"Yüksəliş" beynəlxalq kontekstdə: Oxşar proqramlar fonunda milli modelin üstünlükləri
XXI əsrdə dövlətlərin gücü təkcə iqtisadi imkanları, təbii sərvətləri və ya texnoloji inkişaf səviyyəsi ilə ölçülmür. Ən azı bunlar qədər vacib olan başqa bir amil də var: ölkənin gələcəyini düşünən, strateji qərarlar verməyi bacaran, peşəkar və məsuliyyətli insan resurslarının mövcudluğu.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu səbəbdən bir çox dövlətlərdə gələcəyin idarəçilərini vaxtında aşkar etmək, onları düzgün istiqamətləndirmək və inkişaf etdirmək üçün xüsusi proqramlar yaradılır.
Azərbaycanda bu missiyanı yerinə yetirən ən diqqətçəkən platformalardan biri Prezident İlham Əliyevin sərəncamı ilə təsis olunan və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən "Yüksəliş" müsabiqəsidir.
"Yüksəliş" artıq sadəcə iştirakçıların yarışdığı bir layihədən əlavə, milli kadr potensialının formalaşdırılmasına xidmət edən mühüm platforma kimi qəbul olunur. Onun əsas fərqi ondadır ki, burada məqsəd yalnız qalibləri müəyyən etmək deyil, eyni zamanda, perspektivli, düşünən, idarəetmə bacarığı olan və cəmiyyət qarşısında məsuliyyət hissi daşıyan şəxsləri üzə çıxarmaqdır. Bu baxımdan "Yüksəliş" beynəlxalq təcrübədə mövcud olan bir sıra proqramlarla eyni xətt üzərində dayanır.
"Yüksəliş"in xarici analoqları arasında ilk yada düşən nümunələrdən biri Qazaxıstanın "Presidential Youth Personnel Reserve" modelidir. Bu proqram da prezident institutu ilə bağlıdır və normativ əsasları prezident fərmanı ilə müəyyənləşdirilib. Məqsəd isə gənc və perspektivli idarəçilərin seçilməsi və dövlət idarəçiliyində istifadə oluna biləcək kadr ehtiyatının formalaşdırılmasıdır. Bu baxımdan Qazaxıstan modeli "Yüksəliş"ə ən yaxın nümunə sayılır: hər iki halda söhbət sadəcə müsabiqədən yox, dövlətin gələcək idarəçilər bazasının yaradılmasından gedir.
Fərq ondadır ki, "Yüksəliş" daha açıq müsabiqə və inkişaf platforması kimi təqdim olunur, Qazaxıstan modeli isə daha birbaşa dövlət kadr rezervi məntiqi üzərində qurulub.
Böyük Britaniyada fəaliyyət göstərən "Civil Service Fast Stream" isə başqa tipli, amma mahiyyətcə yaxın modeldir. Rəsmi mənbələrdə bu proqram hökumətin flaqman inkişaf proqramı kimi təqdim edilir və gələcəyin liderlərini yetişdirməyə yönəldiyi açıq göstərilir. Burada əsas vurğu strukturlaşdırılmış inkişaf, liderlik və idarəetmə bacarıqları, müxtəlif sahələr üzrə təcrübə və uzunmüddətli dövlət karyerasıdır. "Yüksəliş"lə "Fast Stream"in ortaq nöqtəsi istedadın seçilib inkişaf etdirilməsidir. Ancaq Britaniya modelində seçilən şəxslər birbaşa dövlət qulluqçusu karyera trayektoriyasına daxil olur, "Yüksəliş" isə həm dövlət, həm özəl, həm də daha geniş peşəkar mühit üçün liderlik potensialını üzə çıxaran platforma kimi daha çevik görünür.
Sinqapurun "PSC Scholarships" və daha geniş "Public Service Leadership Careers" yanaşması da müqayisə üçün çox maraqlıdır. Rəsmi qaynaqlara görə, PSC təqaüdləri "merit" əsasında verilir, yəni akademik göstərici, liderlik potensialı, xarakter və ictimai xidmət öhdəliyi əsas meyar kimi götürülür. Sonrakı mərhələdə isə inzibati idarəetmə xətti və "Dövlət xidməti - Liderlik proqramı" kimi mexanizmlər vasitəsilə şəxslər sistemli şəkildə yüksək vəzifələrə hazırlanırlar. Bu model "Yüksəliş"lə eyni fəlsəfəni paylaşır: ən layiqli və ən perspektivli şəxsləri seçmək.
Lakin Sinqapurda mexanizm daha çox erkən yaşdan başlayan dövlət karyerası marşrutudur.
"Yüksəliş"də isə artıq formalaşmaqda olan peşəkarların seçilib, birillik mentorluq və inkişaf imkanları ilə dəstəklənməsi ön plana çıxır.
"Yüksəliş"i fərqləndirən əsas cəhət onun müsabiqə, mentorluq və milli kadr ehtiyatı ideyasını bir platformada birləşdirməsidir.
Prezident sərəncamında kadr ehtiyatı bankının yaradılması ayrıca məqsəd kimi göstərilir. Rəsmi "Yüksəliş" materiallarında isə qaliblər üçün fərdi inkişaf, mentorluq və pul mükafatı kimi elementlər vurğulanır. Bu isə onu yalnız seçim mexanizmi deyil, həm də inkişaf institutu edir. Qazaxıstan modeli daha çox rezerv, Britaniya modeli daha çox dövlət karyerası, Sinqapur modeli isə daha çox elit dövlət xidmətinə hazırlıq üzərində qurulduğu halda "Yüksəliş" bu üç yanaşmanın müəyyən elementlərini özündə birləşdirən daha hibrid milli model kimi çıxış edir.
Qeyd olunmuş nümunələrdən əlavə, dünyanın müxtəlif ölkələrində "Yüksəliş" müsabiqəsi ilə analoji istiqamətdə "Prezident idarəetmə təqaüdçüləri" (ABŞ), "Minlərlə istedad" (Çin), "Rusiya liderləri" (Rusiya), "BƏƏ hökumət liderləri proqramı" (BƏƏ) və "Dövlət qulluğunun bacarıqlarının gücləndirilməsi üzrə Milli Proqram" (Hindistan) kimi layihələr də həyata keçirilir.
Bu müqayisələr göstərir ki, "Yüksəliş" artıq təkcə yerli müsabiqə yox, beynəlxalq analoqları olan ciddi idarəetmə platformasıdır.
Onun gücü yalnız qalibləri müəyyən etməsində deyil, Azərbaycan üçün layiqlilik, şəffaf seçim və liderliyin sistemli inkişafı ideyasını institusional səviyyəyə qaldırmasındadır. Əgər bu xətt davamlı şəkildə dərinləşdirilərsə, "Yüksəliş" gələcəkdə milli kadr ehtiyatından savayı, bütövlükdə müasir Azərbaycan idarəetmə mədəniyyətinin aparıcı modellərindən birinə çevrilə bilər.
Oxşar xəbərlər
Yevlaxın bir hissəsində qaz kəsiləcək
Sabah Yexlax rayonunun bir hissəsinin təbii qazla təchizatında fasilə yaranacaq. BAKU.WS bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsal...