Ziya Məmmədovla bağlı qeyri-müəyyən qərar

Ziya Məmmədovla bağlı qeyri-müəyyən qərar
Sosial 6363

 

Ötən ay nəqliyyat naziri Ziya Məmmədov Zərdaba səfər edəcəkdi. BAKU.WS-in məlumatına görə, bu barədə seyntyabrın 11-də nazirliyin rəsmi saytında məlumat verilmişdi. Lakin sonradan Nazirlik Ziya Məmmədovun 18 sentyabr 2015-ci il tarixində Zərdab rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbul vaxtı qeyri-müəyyən müddətə təxirə salınması ilə bağlı qərar verib. Adətən nazirlərin vətəndaşlarla görüşü təxirə salınanda dəqiq vaxt göstərilirdi. Bu dəfə isə Ziya Məmmədovun Zərdab sakinlərilə görüşü barədə dəqiq tarix qeyd olunmadı. Planlaşdırılan səfərin təxirə salındığı vaxtdan bir aya qədər vaxt keçsə də, hələlik Ziya Məmmədovdan heç bir xəbər yoxdur. Qurumun mətbuat xidmətinin rəhbəri Namiq Həsənov kütləvi informasiya vasitələrinə bildirib ki, nazir məzuniyyətdədir. Onun hazırda ölkə xaricində olduğu bildirilir. Lakin məzuniyyətin dəqiq səbəbləri bildirilmir.

Əgər nəzərə alsaq ki, son günlər kütləvi informasiya vasitələrində Ziya Məmmədovun nazir postundan gedəcəyi barədə məlumatlar yayılır. Həmin ərəfədə cənab nazirin vətəndaşlarla görüşünün də təxirə salınması bu məsələyə diqqəti daha da artırır.

Namiq Həsənov BAKU.WS-ə açıqlamasında bildirmişdi ki, Ziya Məmmədov oktyabrın 20-də məzuniyyətdən qayıdacaq. Nazirin oktyabr ayının 23-də Neftçala, Salyan və Biləsuvar rayonlarına səfəri planlaşdırılır. Əgər nazirin həmin səfəri reallaşarsa, onun işdən getməsi barəsində səslənən söz-söhbətlərin şayiə olduğu ortaya çıxacaq. Əksinə, nazirin həmin səfəri də təxirə salınarsa və Ziya Məmmədovun ətrafında yaranan müəmma bir qədər də artacaq. 

Qeyd edək ki, son günlər nəqliyyat naziri Ziya Məmmədovun işdən çıxarılacağı və yaxud, onun öz ərizəsilə işdən azad olunmaq istədiyilə bağlı xəbərlər yayılıb. Bundan başqa, yazılanlara görə, Ziya Məmmədov məzuniyyətdən işə qayıtmayacaq. Xatırladaq ki, son 20 gün ərzində nəqliyyat nazirinin adı ətrafında maraqlı hadisələr cərəyan edir. Təkcə son iki həftə ərzində Ziya Məmmədov saysız səlahiyyətlərini itirib: taksilərə lisenziya verilməsi ASAN Xidmətə verilib; Bakı Avtovağzalına yeni rəis təyin edilib və onun nəzarətindən çıxarılıb; paytaxtda sərnişin daşınması, ondan alınaraq meriyaya verilib; nəhayət, Nəqliyyat Nazirliyinin ən nəhəng və gəlirli müəssisəsi olan "Azərbaycan Dəmir Yolları" QSC prezident fərmanı ilə nazirlikdən ayrılaraq müstəqil fəaliyyətə keçib. Bundan başqa, məlum olub ki, "Bakı Sərnişindaşınma" MMC də Nəqliyyat Nazirliyinin nəzarətindən alınacaq. Belə ki, yaxın vaxtlarda sərnişindaşınma xidməti Nəqliyyat Nazirliyinin balansından çıxarılacaq və ayrıca qurum kimi formalaşdırılacaq. Həmin quruma isə Bakı şəhər İcra Hakimiyyəti nəzarət edəcək. Ziya Səccad

BAKU.WS

Son xəbərlər