Yeddi KOB subyektinə "Startap" şəhadətnaməsi verilib

İnnovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən azad olunan mikro və kiçik sahibkarların sayı 200-ü ötüb.
BAKU.WS xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
Bildirilib ki, "Startap" şəhadətnaməsi almaq üçün KOB subyektlərindən KOBİA-ya daha 9 müraciət daxil olub. Müraciətlərə Ekspertlər Şurasının növbəti iclasında baxılıb və onlardan 7-nə "Startap" şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bununla da "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 206-ya çatıb.
"Startap" şəhadətnamələri "Aprimus" MMC-nin tibbi xidmətlərin qeydiyyatı, nəzarət və analiz platforması, "Nomadman Studio" MMC-nin kompüter oyunlarının istehsalı, "Poolin Insurtech" MMC-nin "insurtech" sığorta həlləri üçün onlayn platforması, "Remart Digital Solutions" MMC-nin yaşayış kompleksləri üçün onlayn satış və biznes proseslərinin idarəetmə platforması, "Novalingua" MMC-nin xarici dillərin öyrədilməsi və qiymətləndirilməsi üçün süni intellekt əsaslı onlayn platforması, "Tokaz" MMC-nin elektrik avtomobilləri üçün şarj stansiyalarının idarə ediməsi üçün mobil tətbiqi və fiziki şəxs Bəhruz Qədirovun müəllif ideyalarını və layihələri investorlara təqdim etmək üçün onlayn platforması layihələri üçün verilib.
"Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla bu linkdən tanış olmaq olar.

Oxşar xəbərlər
Sabah Biləsuvarda əmək yarmarkası keçiriləcək
Aprelin 16-da Biləsuvar rayonunda növbəti əmək yarmarkası keçiriləcək. "Report"un Muğan bürosunun məlumatına görə, yarmarka Şirvan-Salyan Regional Məşğulluq fil...