SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ-ın Las-Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə dünya çempionatı davam edir.

BAKU.WS-in AZƏRTAC saytına istinadən verdiyi məlumata görə, çempionatın 5-ci günündə qadın güləşi üzrə 60 kiloqram, sərbəst güləş üzrə 61, 86 və 97 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib. Sərbəst güləşçilərimizdən Məhəmmədhacı Xatiyev (86 kq) və Xetaq Qazyumov (97 kq) Rio Olimpiadasına vəsiqə qazanmaqla Azərbaycan güləşçilərinin əldə etdiyi lisenziya sayını 10-a çatdırıblar.

Sərbəst güləş yarışlarında ötənilki dünya və Avropa çempionumuz Hacı Əliyev (61 kq) bu dəfə də finaladək maneəsiz irəliləyib. Moldovadan Andrey Perpelita, yaponiyalı Masakazu Kamoi, yarımfinalda isə bolqarıstanlı Vladimir Dubov güləşçimiz qarşısında tab gətirməyib. Finalda Hacı Əliyevin rəqibi Monqolustandan Nomin Batbold olub. Rəqibinə vaxtından əvvəl qalib gələn güləşçimiz ikinci dəfə dünya çempionatının qızıl medalına yiyələnib və Azərbaycan sərbəst güləş tarixində ilk ikiqat dünya çempionu adını qazanıb.

Sərbəst güləş üzrə yığmamızın 86 kiloqram çəki dərəcəsində üzvü Məhəmmədhacı Xatiyev çempionata uğurlu startı ilə yadda qalıb. Ardıcıl olaraq Makedoniyadan Halil Zuabirov, İrlandiya idmançısı Aleksandr Villiam Dolli, dörddəbir finalda isə Latviya təmsilçisi Armands Zvirbulis üzərində qazandığı qələbələrlə güləşçimiz həm də "Rio-2016” Olimpiadasına vəsiqəni təmin edib. Yarımfinalda Türkiyə güləşçisi ilə gərgin keçən qarşılaşmanın yekununda zədələnən təmsilçimiz görüşü məğlub başa vurub. Bürünc medal uğrunda görüşə çıxan güləşçimiz Gürcüstan təmsilçisi Sandro Aminaşvili qarşısında hesabda öndə olmasına baxmayaraq, zədə səbəbindən görüşü davam etdirə bilməyib və çempionatı beşinci sırada tamamlayıb.

Çempionatda 97 kiloqram çəki dərəcəsində yığmamızın kapitanı Xetaq Qazyumov "Rio-2016” Yay Olimpiya Oyunlarına vəsiqə qazanan növbəti təmsilçimiz olub. Mübarizəyə onaltıdabir final mərhələsindən başlayan X.Qazyumov ilk olaraq belaruslu İvan Yankovskini, ardınca Moldovadan Nikolay Çebanı mübarizədən kənarlaşdırıb. Dörddəbir finalda Rusiya təmsilçisi Abdusalam Qadisovla gərgin keçən görüşü uduzan Xetaq Qazyumov rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Almaniya təmsilçisi üzərində vaxtından əvvəl əldə etdiyi qələbə güləşçimizə Rio Olimpiadasına vəsiqə qazandırıb. Xetaq Qazyumov bürünc medal uğrunda gürcüstanlı Elizbar Odikadzeni də məğlub edib və fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Qadın güləşçilərin yarışında son təmsilçimiz İrina Netreba (60 kq) ilk görüşdə Türkiyə güləşçisi Hafize Şahinə qalib gəlsə də, Ukrayna idmançısı Oksana Herhelə məğlub olub. Ancaq rəqibin finala yüksəlməsi ilə güləşçimiz təsəlliverici görüşə qatılıb və Kanada güləşçisi B.Grahamdan üstün olub. Bürünc medal uğrunda görüşdə İrina Netreba ABŞ təmsilçisi L.Jayneslə qarşılaşıb. Gərgin keçən qarşılaşma bərabərə bitsə də, sonuncu xalı rəqib aldığından güləşçimiz məğlub olub və dünya çempionatını beşinci sırada tamamlayıb.

Qeyd edək ki, bu günədək yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərdən Toğrul Əsgərov (65 kq) Olimpiya Oyunlarına vəsiqə əldə ediblər. Yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc, qadın güləşçilərdən Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (58 kq) bürünc medala yiyələniblər.

Ziya Səccad
BAKU.WS