"Yəqin ki, yerində nəsə tikəcəklər" - Binəqədidə ağaclar niyə qurudulub?
Sakinlərin Baku TV-nin qaynar xəttinə ünvanladıqları şikayətə əsasən, paytaxtın 9-cu mikrorayon, Mircəlal küçəsi, 241 ünvanında ərazi hasarlanıb, çəpərlənən sahədə gediş-gəliş üçün yalnız kiçik bir keçid saxlanılıb.
Sakinlər bildirirlər ki, ərazidə ağaclar qurudulub və onların yerində hər hansı obyektin inşa olunacağından narahatdırlar.
Çəkiliş qrupu məsələni aydınlaşdırmaq məqsədilə sözügedən ünvanda olub.
"Yaşamaq üçün genişlik - həyət lazımdır, ağac lazımdır. Burada bir bina, orada başqa bina tikilsə, bəs bu ərazidə yaşayanlar necə olacaq?" - deyə sakinlərdən biri bildirib.
Başqa bir sakin isə qeyd edib: "Bina tikiləndən sonra ərazi çəpərləndi. Görünür, yerində nəsə tikiləcək".
Sakinlərin bir qismi bildirir ki, ərazi arxa tərəfdə yerləşən 144 nömrəli orta məktəbin stadionudur.
Məsələ ilə bağlı 144 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib ki, sözügedən ərazidə hər hansı tikinti işi aparılmır, mövcud ağaclar yerindədir: "Quruyan ağac budaqlarının ərazidən götürülməsi ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanıb. Bu sahədən uzun illər məktəbin stadionu kimi istifadə edilib. Ərazi məktəb hüdudlarının müəyyənləşdirilməsi və şagirdlərin təhlükəsizliyinin təmin olunması məqsədilə əvvəlki illərdə hasara alınıb.
Məktəb ümumi təmirə ehtiyacı olan təhsil müəssisələri siyahısına daxil edilib. Qarşıdakı illərdə əsaslı təmiri aparılacağı təqdirdə stadionun da yenidən qurulması nəzərdə tutulur".
Binəqədi Rayon İcra Hakimiyyətindən isə qeyd edilib ki, sözügedən ərazi təhsil müəssisəsinin balansındadır.
Oxşar xəbərlər
Beş il əvvəl sökülən evlərinin əvəzinə yeni mənzil ala bilməyən sakinlər tikinti şirkətindən ŞİKAYƏT ETDİLƏR
Beş ildir binaları sökülüb. Yeni mənzillərlə təmin olunacaqları vədi verilsə də, hələ də evsiz qalıblar. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bu sakinl...