SİZİN REKLAM BURADA!
055 213 76 73


Millimizin futbolçusu Mahir Emrelinin Zaqreb “Dinamo”suna transferi Xorvatiyada da maraqlı transfer kimi qələmə verilib.

BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, artıq bu transfer haqda xorvatlar fikir bildirirlər. Onlardan bəzilərinin Xorvatiya mətbuatına verdiyi açıqlamaları təqdim edirik:

İvitsa Vrdolyak (“Dinamo” və “Leqiya”nın sabiq futbolçusu): “Mahir Emreli futbolçu kimi Mario Qavranoviçə oxşayır. Amma ondan daha sürətlidir. Maraqlıdır ki, Emreli tez-tez qol imkanları əldə edir. Avrokuboklarda da uğurla oynayıb. Elə buna görə də “Leqiya” “Lester” və “Napoli” kimi rəqiblərlə eyni qrupda lider idi. Amma çempionatda çox imkan qaçırdı. Mənə elə gəlir ki, Mahir Bruno Petkoviçlə əla tandem təşkil edə bilər. Onlar tamamilə fərqli oyunçulardır”.

Mario Tokiç (“Dinamo”nun sabiq futbolçusu, millimizin keçmiş məşqçisi): “Mahir mədəni, əla oğlandır, son dərəcə tərbiyəli, ingiliscə yüksək səviyyədə danışan oyunçudur. Məncə, onun Zaqrebə və “Dinamo”ya uyğunlaşması üçün çox vaxt lazım olmayacaq.

Düşünürəm ki, onun transferi Zaqreb klubunun atdığı uğurlu addımdır. Mahir Azərbaycanın ən yaxşı komandası olan “Qarabağ”da təzyiq altında oynayıb. Əsas oyunçulardan biri idi. Tez-tez cinahda çıxış etsə də, heç bir problem olmadan hücumun mərkəzində də oynaya bilir. Biz millidə ondan həmin mövqedə yararlandıq. “Dinamo”ya gələn futbolçu üçün vacib olan məqam müdafiə olunan komandalara qarşı oynamağı bacarmasıdır. Real olaq, Xorvatiya çempionatında bütün komandalar “Dinamo”ya qarşı müdafiə olunur. Düşünürəm ki, Emreli “Dinamo”da əsas qolçulardan biri olacaq. İnanılmaz sürətli oyunçudur. Hətta onun özünə demişdim ki, sürətindən 100 faiz istifadə etmir.

“Dinamo”nun sürətli keçidlərlə oynayacağı avrokubok matçlarında Emreli də öz sürəti ilə komandaya fayda verəcək. Texniki baxımdan da kifayət qədər yaxşıdır. “Leqiya”nın heyətində avrokuboklarda çıxış etməsi müsbət haldır. Azərbaycanlı futbolçular öz vətənlərində çox yaxşı pul qazanırlar və buna görə çoxu xaricə getməyi ağlına belə gətirmir. Onlara evdə xoşdur, yaxşı yaşayırlar, pul qazanırlar. Ancaq Mahir azərbaycanlı futbolçunun Avropada uğur qazana biləcəyini göstərmək istədiyindən, irəli addım atmaq qərarına gəldi. Varşavada uyğunlaşma prosesindən keçib. İndi bütün əcnəbilərə həmişə qonaqpərvər olan Zaqrebdə Emreli üçün daha asan olacaq”.

Robert Prosineçki (“Dinamo”nun sabiq futbolçusu, millimizin keçmiş baş məşqçisi): “Bakıda yaşadığım vaxt bütün matçlara baxırdım və onu yığmaya mən çağırmışdım. Çünki yaxşı potensiala malik olduğunu görürdüm. Emreli yarımmüdafiəçi olsa da, qol şansı qazanır və yararlanmağı bacarır. Futbolda elə gənc oyunçular olur ki, ya karyeraları yüksək səviyyədə alınır, ya da ortalıqdan itirlər.

Onun “Leqiya”da göstəricisi də yaxşı olub. Mahirin nəyə qadir olduğunu tezliklə Xorvatiyada görəcəklər. Azərbaycanda futbolçunun döyülməsi halları baş verməyib. Mən onun barədə yalnız oradakı fəaliyyətim müddətində gördüklərimə əsasən danışa bilərəm”.

BAKU.WS