların yarışlara hazırlanmasıdır. Bəzən isə düzgün işləməyən maddələr, müddəalar olur ki, bunlar nəzərə alınacaq. Bu, işdir, iş olan yerdə isə problemlər də, səhvlər də olur, çatışmazlıqlar da mümkündür. Gərək heç nə etməyəsiniz ki, sizin səhviniz olmasın. Əsasən çalışırıq federasiyaları düzgün istiqamətləndirək ki, hansısa maliyyə pozuntuları olmasın, daim şəffaflıq olsun. Çalışacağıq ki, bu iradları nəzərə alaq, nöqsanları aradan qaldıraq.

- Beynəlxalq yarışlarda medal qazanmış idmançılara verilən mükafatların ödəniş sistemindəki dəyişiklik narazılıqlara səbəb oldu. Əslində məqsəd idmançıları növbəti yarışlara həvəsləndirmək olsa da, bu sistemin əks-təsir edəcəyi ilə bağlı düşüncələr də var. Bununla bağlı nazirliyin mövqeyi necədir? İlkin açıqlanan üsulda hansısa bir dəyişiklik olacaqmı? Məsələn, bu qayda legionerlərə və gənc idmançılara şamil olunsun, amma yaşlı, karyerasının sonunda olan və yerli idmançılar isə bundan azad edilsin...

- İlk dəfədir ki, belə bir sistem tətbiq olunur. Biz bunu federasiyaların müraciətindən sonra tətbiq etdik. Onlar bildirirlər ki, bir çox idmançılar yüksək məbləğdə mükafatları aldıqdan sonra idmandan uzaqlaşırlar. Təbii ki, bir məşqçi üçün, federasiya üçün idmançı yetişdirmək uzun prosesdir. Onları əvəz edən yeni idmançı hazırlamaq üçün vaxt lazımdır. Avropa, dünya çempionatları, lisenziya xarakterli turnirlər isə heç kimi gözləmir. İdmançı nəzərə almalıdır ki, o istədiyi vaxt karyerasını bitirə bilməz, bunun üçün mütləq federasiya ilə, məşqçi ilə razılaşdırılma olmalıdır. Biz belə qərara gəldik ki, növbəti Olimpiya Oyunlarına qədər, yəni qarşıdakı üç ildə mükafatlar müəyyən hissələrə bölünsün və ildə bir dəfə olmaqla idmançılara ödənsin. Əgər hansısa idmançı karyerasını bitirməyə qərar versə, onlar mükafatlarını tam alacaqlar.

- Qarşıdan gələn ildə idmanla bağlı iki böyük tədbirlər planı var. Birincisi, nazirlik işğaldan azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri və universal idman zallarının tikilib istifadəyə verilməsinə məsul qurumlardan biri olacaq, həm də Ağdamda tikiləcək “İmarət” stadionunun inşası prosesinə nəzarət edəcək.

İkincisi isə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən, il boyunca daxili və beynəlxalq yarışların keçirilməsi nazirliyə həvalə olunub. Bu iki tədbirlər planı ilə bağlı konkret yol xəritəsi, dəqiqləşmiş işlər varmı?

- Həm gənclər, həm də idman sahəsində planlarımız var və artıq təsdiq olunub. Mən sizə konkret məlumat verə bilmərəm ki, hansı rayonda hansı idman qurğusunun tikintisi olacaq. Ağdamda artıq məlumdur, böyük bir idman kompleksi və “İmarət” stadionu inşa olunacaq. Təəssüf ki, sizə dəqiq, ətraflı deyə bilməyəcəm ki, hansı ildə hazır olacaq. Tapşırıqlar var və üzərində işlər gedir. Böyük rayonlarda daha böyük Olimpiya Kompleksləri olacaq, kiçik rayonlarda isə bunlar idman zalları səviyyəsində inşa ediləcək. Heydər Əliyev ili bağlı isə bizim həm gənclər üçün, həm də idman tədbirlərimiz olacaq. Artıq biz bunlardan birinə start vermişik. Dövlət qurumları arasında futbol yarışı keçirilir. Uzun müddət davam edəcək, əsl çempionat ab-havası yaradacaq bir turnirdir. Mən bütün dövlət idarələrinə təşəkkür etmək istəyirəm ki, bu yarışda çox aktiv iştirak edirlər. Bundan sonra da bu istiqamətdə layihələrimizi genişləndirəcəyik.

- Siz Avropa Gimnastikasının prezidenti və Azərbaycanın gənclər və idman naziri kimi Avropa Oyunlarının gələcəyini necə görürsünüz?

- Yaxşı görmək istərdim. Doğru vurğuladınız, mən həm də Avropa Gimnastikasının rəhbəriyəm. 2013-cü ildən bəri hər dəfə Avropa Gimnastikası tərəfindən bu danışıqlarda iştirak etmişəm. Sizə əminliklə deyə bilərəm ki, Azərbaycanda keçirilən ilk Avropa Oyunları ən gözəl, ən səviyyəli şəkildə təşkil olunan yarış olmuşdu. Bu gün isə nazir kimi fəxr edirəm ki, bu yarış bizim ölkəmizdə keçirilib. Avropa Oyunlarından sonra bizə yaxşı miraslar qalıb. Buna həm idman qurğuları, həm də mütəxəssislər daxildir. Ümumiyyətlə, həm Avropa Oyunları, həm İslam Oyunları, həm də “Formula-1”də yetişmiş mütəxəssislərimiz hazırda öz təcrübələrini digər ölkələrdəki beynəlxalq tədbirlərdə uğurla icra edirlər. İkinci Avropa Oyunları Belarusda oldusa, növbətisi Polşada keçiriləcək. Sevindirici haldır ki, istiqamət tədricən qərbə yönəldi. Hazırda bizdə məlumat var ki, Polşadan sonra hansı ölkə Avropa Oyunlarını qəbul edəcək. Sadəcə mənim bunu indi burada açıqlamaq səlahiyyətim yoxdur. Bir təəssüfləndirici məqam var ki, gimnastika Polşadakı Oyunların proqramında olmayacaq. Bizim uzun müddətdir yerli təşkilat komitəsi ilə apardığımız danışıqlardan sonra belə nəticəyə gəldik ki, Polşada gimnastika zalı uyğun deyil yarışları keçirmək üçün. Gimnastikanın olmaması yaxşı hal deyil. Siz də bilirsiniz ki, bu növ atletika, üzgüçülük kimi fundamental idman növlərindən biridir. Amma Polşadakı Oyunların proqramına yeni idman növləri, bir neçə qeyri-olimpiya növü də daxil edilib. Ümumiyyətlə, istərdik ki, növbəti dəfələrdə proqram stabilləşsin, biz də hər dəfə bilək ki, bu idman növləri təşkilatçı ölkədən asılı olmayaraq, daimi Oyunların proqramında olacaq. Azərbaycanda başlanılan bu Oyunların uğurlu olmasını çox istərdim.

Bundan başqa, Avropa Çempionatı deyilən bir kommersiya proyekti də var. Bu layihə ilk dəfə Qlazqoda baş tutub və 4 ildən bir keçirilir. Bir neçə idman növü üzrə Avropa Çempionatı eyni zamanda eyni ölkədə baş tutur. 2018-ci ildə Qlazqoda keçirildikdən sonra bu il Münhendə çox yüksək səviyyədə təşkilatçılıq oldu. Avropa Gimnastikasının prezidenti kimi bu prosesdə yaxından iştirak edirdim və özüm də şahidi oldum ki, bu, çox maraqlı və faydalı bir yarışdır. Xüsusilə də bir neçə idman növünü özündə birləşdirən, paralel bir kommersiya turniridir. Həm təşkilatçılar, həm də federasiyalar üçün kifayət qədər uğurlu proyektdir.

- Ölkəmizdə qış idman növlərinin inkişafı üçün istər iqlim, istərsə də təbiət baxımından yaxşı imkanlar olsa da, infrastruktur baxımından demək olar ki, heç bir şərait yoxdur. Azərbaycan bu növlərdə əsasən legioner idmançılarla təmsil olunur. Qəbələdə, Qusarda və işğaldan azad edilmiş ərazilərdə yaxın gələcəkdə hansısa bir kompleksin inşası ilə bağlı konkret planlar varmı?

- Bizim həm Qusar, həm Qəbələ, həm də Naxçıvanda komplekslərimiz var. Bunlar daha çox əyləncə, turizm üçün nəzərdə tutulub. Amma biz federasiya ilə danışmışıq, artıq ilkin addımlar atılıb. Legioner idmançılar cəlb edirik, onlar da əsasən şərait olmadığı üçün xaricdə məşq edirlər. Həm nazir, həm də vətəndaş kimi istərdim ki, bu növlər bizdə də inkişaf etsin. Sizə bir yeni məlumat verim, tezliklə Bakıda qapalı buz meydançasının istifadəyə verilməsi nəzərdə tutulub. Yeni ilin ilk aylarında yəqin ki, tam hazır olub açılışı ediləcək. Qapalı buz meydançası olacaq.

- İşğaldan azad edilmiş ərazilərdə artıq bir neçə beynəlxalq və daxili idman yarışları təşkil edilib. Qarşıda bununla bağlı yeni planlar varmı?

- Bu il Şuşada velosiped və şahmat yarışı keçirildi. Şahmat yarışı yenə olacaq. Velosiped yarışını da ənənə halına salmaq istəyirik. Bundan əlavə, Suqovuşanda bir il ərzində iki beynəlxalq avarçəkmə yarışı təşkil olundu. Bundan sonra da Qarabağda yarışların təşkilini planlaşdırırıq.

- Bir çox idman növlərində legionerlərin xidmətindən istifadə olunur. Bəzən hətta Azərbaycanda ənənəvi olan idman növlərində də bu nəzərə çarpır. Sizin bu məsələyə yanaşmanız necədir?

- Bəzən buna təlabat yaranır. Müstəqillik dönəmində ölkəmizdə bir sıra yeni idman növləri inkişaf etdirildi, 100-ə yaxın idman qurğuları tikildi. Bilirsiniz ki, bu il biz Milli Olimpiya Komitəsinin 30 illik yubileyini qeyd edirik, ölkə başçısı 25 ildir bu Komitəyə rəhbərlik edir. Bu idman qurğuları göz qabağındadır. İstər Milli Gimnastika Arenası, istər Su İdman Sarayı olsun, bu arenalara dünyanın müxtəlif ölkələrindən daim təlim-məşq toplanışlarına gəlirlər. Bunları həll etdikdən sonra isə mütəxəssislər yetişdirilməlidir. Bu zaman isə bəzən legionerlərin xidmətindən istifadə edilir. Mən düşünürəm ki, əgər legioner həmin növü təbliğ etmək, gənclərə örnək olmaq üçün cəlb olunursa, bu, faydalıdır. Amma sırf nəticə, medal üçün kənardan idmançı cəlb ediriksə, bu, inkişafa mane olacaq.

- Legioner idmançılarla bağlı sualı bu dəfə əks tərəfdən qoyaq. Ölkəmizi təmsil edən legionerlər haqqında fikirlərinizi bildirdiniz ki, onlardan necə istifadə olunsa, daha qənaətbəxş olar. Bəs, xarici ölkələri təmsil edən azərbaycanlı idmançılarla bağlı nə düşünürsünüz? Məsələn, atlet Ramil Quliyev Türkiyəni, gimnastlar Cessika və Cennifer Qədirova bacıları Böyük Britaniyanı, ağırlıq qaldıran Nicat Rəhimov Qazaxıstanı, boksçu Pərviz Nəsibov Ukraynanı təmsil edirlər. Bu idmançılar öz növləri üzrə Azərbaycan bayrağı altında mübarizə apara bilərlərmi?

- Bununla bağlı hansısa bir təşəbbüsümüz yoxdur. Ramil Quliyev və Nicat Rəhimov Azərbaycan idman məktəbinin yetirmələridir. Daha sonra digər ölkələri təmsil ediblər. Onların artıq yaşları da müəyyən qədər irləliləyib. Digər idmançılar isə Azərbaycanda doğulmayıblar və öz təmsil etdikləri ölkələrin yetirmələridirlər. Əgər onların fikirləri olsa, belə bir müraciət ünvanlasalar ki, biz Azərbaycanın idman şərəfini qorumaq istəyirik, o zaman nəsə düşünə bilərdik. Amma bu idmançılar həmin ölkələrin vətəndaşlarıdır və orada çıxış etmək istəyirlər. Bu yaxınlarda Qədirova bacıları ataları ilə birlikdə ölkəmizə gəlmişdilər. Onlar həyatlarında ilk dəfə Azərbaycanda olurdular. Tarixi vətənləri haqqında onlara geniş məlumat verdik, bir neçə gün qaldılar Şəkidə və Bakıda. Amma Böyük Britaniya vətəndaşlarıdırlar və o ölkəni təmsil edirlər. Biz çalışırıq ki, öz idman məktəblərimizi gücləndirək, öz idmançılarımız yetişsinlər. Bunun üçün isə bizim güclü mütəxəssislərimiz olmalıdır.

- Gələcəkdə Azərbaycanda gimnastika üzrə beynəlxalq yarışların, dünya və ya Avropa çempionatlarının keçirilməsi nəzərdə tutulubmu?

- Bizim möhtəşəm Milli Gimnastika Arenamız var. Orada həm müxtəlif növlərdə və yaş qruplarında milli komandalarımız məşq edirlər, həm də müxtəlif tədbirlər keçirilir. Beynəlxalq tədbirlər nə qədər çox olsa, həm gimnastika üzrə, həm də başqa sahədə, bir o qədər yaxşı olar. Həm zal boş dayanmaz, həm də idmanın kütləviliyi, təbliğatı baxımından yaxşıdır. Beynəlxalq yarışlar müəyyən qədər iqtisadiyyatımıza da xeyir verir. Ənənəvi Dünya Kubokları var üç növdə. Üçü də Olimpiya idman növüdür. Onlar hər il ənənəvi keçirilirlər. Hər dəfə iştirakçı ölkələrin sayı bir az da çox olur. Bundan başqa gimnastikanın müxtəlif növlərində Avropa və dünya çempionatları keçirilib. Növbəti il bədii gimnastika üzrə Avropa çempionatı olacaq. Bu, həm federasiya, həm də ölkə üçün olduqca faydalıdır. İşin maliyyə tərəfini qeyd etsək, yuxarıda bildirdiyim kimi, ölkə iqtisadiyyatına da çox faydalı olur. 40-a yaxın ölkə iştirak edir ki, onlar həm nəqliyyat, həm ölkədə qalmaq, qidalanmaq və s. digər xərcləri özləri qarşılayırlar. Həm də idmanımız təbliğ olunur. Azarkeşlərimiz bu idman növü haqqında məlumata sahib olurlar, öz sahələrinin ulduzlarını yaxından izləmək imkanı əldə edirlər. Mən sizin vasitənizlə müraciət etmək istəyirəm valideynlərə ki, öz uşaqlarını bu kimi yarışlara aparsınlar. Təkcə gimnastika deyil, digər idman növlərində də güclü idmançılar Bakıdakı müxtəlif yarışlara qatılırlar. Aparın övladlarınızı, izləsinlər, tanısınlar, idmana maraq yaransın.

- İdmanın kütləviləşməsi baxımından nazirliyin hansı fəaliyyətləri var?

- Nazirlik olaraq təkcə peşəkar idmançılarla işləmirik, xalq arasında, cəmiyyətin bir çox nümayəndələrinə xitab edən müxtəlif kütləvi idman tədbirləri təşkil edirik. Bununla həm də idmanın əhali arasında geniş təbliğinə çalışırıq. Bu yaxınlarda bizim “Birlikdə üzək” layihəmiz həyata keçiriləcək. Üç gün ərzində ölkənin 30 hovuzunda eyni vaxtda yarışa start veriləcək. Üzməyi bacaran, istəyi olan vətəndaşlar gəlib öz yaş kateqoriyalarına uyğun yarışa qatıla bilərlər. Bizim dənizimiz var, göllərimiz, çaylarımız var, idman komplekslərimizdə hovuzlarımız var, amma üzgüçülərimizin sayı bir o qədər çox deyil. Sevindirici haldır ki, bu il bizim üzgüçülükdə də ilk dəfə yeniyetmələr arasında Avropa medalımız oldu. Yaxşı nəticədir və istərdik ki, bu nəticələr daha da çoxalsın. Bunun üçün xarici məşqçi də dəvət olunub, Su İdman Sarayımız da var. Bundan əlavə, Üzgüçülük Federasiyası ilə birlikdə məşqçilik kursları keçiririk. Artıq bu ilk iki belə kurs təşkil etmişik. Rayonlardan müəllimləri dəvət edirik və onların məşqçi kimi inkişaf etmələrinə şərait yaradırıq. Bu il Azərbaycanda ilk dəfə “Açıq su” tədbiri keçirdik. Pirallahı qəsəbəsində maraqlı bir tədbir oldu. Həm xanımlar, həm bəylər açıq suda, dənizdə yarım kilometr üzdülər. Bundan sonra Mingəçevirdə Kürün bir sahilindən digər sahilinə keçdik, təxminən 300 metrdən bir az artıq məsafə idi. Bu kimi tədbirlər çox olmalıdır ki, əhalini kütləvi idmana cəlb edə bilək. Bundan savayı bizim müxtəlif qaçış yarışlarımız, yarımmarafonlarımız olur. Orda da kifayət qədər iştirakçılar olur. Kütləviliyi artırmaq üçün çalışırıq, amma təkcə nazirlik bu işi görə bilməz. Ona görə də biz federasiyalarla çalışırıq, klubların sayının artırılmasında maraqlıyıq. Federasiyalardan xahiş edirik ki, yarışları regionlarda keçirsinlər. Yerli icra orqanlarından çox şey asılıdır. Onlarla da əməkdaşlıq edirik. Təbii ki, bunlar 1-2 ilin işi deyil. Zamanla daha da möhkəmlənəcək bu ənənə.

- Həm ölkə idmanına cavabdeh bir şəxs, nazir kimi, həm də bir futbol azarkeşi kimi, ölkə futbolunun bugünkü durumu sizin üçün qənaətbəxşdirmi? Necə düşünürsünüz, futbolun inkişafı üçün nələr dəyişməlidir?

- Hamımızın istəyimiz odur ki, futbolçularımız daha yaxşı oynasınlar. İndi vəziyyətimiz belədir, gördüyünüz kimi. Bu il milli komandamız son oyunlarında pis çıxış etmədi. Amma fakt budur ki, biz bu vaxta kimi heç vaxt Avropa və dünya çempionatlarının əsas mərhələsində çıxış edə bilməmişik. Heç buna yaxın olan yaxşı nəticə də göstərməmişik. Digər fakt, problem odur ki, çempionatımızda klubların sayı azdır. Şəxsən mən düşünürəm ki, ölkə çempionatında klubların sayı çox olmalıdır. Hər bir idman növünə, təkcə futbol deyil, bu gün voleybola, həndbola və digər komanda idman növlərinə baxsaq, klublar çox olmasa, inkişaf etməsə, milli komanda oyunçu ilə təmin oluna bilməz. Bu gün klubların sayının az olması bu prosesdə bizə əsas mane olan səbəblərdən biridir. Doğrudur, futbol federasiyası çempionat iştirakçılarının sayını iki klub artırdı, birinci divizionda müəyyən dəyişikliklər oldu. Yenə də bu sahədə, Azərbaycan futbolunda güclü islahatlar lazımdır. Bunun üçün həm iş adamlarını, həm şirkətləri bu sahəyə cəlb etmək lazımdır. Klubların idarəçiliyində onların iştirakını təmin etməliyik. Klubların sayı mütləq artırılmalıdır. Futbolla məşğul olan uşaqlar var, onlar müəyyən yaşa çatdıqdan sonra artıq oynamağa yer tapmırlar. Son illər “Qarabağ” futbol klubunun uğurları göz önündədir. Siz özünüz də baxsanız, bütün tədbirlərdə ən yaxşı klub “Qarabağ”, ən yaxşı məşqçi Qurban Qurbanov seçilir. Xalq, media görür nəticələri, seçimlərini edirlər. Bu klub hətta avrokuboklarda oynayanda da görürsən ki, komandanın yarısından çoxu yerli futbolçulardır. Bu oyunçulardan milli komandada da səmərəli faydalanmaq lazımdır.

“Neftçi” də bizim xalq tərəfindən sevilən, çoxlu azarkeş kütləsinə malik klublarımızdan biridir. Onlar bəzən avrokuboklarda yaxşı çıxış edirlər, bəzən zəif oynayırlar. Mən arzu edirəm ki, daha yaxşı çıxış etsinlər, elə bir səviyyəyə çatsınlar ki, biz bilək ki, hər il stabil şəkildə çıxış edəcəklər. Əsas heyətdə daha çox yerli futbolçuları görəcəyik.

Mən “Sabah” klubunu da vurğulamaq istəyirəm. Yaxşı nəticələr göstərirlər bu il. Ölkə çempionatında yeni rəqabət yaradıblar. Belə klublar nə qədər çox olsa, nə qədər inkişaf etsələr, hər klubda 2-3 yerli futbolçu daimi iştirak etsə, milli komandaya cəlb edilə bilsə, bunun ölkə futboluna çox xeyri dəyər.

Demək olar ki, xaricdə heç bir futbolçumuz oynamır. Yalnız Mahir Emreli çıxış edir ki, o da öz komandasında əsas heyətə düşə bilmir. Ümid edirik ki, o da daimi oynayacaq. Bu sahəyə pessimist baxmaq lazım deyil. Hamımız birlikdə çalışsaq, uğurlu bir iş ortaya qoya bilərik. Həm klublar, həm federasiya cəhd etsə, nazirlik də harda mümkündürsə, orada müəyyən qədər dəstək verəcək. Klubların marketinq siyasətində də müəyyən dəyişiklik, inkişaf olmalıdır. Düzgün strategiya qurulsa, bilet, forma və müxtəlif atributların satışından müəyyən qədər gəlir əldə etmək olar.

BAKU.WS